Mehmet Yüce: "Azərbaycan-Türkiyə universiteti çoxdan yaranmalı idi"
30 ildən artıqdır ki, Azərbaycanda, İqtisad Universitetinin (UNEC) nəzdində uğurlu fəaliyyət göstərən Türk Dünyası İqtisad Fakulttəsi bu illər ərzində savadlı kadr potensialının formalaşması, milli ruhda, türk ruhunda gənclərin yetişməsi prosesinə mühüm töhfələr verib. Fakultə təkcə Azərbaycan daxilində deyil, eləcə də Türk coğrafiyasına daxil olan ölkələrlə də sıx əməkdaşlıq qurub. Bəs görəsən Türk Dünyası İqtisad Fakultəsinin 2024-cü illə bağlı planları nələrdir və bu il ərzində qeyd edilən istiqamətlərdə hansı addımlar atmağı düşünür. Bu və ya digər suallarla Türk Dünyası İqtisad Fakultəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce ilə söhbətləşdik.
-Mehmet bəy, Türk Dünyası İqtisad Fakultəsi olaraq 2024-cü ilə hansı planlarla gedirsiniz və il ərzində nə kimi yeni fəaliyyətlər ortaya qoyulacaq?
-Türk Dünyası İqtisad Fakültəsi 30 ildən artıqdır ki, Azərbaycanın təhsil və təlim sahəsinə mühüm töhfələr verir və bundan sonra da öz töhfəsini verəcəkdir. Bu fakültəni bitirən tələbələr ölkənin hər bir sahəsində mühüm vəzifələrdə çalışırlar. Çünki fakültəmizi bitirən tələbələrimiz həm savadlı, həm də vətənpərvərdirlər. Bu, təbii olaraq məzunlarımızın davranışlarında da özünü göstərir. Məzunlarımız Azərbaycana xeyir vermək üçün qeyri-adi səylər göstərirlər. Məhz bu səyin nəticəsidir ki, məzunlarımızın hər biri işlədiyi yerdə nümunəvi insan, vətəndaş kimi göstərilir.
Sirr deyil ki, qloballaşan və rəqəmsallaşan dünyada təhsil sahəsində də böyük dəyişikliklər var. Universitet və professor-müəllim heyəti olaraq bu dəyişikliklərə uyğunlaşmaq üçün böyük səylər göstəririk. Bu çərçivədə bacardığımız qədər Avropanın, xüsusilə Türkiyə və Türk dünyasının önəmli universitetləri ilə əməkdaşlıq edirik. Dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində rektorumuz professor Ədalət Muradov səylər göstərir. Bu il rektorumuz Türk Dünyası Universitetləri Birliyinin prezidenti vəzifəsini icra edir. Rektorumuzun sədrliyi dövründə Türk Dünyası Universitetləri arasında daha sistemli əməkdaşlığın qurulması gözlənilir.
-Türk Dünyası İqtisad Fakultəsinin digər türk dövlətlərində olan oxşar qurumlar, fakultələrlə əməkdaşlığı necə qurulur?
-Fakültə olaraq Türkiyənin və Türk Dünyasının önəmli universitetləri ilə birgə konqreslər, konfranslar təşkil edirik. Erasmus proqramı ilə Avropa universitetləri ilə, Orhun proqramı ilə isə Türk dövlətlərinin universitetləri ilə tələbə və müəllim mübadiləsi proqramında iştirak edirik. Məzun olan tələbələrimizin çoxu Türkiyə və Avropada magistratura proqramlarına qəbul olunur. Bu universitetlərlə də birgə elmi layihələr həyata keçiririk. Digər tərəfdən, müəllimlərimiz tələbələrimizin dərs materialına olan ehtiyaclarını ödəmək üçün dərsliklər yazmağa davam edirlər. Tələbələrimizin elmi qabiliyyətlərini ölçmək üçün iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və hüquq sahələrində mini olimpiadalar təşkil edirik. Eləcə də tələbələrimizdə milli şüurun artırılması üçün Azərbaycan tarixi, ədəbiyyatı, Qarabağ zəfəri mövzusunda müsabiqələr təşkil edirik.
-Fakultə olaraq Türk dünyasının birlik və bərabərliyi, bu birliyin daha da möhkəmlənməsi üçün hansı işlər görürsünüz?
-Azərbaycan, Türkiyə və Türk Dünyası üçün önəmli günləri tələbə və müəllimlərimizin iştirakı ilə anırıq. Tanınmış akademiklərlə rəqəmsal müsahibələr təşkil edərək, professor-müəllim heyətimizin və tələbələrimizin biliklərini təkmilləşdirməyə çalışırıq. Türk Dövlətləri Təşkilatının tərkibində fəaliyyət göstərən qurumlar və Türk Dövlətlərinin səfirlikləri ilə birgə proqramlar təşkil edərək tələbələrimizi bu coğrafiyanın dəyərləri ilə tanış edirik. Bundan əlavə, biznes assosiasiyaları, şirkətlər və müvafiq dövlət qurumları ilə əməkdaşlıq edərək tələbələrimizin iqtisadi həyatın reallıqlarına uyğun təhsil almalarını təmin edirik.
-Türk dünyasının ortaq universitetinin yaradılması istiqamətində fəaliyyətlər hansi mərhələdədir, bununla bağlı nə deyə bilərsiniz?
-Gec də olsa Azərbaycan-Türkiyə müştərək universitetinin açılması istiqamətində işlər davam edir. Bununla belə, həll edilməli olan bəzi məsələlər var. Əslində bu universitetin yaranmasında Hoca Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universiteti və Qırğızıstan-Türkiyə Manas Universitetini nümunə götürmək olar. Türk dövlətləri arasında ən sıx əməkdaşlıq şəraitində olan Azərbaycan və Türkiyə arasında əməkdaşlığın təhsil sahəsində lazımi şəkildə əksini tapmaması təhsil ictimaiyyəti üçün acınacaqlı vəziyyətdir. Azərbaycan-Türkiyə universiteti çoxdan yaranmalı idi. Bununla bağlı ləngimə olsa da, Azərbaycan-Türkiyə Universitetinin yaranma mərhələsinə çatması sevindirici haldır. Eyni zamanda Türkiyə ilə Azərbaycanda mövcud olan universitetlər arasında sistemli əməkdaşlıq yolu ilə hər bir universiteti Türk Dünyası universitetinə çevirmək lazımdır. Bu kontekstdə ilk növbədə universitetlərin tədris proqramları və dərs məzmunları (silabus) uyğunlaşdırılmalı, hər bir universitetdə digər Türk Cümhuriyyəti professorları, müəllim və tələbə heyəti üçün kvota ayrılmalı, akademiklər üçün iş və yaşayış icazəsi öhdəliyi ləğv edilməli, universitetlərin birgə fakültələr yaratması təşviq edilməlidir.
Süleyman İsmayılbəyli