Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Misirdə Azərbaycan dilini öyrənmək istəyənlərin sayı çoxalır

Misirdə Azərbaycan dilini öyrənmək istəyənlərin sayı çoxalır


Seymur Nəsirov: “Ölkəmizi təbliğ etməyin ən başlıca yollarından biri də məhz Azərbaycan dilini təbliğ və tədris etməkdir”

Artıq uzun illərdir ki, Misirdə Azərbaycan dilinə böyük maraq hiss edilir. Misirin nüfuzlu universitetlərində təhsil alan müxtəlif ölkələrin gənclərində Azərbaycan dili, ümumən Azərbaycana olan marağın formalaşması, ölkəmizə diqqətin artmasına müsbət mənada təsir göstərən amillərdən biri bu ölkədə Misir-Azərbaycan Dostluq Cəmiyyətinin uğurlu fəaliyyətidir. Məhz sözügedən cəmiyyətin fəaliyyəti dövründə istər misirlilər, istərsə də bu ölkədə təhsil alan xarici ölkə gəncləri arasında Azərbaycana qarşı böyük maraq yaranıb. Maraqlıdır ki, ölkədə Misir-Azərbaycan Dostluq Cəmiyyəti misirlilər, həmçinin bu ölkədə təhsil alan xarici ölkə gəncləri arasında Azərbaycana marağı necə formalaşdırır? Bu və ya digər suallarla cəmiyyətin sədri Seymur Nəsirovla söhbətləşdik.

-Seymur bəy, Siz uzun illərdir Misirdə yaşayırsınız və bu ölkədə Azərbaycan dilini tədris edirsiniz. Bildiyimiz qədər Misirdə Azərbaycan dilinə maraq da var. Maraqlıdır ki, istər misirli gəncləri, istərsə də bu ölkədə yaşayan digər ölkələrin gənclərinin Azərbaycan dilinə olan marağı haradan qaynaqlanır, bir təhlil aparmısınızmı ki, onları Azərbaycana, Azərbaycan dilinə cəlb edən nədir?

-Məlumat üçün qeyd edim ki, 1995-ci ildə ilk dəfə Misirə gələndə burada Azərbaycanı tanıyan, Azərbaycan sözünü bilənlərin sayı demək olar ki, yox dərəcəsində idi. Çünki bir əsrə yaxın keçmiş SSRİ-nin tərkibində yaşamışdıq və həmin illərdə Azərbaycanın əldə etdiyi bütün nailiyyətlər SSRi adıyla təqdim edildiyi üçün ölkəmizi tanıyanlar məhdud sayda idi. Ona görə də ölkəmizi təbliğ etməyin əsas yolu kimi düşündüm ki, ilk növbədə Misirdə tədqiqatlar aparıb burada Azərbaycanla bağlı kitablar, məqalələr yazmaq lazımdır. Qısa müddət keçəndən sonra Azərbaycanla bağlı tədqiqatlara başladım. Ərəb mənbələrində apardığım araşdırmalar zamanı Azərbaycanın Şərqin inkişafına böyük töhfələr vermiş bir diyar olduğunun canlı şahidinə çevrildim. Bu yolla da Azərbaycanı təbliğ etməyə başladım. Məlumat üçün qeyd edim ki. bu günə qədər ərəb mənbələrinə istinad edərək 250-dən artıq azərbaycanlı ailm haqqında kitablar yazmışam və ərəb mediasında çoxlu sayda məqalələr dərc etmişəm. Bura həm elmi, həm də publisistik məqalələr aiddir.

Həmçinin, Misirdə keçirilən çoxlu sayda konfranslarda da həm qeyd etdiyim mövzular, həm də Azərbaycanın dünyanın, xüsusilə Şərqin inkişafında oynadığı rol barədə çıxışlar etmişəm. Qeyd etmək istərdim ki, hər bir ölkənin başlıca təbliğat yollarından biri də həmin ölkənin dilini təbliğ etməkdir. Hər kəsə bəllidir ki. hansısa ölkədə təbliğat aparmaq üçün ilk növbədə həmin ölkənin psixologiyasını, xüsusilə də dilini yaxşı bilmək lazıdmır. Cənab Prezident hər zaman diaspor nümayəndələri ilə görüşündə də dəfələrlə bildirib ki, yaşadığınız ölkənin dilini, adət-ənənəsini yaxşı öyrənin.

