Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyi (ATUİAB) Azərbaycan da daxil olmaqla bir neçə ölkəyə işgüzar səfər təşkil edib. 20 günlük səfər çərçivəsində Qazaxıstan, Türkiyə və Azərbaycanda bir sıra işgüzar görüşlər keçirilib. Sözügedən səfər və keçirilən görüşlər barədə Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin(ATUİAB) sədri Ruslan İmanzadə ilə söhbətləşdik.
-Ruslan müəllim, bu günlərdə ATUİAB olaraq bir neçə ölkəyə işgüzar səfər təşkil etdiniz. Səfərin məqsədi nə idi və hansı görüşlər keçirdiniz?
-Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyi (ATUİAB) olaraq 20 günlük işgüzar səfərimiz çərçivəsində ilk olaraq Qazaxıstana getdik və bu ölkədə fəaliyyət göstərən türk və qazax iş adamları ilə görüşdük. Qazaxıstandan olan iş adamları əsasən Özbəkistanın tikinti sektorunda fəaliyyət göstərmək istəyirlər. Türkiyəyə münasibətdə isə qazax iş adamları daha çox xalçaçılıq, xalı ticarətinə üstünlük verirlər. Ona görə də Türkiyəyə səfər çərçivəsində Qazaxıstandan olan iş adamlarının İstanbuldakı Tugra Xalı Şirkəti ilə görüşlərini təşkil etdik. Türkiyədə xalı sahəsində çox böyük bir şirkət olan Tugra xalı təxminən 500-dən artıq şirkətlə bu sahədə əməkdaşlıq edən bir biznes qurumudur. 50 illik bir tarixi olan Tugra xalı Türkiyədə ən böyük topdan satış mərkəzi sayılır. Türkiyədə istehsal edilən xalı və xalçaları yığıb onların xaricə satışını təşkil edirlər.
Bundan başqa Türkiyəyə səfər çərçivəsində İstanbulun Beşiktaş səmtində ATUİAB-ın yeni ofisi açıldı. Ofisin rəhbəri Aygün Əliyeva həm də ATUİAB-ın Türkiyə üzrə nümayəndəsi təyin olundu. İstanbuldan sonra Bursada olduq. Məlumat üçün qeyd edim ki, Bursada 17 sərbəst ticarət zonası var. Bursaya səfərimiz zamanı həmin ticarət zonalarından 4-də olduq. Mən həm də Daşkənd Kimya Texnologiya Universitetinin İnvestisiya və Beynəlxalq Əlaqələr üzrə rektor müşaviriyəm ki, bu imkandan da yararlanaraq Bursadakı Uludağ Universitetində görüş keçirdim. Uludağ Universitetinin həm Azərbaycan, həm də Özbəkistanla əlaqələrinin inkişaf etdirilməsi məqsədilə təhsil ocağının rəhbərliyi ilə görüşdük.
-Səhv etmirəmsə səfər zamanı turizm mövzusu da əsas diqqət mərkəzində olub
-Bəli, düz deyirsiniz. Səfər çərçivəsində turizm sahəsində əlaqələrin inkişaf etdirilməsi istiqamətində də görüşlərimiz oldu. Bildiyiniz kimi Türkiyədə bu sahədə daha çox Antalya və Alanya xüsusi seçilir. Biz isə Muğla və Fəthiyyə bölgəsinə getdik. Fəthiyyə də Kələbəklər Vadisi deyilən yerdə olduq, Muğlada valilikdə turizm sektorunun rəhbərliyi ilə görüşdük. Görüşün nəticəsi olaraq bizə Muğla və Fəthiyyədə turizmlə bağlı dəstək verəcəklərini bildirdilər. Azərbaycandan, ümumən Türk dünyasından həmin yerlərə çoxlu turistlərin gəlməsini gözləyirlər. Fəthiyyədəki görüşləri yekunlaşdırdıqdan sonra isə İzmirə getdik. Hazırda isə Azərbaycanda səfərdəyik. Fevralın 21-dək ATUİAB olaraq Azərbaycandakı iş adamları ilə görüşlər keçirəcəyik. Fevralın 21-də Bakıda keçiriləcək Sahibkarlıq Forumunda da iştirak edəcəyik.
-Azərbaycanda görüşləriniz hansı istiqamətdə keçirilir və əsasən hansı istiqamətlərdə fəaliyyət göstərən iş adamları ilə əməkdaşlığa üstünlük verirsiniz?
-Azərbaycanda Caspian Capital Group-un rəhbəri Tahir İskəndərov ilə görüşümüz oldu. Onun tikinti, aqro, xidmət sektoru, eləcə də kommunal sahədə xidmətlərin göstərilməsi prosesində böyük təcrübəsi var. Bundan başqa Pik Academy və Founder Club-la görüşümüz oldu. Qeyd etdiyim şirkətlər Özbəkistanda tədbirlər keçirmək istəyirlər. Həmin tədbirlərlə bağlı fikir mübadiləsi apardıq. Bundan başqa səfər çərçivəsində dövlət qurumları, AzPromo, KOBİA ilə də görüşlərimiz olacaq. Bir sözlə səfər çərçivəsində həm dövlət qurumları, həm də özəl sektorun nümayəndələri ilə keçirdiyimiz görüşlərdə Özbəkistandakı biznes həyatı barədə məlumat verəcəyik. Həmçinin, görüş keçirdiyimiz şirkət rəhbərlərini Özbəkistana səfərə dəvət edəcəyik. Paralel olaraq özbək investorlarını da Azərbaycana dəvət etməklə Azərbaycanın biznes həyatına kömək olmaq istəyirik. Onu da diqqətə çatdırım ki, Türkiyədə keçirdiyimiz görüşlərin nəticəsi olaraq iş adamlarına Azərbaycana investisiya qoyuluşu təklif edildi. Eləcə də İqtisadiyyat Nazirliyi tərəfindən Qarabağ zonasında tikinti sektoruna investisiya qoyuluşuna, tenderlerdə iştiraka dəvət olundu.
Ən son ATUİAB olaraq Azərbaycanda fəaliyyət göstərən Newscenter.az xəbər saytı ilə əməkdaşlıq memorandumu imzaladıq. Memoranduma əsasən, sözügedən xəbər saytı ATUİAB-ın səfər və tədbirlərinin informasiya dəstəkçisi olacaq. Eyni zamanda ATUİAB da Newscenter.az xəbər saytının Mərkəzi Asiya bürosunun açılması, büronun müvafiq avadanlıqlarla təmin olunmasına dəstək göstərəcək. Paralel olaraq “Təhsilə Dəstək və Maarifləndirmə” İctimai Birliyinin rəhbərliyi ilə də görüşüb qarşılıqlı faydalı əməkdaşlığı müzakirə etdik. ATUİAB olaraq sözügedən İctimai Birliklə Özbəkistanın Təhsil Nazirliyi arasında əlaqələrin qurulmasına, İctimai Birliyin müəllim heyətinin Özbəkistana səfərinin təşkil edilməsinə də dəstək olacağıq.
Süleyman İsmayılbəyli