Son aylarda Naxçıvanda məktəblilər üçün yeni bir qəzet nəşrə başlayıb. "Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində nəşr olunan “Məktəbli” qəzeti uşaq və yeniyetmələr üçün nəzərdə tutulub.
Rəngli formatda oxucularına müraciət edən qəzetin əsas məqsədi kiçikyaşlı məktəblilərə oxu vərdişləri aşılamaq, istedadlı şagirdlərin bilik və bacarıqlarını üzə çıxarmaq, mütaliə mədəniyyətini təbliğ etməkdir. Qəzetin maraqlı prinsiplərindən biri də budur ki, bu mətbu orqan istedadı olan hər kəsi əməkdaşlığa dəvət edir. Belə ki, şagirdlər qəzet üçün şeir və məqalələr yaza, rəsm çəkə, müsahibələr hazırlaya bilərlər.
Ayda bir dəfə məktəblilərin görüşünə gələn qəzeti poçt bölmələrində abunə yazılmaqla, eyni zamanda qəzet köşklərindən sərbəst satışla əldə etmək olar.
Ancaq son zamanlar sosial şəbəkələrdə bu qəzetin guya şagirdlərə məcburi satılması barədə məlumatlar var. Əslində bu hal bir çox valideynlərin xoşuna da gəlib. Amma narazı olanlar da var.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən öyrəndik ki, "Məktəbli" qəzeti məcburi şəkildə şagirdlərə satılmır. Bu qəzeti əldə etmək könüllüdür.
Gəlin bu məsələyə tam fərqli yöndən yanaşaq. Məsələ qəzetlərin məcburi yaxud da könüllü satılmasından getmir. Qurum açıqladı ki, qəzet məcburi satılmır.
Bu qəzetlərin şagirdlər tərəfindən əldə olunması və oxuyub müəyyən məlumatlar əldə etmələri daha məqsədə uyğundur. Hər birimiz gündəlik olaraq müşahidə aparsaq uşaqlar dərsdən, kitab-dəftərdən vaxt tapan kimi telefona maraq salırlar. Müxtəlif oyunlar yükləyir, sosial şəbəkələrə daxil olur, yaşına uyğun olmayan videolar onun diqqətini daha çox cəlb edir və zamanla buna bağlılıq yaranır. Əgər evdə onun dərc olunmuş müxtəlif sayda jurnalları olsa hərdən əlinə alıb onu hissə-hissə vərəqləyib oxusa həm məlumat əldə etmiş olacaq, həm də söz ehtiyatı artacaq, düzgün nitq sahibi olacaq.
Bəlkə də deyəcəksiniz ki, qəzetlər bahadır, amma elə də deyil. Ayda müəyyən qədər internetlərimizə pul ödəyirik, ancaq telefon uşaqlarımızın gələcəyinə bilik, savad, sağlam düşüncə vermir, əksinə. Ancaq ayda bir dəfə bu qəzetlərə pul ödənsə və onları uşaqlar sevərək oxusa müəyyən bilik də əldə etmiş olacaqlar.
Bu gün məktəblərimizdə uşaqların daha savadlı olması üçün hər bir məktəb müəllimi əlindən gələni edir. Valideynlər isə bu yolda onlara dəstək olmalıdır. Çünki, öz övladlarının gələcəyi həm də onların əlindədir.
Məcburi almayaq, çalışaq ki, şagirdlərə bu cür qəzetləri, kitabları sevdirək. Telefonları yox...
Mənsurə Hümbətova