Eyni zamanda öz ailənizdə də onu təbliğ edin ki, dilimiz, adət-ənənlərimiz unudulmasın. Onu da qeyd edim ki, dili təbliğ etmək həmçinin öz xalqının mədəniyyəti, adət-ənənələrini təbliğ etmək deməkdir. İlk dəfə Misirə gələndə biz Misirdəki dünyanın ən qədim və ən böyük universitetlərindən biri olan Əl-Əzhər universitetinin tələbə yataqxanasında qalırdıq. Bu gün Əl-Əzhər universitetində dünyanın 115 ölkəsindən 70 mindən çox tələbə təhsil alır. Təhsil ocağının tələbələrinin sayı isə ümumilikdə yarım milyondan çoxdur. Yataqxanada qaldığımız illərdə oradakı ayrı-ayrı ölkələrdən olan tələbələrə Azərbaycan dilini, müəyyən kəlmələri öyrətməyə çalışırdıq. Eyni zamanda onların da gündəlik həyatda istifadə etdikləri kəlmələri, sözləri öprənirdik.

Hazırda da 20-dən artıq dildə zəruri kəlmələri, cümılələri bilirəm. Misirdə fərqli-fərqli universitetlərdə türk dilini öyrənən tələbələrlə də ünsiyyət qurmağa başladım. Onlara hər zaman deyirdim ki, Siz Türkiyə türkcəsini bilirsinizsə, o zaman Azərbaycan dilini də rahat şəkildə öyrənə bilərsiniz. Beləliklə, bu şəkildə Azərbaycan dilini təbliğ etməyə və öyrətməyə başladıq. 2006-cı ildə ailə həyatı qurduqdan sonra artıq bizim evimiz Azərbaycan dilini öyrənmək istəyən tələbələr üçün bir mərkəzə çevrildi. Beləliklə, ailəvi olaraq evimizdə könüllü şəkildə Azərbaycan dilini öyrətməyə başladıq. 2013-cü ildə artıq qərara gəldik ki, bu işləri görmək üçün bizim mərkəzimiz olmalıdır. Çünki evdə dərs keçmək, tədris etmək qanunla doğru deyil, qəbul olunmur. Düzdür, bizim fəaliyyətimiz könüllü idi və heç bir maddiyat tələb etmədən həyata keçirildiyi üçün bizə heç bir problem yaratmırdılar. Ancaq bu işi daha geniş miqyasda həyata keçirmək üçün mütləq hər hansı bir mərkəzin olması lazım idi. Beləliklə, 600 kvadrat metr sahəsi olan bir bina aldıq.

Bu günə qədər özüm Misirdə kirayədə yaşasam da, bu gün burada olan bütün azərbaycanlılar deyə bilər ki, bizim Misridə bir evimiz, Azərbaycan mədəniyyətini, həqiqətini təbliğ edən mərkəzimiz var. Hazırda burada dünyanın 57 ölkəsindən 600-dən artıq tələbə Azərbaycan dili başda olmaqla müxtəlif fənlər üzrə ödənişsiz təhsil alır. 10 il bundan əvvəl Azərbaycan dilinin kütləvi şəkildə tədrisinə başladıq. Onu da deyim ki, mən 2016-2017-ci tədris ilindən etibarən Qahirə universitetində rəsmi olaraq Azərbaycan dilinin tədrisinə başlamışam. Bu günə qədər 1400-dən artıq tələbəyə Azərbaycan dilini öyrətmişəm. Yaxın günlərdə universitetdə yeni qrup üçün Azərbaycan dilinin tədrisinə başlanılacaq. Həyat yoldaşın İnarə Osmanova da Əl-Əzhər universitetinin humanitar fənlər fakultəsində Azərbaycan dilini tədris edir. Diaspor təşkilatlarının sədrləri ilə görüşəndə çox vaxt heyranlıqla bildirirlər ki, Seymur müəllim, sizin tələbələri görəndə çox qürur hissi keçiririk. Necə olub ki, siz bu qədər tələbələri Azərbaycan dilini öyrənməyə cəlb edə bilmisinizz? Mən də hər zaman onlara qısa olaraq deyirəm ki, əgər bir işi ürəkdən sevirsənsə, onun həllini tapmaq daha rahat olur, daha asan başa gəlir. Məncə ölkəmizi təbliğ etməyin ən başlıca yollarından biri də məhz Azərbaycan dilini təbliğ və tədris etməkdir. Ona görə də bu istiqamətdə var gücümlə çalışıram.

