Azərbaycanda internet resurslarda, sosial şəbəkələrdə və ümumiyyətlə cəmiyyətimizdə Milli dəyərlərimizə, mentalitetimizə uyğun olmayan təhqiredici ifadələrin sərbəst özünü ifadə, münasibət və ya tənqid kimi anlayışlarla alternativ şəkildə işlədilməsi halı kritik həddə çatıb. Həqiqətən belə yolverilməz ifadələri işlədənlərin çoxu sosial və psixoloji cəhətdən natamam adamlardır. Həmçinin cəmiyyətimizdə hələ də təhqiredici anlayışların fərqinə varmayanlar da çoxdur və belə anlayışların izahına və cəmiyyətimizin maarifləndirilməsinə həqiqətən ehtiyac var.
Bu anlayışların müəyyən qədərdə olsa izahını vermək yerinə düşər. Təhqir - şəxsin şərəf və ləyaqətini alçaltmaq, etik davranış qaydalarından kənar ifadələrin işlədilməsi, əxlaq və mənəvi dəyərlərə hörmətsizlik deməkdir. Təhqirin obyekti şəxsiyyətin şərəfi, ləyaqəti və nüfuzudur. Bildiyimiz kimi, şərəf - şəxsə verilən ictimai qiymətdir, yəni kənarın şəxsə verildiyi qiymət. Ləyaqət isə - şəxsin özünün özünə verdiyi qiymətdir yəni, şəxsin özünə verdiyi dəyər və qiymət. Başqa şəxslər tərəfindən şəxsə verilən qiymət isə nüfuzdur yəni, həmin şəxsin cəmiyyətdə, həyatda tutduğu yer və mövqe.
Azərbaycan Respublikası qanunvericiliyi hər bir şəxsin şərəfini, ləyaqətini və nüfuzunu qoruyur və bu normalar Azərbaycan Respublikasının Konstitusiyasında əksini tapıb. Hər hansı bir şəxsin nüfuzunun, şərəf və ləyaqətinin aşağılanması hüquqi məsuliyyət yaradır, müvafiq olaraq əmələ görə cəza tədbirləri (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri) müəyyən edilmişdir. Bundan başqa, hər hansı bir şəxsin nüfuzu, şərəf və ləyaqəti aşağılanıbsa həmin şəxs mülki qaydada öz hüquqlarını qoruya bilər və qarşı tərəfdən təzminat, kompensasiya və publik üzr istəməyi tələb edə bilər.
O ki, qaldı qüvvədə olan qanunvericiliyin effektliyinə sözsüz ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148-ci maddələrdə göstərilən əməllərə (böhtan, təhqir) görə sanksiyaların sərtləşdirilməsinə ehtiyac var. Müasir dövrümüzün yaratdığı internet imkanlarının qara niyyətlər naminə böhtan, təhqirdən istifadə sözsüz ki, cəmiyyətimizdə narahat edici vəziyyət yaradıb. Söyüş, təhqir və böhtana görə qanunların sərtləşdirilməsi sosial və ictimai tələbata çevrilib.
Mənəvi və əxlaqi dəyərlərimizə, milli mental özəlliklərimizə, inancımıza, adət-ənənələrimizə xələl gətirən söyüş və təhqirin geniş yayılaraq adiləşməsinə yol vermək olmaz. Bunun qarşısını həm qanunla həmdə, ictimai qınaqla almağa borcluyuq.
Vüqar Dadaşov