10 fevral 1828-ci ildə imzalanan “Türkmənçay müqaviləsi”ni Azərbaycan xalqının tarixində baş verən ən faciəvi hadisələrdən biri kimi qiymətləndirmək olar. XIX əsrin əvvəllərində Qafqazda gedən mürəkkəb ictimai-siyasi proseslər, I və II Rus-Qacar müharibələri, bu müharibələr nəticəsində Gülüstan və Türkmənçay müqavilələrinin imzalanması Cənubi Qafqaz regionununun, bütövlükdə isə Azərbaycanın gələcək taleyini həll etdi. Ağa Məhəmməd Şah Qacarının sui-qəsd nəticəsində öldürülməsi, Qacarlar imperiyasının zəifləməsinə, sonralar isə Rusiya ilə müharibələrdə məğlub olmasına gətirib çıxardı. Gülüstan və Türkmənçay müqavilələri bütöv Azərbaycanın və vahid xalqın parçalanmasına, “Şimali Azərbaycan” və “Cənubi Azərbaycan” məfhumlarının yaranmasına, böyük tarixi ədalətsizliyin baş verməsinə səbəb oldu. Türkmənçay müqaviləsi ilə bağlı Azərbaycan tarix elmində, o, cümlədən cəmiyyətimizdə daim qızğın müzakirələr aparılıb, bu gün də aparılmaqdadır. Müasir dövrdə stereotiplərdən kənara çıxaraq “Türkmənçay müqaviləsi” əsasında Azərbaycanın Rusiya və Qacarlar imperiyası arasında bölüşdürüldüyü fikirini inkar etmək daha ədalətli olar. Çünki həmin dövrdə Qacarlar dövlətini azərbaycan xalqının türk etnoslarından biri – Qacar türk tayfası yaratmışdı. Çar Rusiyası ilə müharibələr nəticəsində Şimali Azərbaycan işğal edilmişdir. O dövrdə tarixdən məlumdur ki, Qacarlar dövlətini yaratmaq üçün Məhəmməd Həsən xan Qacar və oğlu Ağa Məhəmməd xan Qacar farslarla - Kərim xan Zəndlə qanlı mübarizələr aparıb. Bu o, deməkdir ki, Qacarlar türk mənşəli tayfanın idarə etdiyi Azərbaycan dövləti olub.
“İran” dedikdə farsların qurduğu bir dövlət düşünülməməlidir. Dövlətin “İran” adı siyasi bir termin kimi pəhləvilərin hakimiyyətə gəlmələrindən 10 il sonra, yəni 1935-ci ildə meydana gələrək işlədilməyə başlanmışdı. O dövrə qədər isə İran-Ariyan coğrafi termin kimi işlədilib və fars etnosu ilə heç bir əlaqəsi olmayıb.
Müasir dövrdə “Türkmənçay müqaviləsi”nə Qacarların kapitulyasiyası kimi baxmaq lazımdır. Ona görə ki, müqavilənin maddələrini nəzərdən keçirərkən, bütün məsələlərin Rusiyanın xeyrinə həll olunduğunu aydın şəkildə görmə olar. Belə ki, “Gülüstan müqaviləsi”ndən sonra İrəvan və Naxçıvan xanlıqları Qacarların hakimiyyəti altında qalmışdı. Amma 1828-ci ildə “Türkmənçay müqaviləsi”nin III maddəsi ilə bu ərazilər də Rusiyaya güzəşt edilmişdi. II maddədə Qacarların Rusiyaya 20 milyon gümüş rubl təzminat ödəyəcəyi göstərilib. VIII maddədə isə Xəzər Dənizində yalnız Rusiyanın hərbi donanma saxlamaq hüququ təsdiq edilirdi. Azərbaycan üçün ən ağır maddə isə XV maddə idi. Çünki, bu maddə əsasında Qacarlar imperiyasının ermənilər yaşayan cənub regionlarından Şimali Azərbaycana köçürülməsi nəzərdə tutulurdu. Bu açıq şəkildə həmin maddədə göstərilməsə də, Rusiyanın diqtəsi ilə razılaşdırılmış məsələ idi.
