Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xalqımız və dövlətimiz özünün qurucu xarakterini Kəlbəcərdə ləyaqətlə nümayiş etdirir

Xalqımız və dövlətimiz özünün qurucu xarakterini Kəlbəcərdə ləyaqətlə nümayiş etdirir


Bu gün Azərbaycanın həm coğrafi-strateji əhəmiyyətli nöqtələrindən, həm də dilbər guşələrindən biri olan Kəlbəcərin mənfur erməni işğalından azad edilməsindən 3 il ötür. Və bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə ilk dəfədir ki, Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. Biz bu qədim torpağımızın azadlıq bayramı sayılan 25 noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə bütün xalqımızı və xüsusən də kəlbəcərliləri ürəkdən təbrik edirik.

Ötən əsrin 90-cı illərinin əvvəllərində işğalçı Ermənistan tərəfindən etnik təmizləməyə, kütləvi qətliamlara məruz qalmış və nəticədə öz yurd-yuvasından qovularaq respublikamızın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olmuş, məcburi köçkünlüyün bütün ağrı-acılarını yaşamış Kəlbəcər camaatının bu gün ürəkdən sevinməyə haqqı var.

Torpaqlarımızın azadlığı uğrunda müqəddəs savaşımız sayılan 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər Ağdam və Laçın ilə bərabər Kəlbəcərin də canlı itki vermədən işğaldan azad edilməsinə vəsilə oldu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Ordumuzun qalibiyyəti işğalçı Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Qələbə nəticəsində 2020-ci il 10 noyabrda imzalanmış Üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Beləliklə, Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi bir güllə belə atılmadan işğaldan tam azad edildi. Bu, dünya hərb tarixi nöqteyi-nəzərindən həqiqətən də unikal hadisədir.

Çox təəssüf ki, Azərbaycanın təbiət incisi sayılan Kəlbəcər də Qarabağ və Şərqi Zəngəzurdakı digər ərazilərimiz kimi 27-28 illik işğal dönəmində erməni vandalları tərəfindən tamamilə dağıdılıb. Ermənistan ilə bilavasitə sərhəddə yerləşən və ərazisi mədəniyyət abidələri ilə, dini məbədlərlə zəngin olan Kəlbəcər ermənilər tərəfindən misli görünməmiş dağıdıcılığa, vəhşiliyə məruz qalıb. Belə ki, işğal dönəmində rayonun Qaraçanlı kəndində Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət Evi, Söyüdlü yaylağında Seyid Əsədulla ziyarətgahı Ermənistan silahlı qüvvələri tərəfindən vandal hərəkətlərə məruz qalıb. Bütövlükdə isə 27 il ərzində Kəlbəcərdə 51 tarix-memarlıq abidəsi, 82 mədəniyyət evi və klub, 80 kitabxana, 1 musiqi məktəbi, 1 muzey, məscidlər, ziyarətgahlar, Alban məbədləri ermənilər tərəfindən dağıdılıb və talan edilib.

Yırtıcı qəbilə təfəkkürü ilə yaşayan işğalçılar hətta 2020-ci il 25 noyabrda Kəlbəcəri tərk edərkən də vandallıqlarından əl çəkmədilər. Belə ki, onlar 27 il ərzində qanunsuz olaraq məskunlaşdıqları evlərimizi yandırdılar, meşələrimizi qırdılar, işıq dirəklərini sökdülər. Hətta unitazları da qucaqlarına alıb apardılar. Və bütün bu biabırçılıqlar dünya ictimaiyyətinin gözü qarşısında baş verdi. Bir sözlə, 2020-ci ilin noyabrın 25-də Kəlbəcərdə yaşanan vandalizm kimin kim olduğunu bütün dünyaya göstərdi. Həmin gün dünya ermənilərin dağıdıcı siması ilə bir daha yaxından tanış oldu. Bu mənada, noyabrın 25-i ermənilərin rəzalət günüdür.

Bizim xalqımız və dövlətimiz isə özünün qurucu xarakterini Kəlbəcərdə ləyaqətlə nümayiş etdirir. Kəlbəcərdən olan məcburi köçkünlərin öz doğma evlərinə qayıtması üçün hazırda rayon ərazisində geniş bərpa-yenidənqurma işləri aparılır. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Kəlbəcər rayonuna səfərlərii çərçivəsində Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində - Murovdağda inşa olunacaq tunelin, Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, rayondakı su istehsalı zavodunun təməli qoyulub. Həmçinin 960 şagird yerlik məktəbin, Yanşaq, Zar və Zallar kəndlərinin təməlqoyma mərasimləri baş tutub. Hərbi hospitalın, “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyalarının, yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışları olub.

Eləcə də təməlqoyma mərasimində Azərbaycan Prezidentinin də iştirak etdiyi İstisu qəsəbəsində yeni gözəl mehmanxana və müalicə mərkəzi yaradılır. Hazırda rayon ərazisində çoxsaylı yaşayış evləri, inzibati binalar, əhaliyə sosial xidmət mərkəzləri tikilməkdədir. Bir sözlə, kəlbəcərlilərin tezliklə öz yurd yerlərinə qayıdışı üçün genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Bütün işlər “Böyük Qayıdış” Proqramına uyğun olaraq icra edilir. İnanırıq ki, Kəlbəcərin postmüharibə dönəmi möhtəşəm olacaq. Bura Azərbaycanı dünyada tanıtdıran turizm mərkəzlərindən birinə çevriləcək. Odunuz-ocağınız həmişə yanar olsun, əziz kəlbəcərlilər!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş