Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zavallı yararsızlar

Zavallı yararsızlar


Keçirilmiş seçkilərlə bağlı bizim bəla-siyasətciklərimizin siyasi davranışını obyektiv dəyərləndirmək üçün onların məsələyə münasibətinin dinamikasını konkret ifadələrlə əks etdirək - əvvəlcə “nəyə lazım bu tələsik”, sonra “bizim hazırlıq üçün çox az vaxtımız var”, “boykot”, ardınca “seçkilərin nəticələrini tanımırıq” və nəhayət “qalibin heç bir reytinqi yoxdur”. Radikalların seçkilərə olan münasibətinin məzmununu əks etdirən bu ifadələr belə yetərlidir ki, açıq qərəzi hiss edə bilək. Burada mübarizə aparmaq niyyəti belə hiss olunmur. Hədəf yalnız təxribat xarakterli situasiyaların yaradılmasıdır. Qeyd olunan amil prinsipial xarakterlidir və yaşanan hadisələrə şəxsi münasibətin formalaşdırılması prosesində sadalananlar mütləq nəzərə alınmalıdırlar.

AZƏRTAC xəbər verir ki, bu fikirlər politoloq A.Adil “Zavallı yararsızlar” sərlövhəli məqaləsində yer alıb.

“Azərbaycan xalqı üçün heç bir faydası olmayan bu zavallı yararsızların seçkilər ətrafında qurduqları oyunların son manipulyasiyalarına da diqqət yetirək. Radikalların bütün hiylələri mütləq ifşa olunmalıdır ki, onların çevrilməmiş “kartları” qalmasın. “Kirli” siyasi texnologiyaların ifşası həm də ona görə lazımdır ki, bunun nəticəsində sən öz rəqibini təmiz rəqabət aparmağa vadar edə biləsən. Əlbəttə, “təmiz” və “sağlam” münasibətlər olan yerdə radikal təfəkkürə yer yoxdur. Belə ki, müxalifət düşərgəsinin kömürlə çalışan və paslı lokomotivi hesab olunan AXCP və Müsavatın liderlərinin ötən həftə “BBC News Azərbaycan” kanalına verdikləri müsahibənin məzmununa diqqət yetirən zaman insanın dilinə yalnız “zavallı yararsızlar” ifadəsi gələ bilər. Meyxana deyişməsinə bənzəyən bu veriliş zamanı biz yenə də gələcəklə bağlı heç bir fikir eşidə bilmədik. Axı özünü “siyasi qüvvə” hesab edən bu zavallılar gələcəyə dair heç bir yanaşma və təklifi olmadığı təqdirdə, öz kadr potensialını necə artırmaq istəyirlər? Ona görə də bu təxribatçıların tək ümidi qarışıqlıq və küçə iğtişaşlardır. Bəzi ölkələrin uğursuz təcrübəsini nəzərə alaraq, vətəndaşlarımız tərəfindən qeyd olunan təsbit növbəti siyasi aksiom kimi qəbul olunmalıdır”, - deyə politoloq vurğulayıb.

A.Adil qeyd edib ki, əlbəttə, hər bir seçki qərəzli təxribatlar üçün universal fürsətlər yaradır. Beynəlxalq təcrübə açıq şəkildə onu göstərir ki, istənilən ölkənin siyasi sistemi üçün təhdidlərin sayı məhz seçkilər zamanı xüsusi olaraq artır. Heç şübhəsiz, müşahidə olunan bu cür tendensiyanın təsadüfi adlandırılması, yumşaq desək, böyük sadəlövhlükdür. Yuxarıda qeyd olunan verilişin təşkili də məhz seçkilər ətrafında təxribat xarakterli situasiyaların yaradılması istəyi ilə bağlıdır. Təəssüf ki, bu bəla-siyasətciklər öz siyasi fəaliyyətlərini və siyasətdə rəqabəti yalnız manipulyasiya və təxribatlarda görürlər. Görünən odur ki, bunların başa düşdükləri yeganə dil “güc” dilidir. Qeyd edək ki, onların bu cür yanaşması özü belə təxribat xarakterlidir. Çünki bu cür yanaşma təhrikedicidir.

“Yuxarıda qeyd olunan və meyxana deyişməsinə bənzəyən verilişdə təkcə ritmi tutmağa kömək edən çırtmavuran çatışmırdı. Əslində, çırtmavuranlar Qərbin polittexnoloqlarıdır. Onların mövcudluğu və dəst-xəti həm veriliş zamanı qonaqlara verilən suallarda, həm də qonaqların cavablarında açıq şəkildə hiss olunurdu. Əlbəttə, sözügedən veriliş bilavasitə təxribatlar silsiləsinin davamıdır. Bu konteksti də öz təhlillərimizdə əsla unutmamalıyıq.

Qərbin tələ torlarına düşən siyasişivənlər hərəkət etdikcə bu torun içində daha da boğulurlar və xalqın gözü qarşısında rüsvay olurlar. Belə ki, qeyd olunan veriliş demaqoqlarımızın siyasi rəzilliyin növbəti təcəssümü idi. Gəlin birlikdə verilişin strateji təyinatına diqqət yetirək. Bunu etmək çox asan işdir, çünki verilişin qonaqları Əli Kərimli və Arif Hacılı öz əsl niyyətlərini gizlətməyə belə çalışmırdılar. Veriliş zamanı onların hətta bir-birinə qarşı olan dözümsüzlüyü belə hiss olunurdu. Ancaq bu məsələ digər yazının mövzusu ola bilər. Mövcud halda görünən o idi ki, onlar, sadəcə, ödəniş edən və maliyyəni ayıran sifarişçinin arzuladığı musiqini çalırdılar. Bu iki siyasətçi tərəfindən veriliş zamanı oxuduqları meyxananın qafiyəsi belə öncədən hazır idi: “Qaraçılıq etdim belə, harayıma çatmadı. Qaçırtdım fürsətləri. Bircə qalıb bu reytinq söhbəti”. Xalqın və ölkənin tarixində yeni qürur səhifəsinin müəllifi, habelə seçkilərdə açıq üstünlüyə malik olan və 92 faizdən artıq seçici səsi yığmış qalib Ali Baş Komandanın ünvanına “onun heç bir reytinqi yoxdur” sözlərinin deyilməsi yalnız tamamilə tükənmişliyin və acizliyin təzahürü ola bilər. Ancaq bu, təkcə onların acizliyi deyil, bu hal həm də onlar üçün ssenari yazanların acizliyinin əlamətidir”, - deyə politoloq diqqətə çatdırıb.
Xəbəri paylaş