"Prezident İlham Əliyevin seçkidən sonra ilk rəsmi səfərini qardaş Türkiyəyə etməsi çox illik ənənənin davamı olsa da, müzakirə edilən mövzular və münasibətlərin inkişaf perspektivləri baxımından əhəmiyyətli hadisədir".
Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə dövlət baçısının Türkiyə səfərini şərh edərkən səsləndirib. O bildirib ki, rəsmi Bakı və Ankara arasında iqtisadi, siyasi, hərbi-təhsil, hərbi-texniki, mədəniyyət, enerji və nəqliyyat sahələrini əhatə edən geniş bir əməkdaşlıq şəbəkəsi mövcuddur:
"Bu baxımdan Türkiyənin Cənubi Qafqazda artan nüfuzu və Azərbaycan-Türkiyə müttəfiqliyi regionun inkişafına və sabitliyinə təsir edəcək mühüm məsələdir. Bununla bağlı dövlət rəhbərlərinin müzakirə mövzularını istiqamətlər üzrə şərh etmək vacibdir.
İlk olaraq, bir neçə gün öncə dövlət başçısı andiçmə mərasimində çıxışı zamanı Azərbaycanın yeni xarici siyasət kursunu elan etdi. Əsas üç istiqamət kimi Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı ilə sıx əməkdaşlıq qeyd edildi. Bunun davamı olaraq liderlərin görüşü zamanıda "TDT"-I mövzusu, təşkilatın beynəlxalq müstəvidə cərayan edən proseslərə reaksiyası kimi məsələlər geniş müzakirə olundu və Şimali Kipr Türk Cumhuriyyətinin "TDT"-nin iyul ayında Şuşada keçiriləcək qeyri-rəsmi görüşünə müşahidəçi qismində qatılacağı bəyan edildi. Hesab edirəm ki, bu hadisə rəsmi Lefkoşanın tanınması aspektindən vacib addımdır və ölkəmiz bu istiqamət üzrə hərtərəfli dəstəyini nümayiş etdirir. Lakin eyni məsələ ilə bağlı Mərkəzi Asiya Türk dövlətlərinində aktivlik göstərməsi vacibdir".
AVP rəsmisi deyib ki, ikinci istiqamət Azərbaycan-Türkiyə hərbi əməkdaşlığıdır:
"Heç kimə sirr deyil ki, Azərbaycanda ordu quruculuğu prosesi türk ordusu modelində həyata keçirilir və biz bu modelin üstünlüklərini, effektivliyini 44 günlük müharibə və ondan sonra həyata keçirilən əməliyyatlar zamanı müşahidə etdik. Yaxın günlərdə cənab Prezident İlham Əliyev və oğlu Heydər Əliyevin silahlanmaya yeni qəbul olunmuş məşhur Baykar firmasının istehsalı "Akıncı" hücum pilotsuz uçuş aparatlarına baxış keçirməsi bu sahəyə ayrılan diqqətin göstəricisi, bizə düşmən mövqedə dayanan güclərə ünvanlamış mesaj idi. Belə olduğu təqdirdə Azərbaycan-Ermənistan danışıqları fonunda Fransanın regionda sülhə təhdid davranışları şübhəsiz ki, liderlərin danışıqlar masasında öz yerini tapıb. Artıq hər iki tərəfdə "bir millət, bir ordu və iki dövlət" prinsipinin aktuallaşması müşahidə olunur ki, bu reallıq Azərbaycanın təhlükəsizliyinin gücləndirilməsi baxımından olduqca mühümdür.
Üçüncü- Ölkələrimiz arasında mövcud ticarət həcminin artırılaraq 15 milyard dollara çatdırılmasının vacibliyi dövlət başçıları tərəfindən xüsusi qeyd olundu və bununla bağlı müvafiq tapşırıqlar verildi. Ötən ay Avropa İttifaqı müstəvisində "Transxəzər" yəni Orta Dəhlizlə bağlı vacib qərarlar qəbul olundu və bu fakt bir daha Azərbaycan və Türkiyənin tranzit-nəqliyyat imkanları baxımından əhəmiyyətini göz önünə sərir. Bu həm də özüylə bərabər Zəngəzur dəhlizi layihəsini aktuallaşdırır. Hesab edirəm ki, irəliləyən dönəmdə Bakı və Ankara koridorla bağlı Ermənistana təsir mexanizmlərini daha da artıracaq.
Dördüncü- Azərbaycan-Türkiyə universitetinin yaradılması ilə bağlıdır ki, ortaq tarixi dəyərlərə malik iki qardaş xalqın müasir dövrün tələblərinə cavab verən ortaq təhsil modeli qurub inkişaf etdirməsi zəruridir.
Cənab prezident İlham Əliyevin Ankarada dediyi kimi Azərbaycan-Türkiyə müttəfiqliyi hazırda mövcud olduğu bütün dövrlərdən daha üst səviyyəyə çatıb və regionda müxtəlif maraqları olan dövlətlər bu faktı qəbul etmək məcburiyyətindədirlər".
Süleyman