Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin andiçmə mərasimindəki çıxışından nəticə çıxarmalı olan qurumlar hansılardır?

Prezidentin andiçmə mərasimindəki çıxışından nəticə çıxarmalı olan qurumlar hansılardır?


Növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanan İlham Əliyev fevralın 14-də andiçmə mərasimində proqram xarakterli və gələcək hədəfələri özündə müəyyən edən çıxışı zamanı bir sıra vacib məqamlara toxundu. Dövlət başçısının çıxışında müəyyən sahələrə xüsusi diqqət ayırması və həmin sahələrdə daha çox işlərin görülməsini tövsiyə etməsi öz-özlüyündə Prezidentin qeyd etdiyi sahələrə cavabdeh olan dövlət qurumları və onların rəhbərlərindən narazılığından xəbər verirdi. İlham Əliyev bununla həmin qurumlara və onların rəhbərlərinə fəaliyyətlərində dönüş yaratmağı tövsiyə etmiş oldu. Bəs Prezident andiçmə mərasimində çıxışı zamanı dolayısıyla hansı qurumların fəaliyyətindən o qədər də razı qalmadığını ifadə edirdi?

Bunu müəyyən etmək üçün dövlət başçısının andiçmə mərasimindəki çıxışına diqqət edək. İlham Əliyev deyir:

“Əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Bu məsələyə çox ciddi yanaşmalıyıq və mən bunu əsas vəzifələrdən biri kimi qarşıya qoyuram. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir”.

Prezident İlham Əliyevin fikirlərindən belə nəticəyə gəlmək olar ki, dövlət başçısı Gənclər və İdman Nazirliyinin işindən o qədər də razı deyil. Sözügedən nazirlik ötən müddət ərzində idman sahəsində uğurlu fəaliyyət göstərmiş olar. Bunu istisna etmirik. Ancaq görünür gənclərlə iş sahəsində fəaliyyət yetərincə olmadığı üçün dövlət başçısı bu istiqamətdəki fəaliyyətdən narazıdır. Bundan nəticə çıxarmaq üçünsə ölkə rəhbəri qarşıya konkret vəzifələr qoyur:

“Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın”.

Cənab İlham Əliyev konkret ad çəkməsə də, söhbətin Gənclər və İdman Nazirliyindən getdiyi gün kimi aydındır.
Prezident İlham Əliyevin çıxışı zamanı narazı qaldığı sahələrdən birinin də təhsil sahəsi olduğunu dövlət başçısının fikirlərindən aydın görmək mümkündür. Cənab İlham Əliyev “Müzəffər gənclərimizin yetişdirilməsində Azərbaycan məktəbinin çox böyük rolu vardır. Məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı, milli ləyaqətlə bağlı, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, - təkcə son 30 il ərzində yox, - torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması ilə bağlı və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır. Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur” deməklə əslində Təhsil Nazirliyinə bundan sonra daha məhsuldar və uğurlu fəaliyyət göstərməli olduğu mesajını verirdi.

Nəhayət, dövlət başçısının andiçmə mərasimindəki çıxışından Diasporla İş üzrə Dövlət Komitəsi də nəticə çıxarmalı və işini yeni dövrün tələblərinə uyğun şəkildə qurmalıdır, deyə bilərik. Çünki Prezidentin çıxışında dolayısıyla bu sahədə də müəyyən çatışmazlıqların olduğunu dedi.

“Bizim birliyimizi pozmaq istəyənlər nə qədər cəhd göstərsələr də buna nail ola bilməyiblər və heç vaxt nail ola bilməyəcəklər. Çünki biz hamımız bir amal uğrunda birləşmişik”, deyən Prezident İlham Əliyev bununla əslində Azərbaycandan kənarda yaşayan soydaşlarımız arasında birlik, bərabərliyi pozmağa yönəlik cəhdlərin olduğunu ifadə edib. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları və ayrı-ayrı nüfuzlu diaspor təmsilçiləri arasında yaşanan problemlər, fikir ayrılıqları və ziddiyyətlərə diqqət çəkir, bu sahəyə cavabdeh olan qurum qarşısında daha məhsuldar və uğurlu çalışmaq öhdəliyi qoyurdu. Açıq şəkildə etiraf etmək lazımdır ki, İkinci Qarabağ Müharibəsindən sonra dövlət başçısının qeyd etdiyi istiqamətdə mənfi tendensiya özünü daha qabarıq şəkildə göstərməyə başlayıb. Elə bunun, ayrı-ayrı ölkələrdə birlik və həmrəyliyimizin istənilən səviyyədə olmamasının göstəricisidir ki, müxtəlif ölkələrdə erməni lobbisi, erməni diasporu üzərimizə ayaq açdı, bizim aramızda yaranan boşluqdan, doğru olmayan idarəçilikdən dolayı erməni yalanları Avropada həqiqət olaraq qəbul edilməyə başlanıldı.

“Bizi istəməyən qüvvələr, bizim gücümüzü qəbul etməyən, Ermənistan üzərində parlaq Qələbəmizi həzm edə bilməyən anti-Azərbaycan qüvvələr çalışacaqlar ki, bu amildən istifadə etsinlər. Onların səyləri əbəs olacaq. Bizim birliyimiz bu səylər qarşısında bir sədd kimi durmalıdır”, deyən dövlət başçısı əslində bununla həm də xaricdə yaşayan azərbaycanlılar və onlarla bilavasitə işləməli olan dövlət qurumu qarşısında konkret vəzifələr qoymuş oldu.
Ümid etmək olar ki, Cənab Prezidentin andiçmə mərasimindəki çıxışı və qarşıya hədəf qoyduğu istiqamətlər, səsləndirdiyi iradlar həmin sahələrə cavabdeh olan qurumlar tərəfindən tezliklə aradan qaldırılacaq.

Anar
Xəbəri paylaş