“Türkmənçay müqaviləsi” XIX yüzillikdə Qacarların İngiltərə, Fransa, Rusiya və Osmanlı ilə bağladığı müqavilələr içərisində Azərbaycan üçün ən faciəvi bir hadisə kimi tarixə yazılmış oldu. Rusiyanın Tehrandakı səfiri Qriboyedovun çara yazdığı məktublarda deyilirdi ki, müsəlman xalqlarını ayırmaq üçün erməniləri işğal edilmiş Şimali Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürməklə xristian səddi yaratmaq lazımdır. Bununla da Çar Rusiyasına Cənubi Qafqazda etnik-siyasi dayaq yaratmaq, demoqrafik mənzərəni dəyişmək, gələcəkdə uzun müddət davam edəcək münaqişə ocağı yaratmaq məqsədi güdülürdü.
1829-cu il 14 sentyabr tarixində Rusiya ilə Osmanlı imperiyası arasında bağlanılan “Ədirnə sülh müqaviləsi”nə əsasən Türkiyənin şimalında 80 min erməni əhalisi Azərbaycanın Naxçıvan və İrəvan xanlıqlarının ərazilərinə köçürüldü. 1836-cı ildə İrəvan şəhərində tikilmiş qədim Alban kilsəsini də istifadə üçün ermənilərin ixtiyarına verdilər. Bu kilsənin qriqorian kilsəsinin tabeliyinə verilməsi ermənilərin sonralar Albanların əlifbasının bəzi hərflərində düzəlişlər edərək onu erməniləşdirmələrinə yol açdı. Müasir dövrdə ermənilərin qədim alban tayfaları olması iddiası meydana gəldi. Çar Rusiyası 40 min ermənini Gəncə, Şəmkir və Çiləbörd ərazisində yerləşdirməklə onların “Böyük Ermənistan” dövləti yaratmaq xülyasına düşmələrinə şərait yaratdı.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra regionda vəziyyət daha da mürəkkəbləşdi. Zəngəzur və Dərələyəz ermənilərə verildi. Sovet Rusiyası tarixi Azərbaycan torpaqlarını ermənilərə “hədiyyə” etmək üçün Dağlıq Qarabağ Muxtar Vilayəti və Naxçıvan Muxtar Sovet Sosialist Respublikasını yaratdı. Bundan istifadə edən düşmən bu torpaqları mübahisəli ərazilər elan etdi. 1955-ci ildə SSRİ ilə İran Araz çayı boyunca sərhədləri yenidən müəyyənləşdirmək üçün müqavilə bağladılar. Bu Şimali Azərbaycanın yeni torpaq sahələrini itirməsi ilə nəticələndi. Belə ki, “Yeddi evlər sahəsi” istisna hal kimi İrana hədiyyə edildi.
İ.V.Stalinin 1947-ci ildəki əmrinə əsasən 100 min azərabycanlı Qərbi Azərbaycandan kütləvi surətdə köçürülməyə məcbur edildilər. Əsrin sonlarına yaxın düşmən daha da azğınlaşdı və havadarlarının köməyi ilə daha məkrli yollara əl atdı, məqsədləri yeni torpaqlar zəbt etməklə Ermənistan Respublikasının ərazisini genişləndirmək idi. 1987-ci ildən başlayaraq 200 min azərabycanlı Ermənistan SSR-dən zorla çıxarıldılar. Ermənilər bunları “Ermənistanı türklərdən təmizləməli”, “Ermənistanda yalnız ermənilər yaşamalı” şüarları ilə həyata keçirirdilər. Ermənilər SSRİ-nin dağılmasından və Azərbaycanda müasir ordunun olmamasından istifadə edərək Qarabağda saxlanmış Rusiyanın 366 moto-atıcı dviziyasının köməyi ilə Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladılar. Nəticədə Azərbaycanın 20 faiz torpaqları işğal altına düşdü, həmin ərazidən əhali deportasiya edildi. SSRİ dövründə Qərbi Azərbaycan əyalətlərində, işğal illərində isə Qarabağda və işğal olunmuş ətraf rayonlarda azərbaycan xalqının qədim dövlətçilik ənənələrini özündə əks etdirən tarixi abidələr və maddi mədəniyyət nümunələri məhv edildi və ya erməniləşdirildi.
Anar Salehoğlu,
İctimai-siyasi fəal