Ən önəmli səbəblərdən biri Misirdə həyata keçirdiyim fəaliyyətlərdir. Bildiyiniz kimi mən 21 ildir ki, Misirdə xarici tələbələrlə işləyirəm. Eyni zamanda xeyriyyə fondları, müəssisələr qurmuşam. Bir sözlə Misirdə xeyriyyə fəaliyyətlərim çox genişdir. Beləliklə, fəaliyyətimizlə insanların sevgisini qazana bilmişik. Onu da deyim ki. cəmiyyətimizdə, müəssisələrdə fərqli-fərqli fəaliyyətlər mövcuddur. İnsanlar da görür ki, Seymur Nəsirovla əlaqə qurmağın yeganə yolu onun dilini öyrənmək, ölkəsinə diqqət yetirməkdir. Seymur Nəsirovla əlaqələrin qurulması onun rəhbərlik etdiyi fəaliyyətlərin çoxundan faydalanmaq deməkdir. Biz bu gün sadəcə Azərbaycan dilini tədris etmirik. Eyni zamanda Azərbaycan dili ilə yanaşı ərəb dili, xəttatlıq, dekarasiya sənəti, Qurani Kərimin qiraəti, Azərbaycanın xalçaçılıq sənətini öyrədir, təbliğ edirik. Məlumat üçün qeyd edim ki, keçən il ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı Azərbaycanın xalçaçılıq və muğam sənətinin tədrisinə başladıq. Bu gün də həmin iş davam edir və gün-gündən fəaliyyətimiz genişlənir, inkişaf edir. Bizə olan marağın artmasının başqa bir səbəbi isə sosial media üzərindən Azərbaycanla bağlı daha çox təbliğat aparmağımızdır. Bildirmək istəyirəm ki, 6 ay əvvəl yaratdığım Seymur Nəsirov səhifəsində Azərbaycanı təbliğ etmək məqsədilə hətta ödənişli reklamlar da yerləşdirirəm. Təxminən 14 milyon şəxs bizim Azərbaycanla bağlı həmin təbliğat məqsədli reklamımızı görüb. Eyni zamanda bir tədqiqatçı kimi Azərbaycanın böyük nailiyyətlərini, yəni ərəblərin qəbul edə biləcəyi tədqiqatları da yaydığım üçün insanların daha çox rəğbətini qazana bilirik.

Məsələn, bütün ərəb mənbələri yekdilliklə Səlahəddin Əyyubinin, əyyubilər sülaləsinin Azərbaycandan olduğunu qeyd edir. Bildiyiniz kimi Tunisdən Yəmənə qədər böyük əraziyə sulatnlıq etmiş, Misiri işğaldan qurtarmış, səlib yürüşünün qarşısını alaraq onları darmadağın etmiş Səlahəddin Əyyubinin azərbaycanlı olduğunu bütün ərəb mənbələri qeyd edir. Onun atası, babasının Azərbaycanda doğulduğu, sonradan ərəb ölkələrinə köçdüyü yekdilliklə qəbul olunur. Səlahəddin Əyyubi ərəblərin qəlbində böyük bir sevgi qazzanmış şəxsdir. Bu amili də nəzərə alaraq ərəblər bizim ölkəmizi daha çox sevirlər. Yaxud, başqa bir misal da çəkə bilərəm. Məsələn, Misirin baş həkimi Fətullah ibn Nəfis, baş qazisi Əftaladdin Xunci azərbaycanlı olub. Eləcə də Misirin ən məşhur muğam ustası Seyid Nəqşibəndinin babasının Azərbaycandan Misirə köçdüyünə dair məlumatları ərəb mənbələrindən ortaya çıxararaq bu şəkildə vətənimizi təbliğ etməyə çalışırıq və bununla insanların rəğbətini qazanırıq. Başqa səbəblərdın biri də tədrisin ödənişsiz olmasıdır. Yəni bütün fəaliyyətlərimiz ödənişsizdir. Heç bir tələbədən maddi ödəniş tələb edilmir. Bu fəaliyyətlərin hamısını özüm təşkil edirəm.

-Əsasən hansı ölkələrin gəncləri Azərbaycan dilini öyrənməyə üstünlük verirlər?

-Bizim tədris proqramımızda təhsil alan tələbələrin 30 faizi misirlilərdən ibarətdir. Təqribən 70 faiz isə fərqli ölkələrdən olan tələbələrdir. Misirdə təhsil alan başqa xalqların nümayəndələri də son illərdə Azərbaycan dilini öyrənməyə üstünlük verirlər. İndoneziya, Suriya, Yəməndən olan tələbələr Azərbaycan dili dərslərində iştirak edirlər. Tələbələrlə əlaqələri inkişaf etdirmək üçün sosial şəbəkə üzərindən qruplar yaratmışıq. Düşünürəm ki, bütün tələbələri bir araya toplaya biləcək xüsusi bir qrup da yaratmaq lazımdır. Bu gün dünyanın 85 ölkəsində xidmət göstərdiyimiz tələbələr var və onların arasında professorlardan tutmuş, universitet müəllimlərinə qədər çoxlu sayda ziyalı insanlar var. Onlarla şəxsən çox yaxın əlaqələrim var və bu da Vətənimizin dostlarının sayının artmasını göstərir. Onlar da hər zaman vətənimizlə bağlı müsbət fikirlərini söyləyirlər. Düşünürəm ki, gördüyümüz bu fəaliyyətlər Vətənimiz üçün çox önəmldiir.

-Azərbaycan dilini bitirən həmin gənclərə sertifikat və ya diplom verilirmi?

-Fəaliyyətimiz zamanı ölkələrimiz arasında dostluq-qardaşlıq əlaqələrini də hər zaman önə çəkirəm. Bunun üçün çoxlu sayda müsabiqələr təşkil edirik. Müsabiqənin müəyyən mərhələlərini keçən şəxslərə sertifikat təqdim edirik. Onu da qeyd edim ki, bizim diaspora fəaliyyətimiz rəsmi olaraq Misir-Azərbaycan Dostluq Cəmiyyəti nəzdində işini qurub. Misir-Azərbaycan Dpstluq Cəmiyyəti isə bu ölkədəki Həmrəylik Nazirliyi nəzdində olan rəsmi bir qurumdur. Maksimum çalışıram ki, vətənimzi təbliğ edim.

-Sirr deyil ki, bütün bu fəaliyyətləriniz maddiyat tələb edir. İstər kursların təşkili, müəllimlərin çalışması, istər sertifikatların verilməsinə müəyyən vəsait lazım olur. Maraqlıdır, bütün bunların qarşılığını, yəni maddi tərəfini necə, yaxud haradan qarşılayırsınız? Bu prosesdə Sizə Misirdəki səfirliyimiz, yaxud Azərbaycanın müvafiq qurumları dəstək verirmi?

-İndiyə qədər etdiyim fəaliyyətlərə görə heç bir qurumdan maddi dəstək tələb etməmişəm, etmək niyyətim də yoxdur. Sistemi elə qururam ki, davamlı bir şəkildə olsun və kiminsə dəstəyinə ehtiyacım qalmasın. Diasporla İş üzrə Dövlət Komitəsi bir neçə dəfə mənə maddi dəstək təklif etsə də, buna ehtiyacım olmadığını bildirmişəm. Həm istəmirəm ki, Misirdə məni xaricdən maliyyələşən qurum kimi təqdim etsinlər. Bu, Misirdə yaxşı qarşılanmır. Eləcə də qeyd etdiyim kimi başqalarından da heç bir maddi istəyim olmur. Bir daha qeyd edirəm, elə bir sistem qurmuşam ki, uzun illər bu şəkildə davam edə bilərik. Gələcəkdə cəmiyyətin özünümaliyyələşdirəcək bir layihəsinin olmasına çalışıram ki, həmin layihə çərçivəsində cəmiyyət özünü maliyyələşdirsin. Artıq bunun addımlarını atmışam. Səfirliklə əlaqələrimizə gəlincə, səflirklə çox yüksək münasibətlərimiz var. Həmçinin, Diasporla İş üzrə Dövlət Komitəsi ilə də yüksək səviyyədə əlaqələrimiz mövcuddur.

-Bəs, mərkəzdə fəaliyyət göstərən müəllimlərin əmək haqları necə qarşılanır?

-Mərkəzdə tədris prosesi ilə məşğul olan müəllimlərin maaşlarının bir hissəsini özüm qarşılayıram, digər hissəsini isə dostlarımızla bir yerdə təşkil edirik.

-İldən-ilə Azərbaycan dilini öyrənmək istəyən gənclərin sayında artım müşahidə edilir, yoxsa əksi?

-Misirdə Azərbaycan dilini öyrənmək istəyənlərin sayı gün-gündən çoxalır. Baxmayaraq ki, kurslarımız yeni başlayıb, ancaq hazırda yüzlərlə tələbə növbə gözləyir ki, növbəti kurslarda onlar da proqrama qatılsınlar. Təkcə Azərbaycan dili deyil, eləcə də digər fənlər üzrə də tələbələr gözləmə sırasındadır ki, bizim kurslarda iştirak etsinlər.

Süleyman İsmayılbəyli
Xəbəri paylaş