Keçən əsrin sonlarında 70 illik yaşı olan rejimin, sosializm sisteminin dağılması dünyanın siyasi mənzərəsində ciddi dəyişikliklərlə müşahidə edilməyə başladı. Sovetlərin dağılması ilə formalaşmaqda olan yeni dünya düzəni özüylə yeni müstəqil respublikaların meydana gəlməsinə yol açdı. Azərbaycan da yaranmış tarixi situasiyadan istifadə edərək öz müstəqilliyini elan etdi.
Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra dəyişən tarixi şərait yeni xarici siyasət kursu, eyni zamanda yeni iqtisadi doktrina, iqtisadi münasibətlərə keçid prinsiplərinin işlənib-hazırlanmasını tələb edirdi. Məhz zamanında uğurla işlənib hazırlanmış, zərgər dəqiqliyi ilə həyata keçirilməyə başlanılmış sadaladığımız prinsiplər və siyasətin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan təkcə yerləşdiyimiz regionda deyil, ümumən böyük bir coğrafiyada, hətta dünyada sayılıb-seçilən, hörmət edilən, eyni zamanda sözü, təşəbbüsü dəstək görən bir ölkəyə çevrilib. Ancaq onu da etiraf etməmək mümkün deyil ki, bütün bunlara Azərbaycan heç də asanlıqla nail olmayıb. Beynəlxalq güc mərkəzlərinin, Qafqaz regionunu özünün xüsusi nüfuz zonasına çevirmək niyyətində olan böyük dövlətlərin, transmilli korparasiyaların regionda toqquşan maraqları fonunda bir qayda olaraq Azərbaycan hədəf ölkətə çevrilməyə çalışılıb. Bu bir tərəfdən həmin güc mərkəzlərinin Azərbaycanın zəngin yeraltı və yerüstü sərvətlərinə sahib olmaq istəyindən irəli gəlirdisə, digər tərəfdən din amili region ölkələrinə olan münasibətdə mühüm faktora çevrilirdi. Cənubi Qafqazın yeganə müsəlman ölkəsi olan Azərbaycanın inkişafı, bölgənin söz sahibinə çevrilməsi, həmin mərkəzlərin istək və məqsədləri ilə tərs mütənasiblik təşkil edirdi.
Zamanında yaradılan Dağlıq Qarabağ probleminin ssenari müəllifləri də məhz regionda maraqlarının təmin olunmasını istəyən və bölgənin əsas güc mərkəzi sayılan Azərbaycanın regional oyunçudan qlobal oyunçuya çevrilmə gerçəkliyini qəbul etmək istəməyən mərkəzlər idi. Baxmayaraq ki, elə həmin güc mərkəzləri, orda təmsil olunan dövlətlərin mütləq əksəriyyətinin gələcək enerji təminatı, enerji təhlükəsizliyi məhz Azərbaycandan asılıdır. Ancaq buna rəğmən regionda gərginlik yaratmaq, xüsusilə bu gərginlik fonunda Azərbaycanı gücsüz duruma salmaq planlarını yerə qoymurlar. Dünən də belə olub, təəssüflər olsun ki, bu gün də belədir. Necə ki, Dağlıq Qarabağ münaqişəsi yaranan zaman Azərbaycana qarşı hansı qərəz, ədalətsizlik nümayiş olunurdusa, eyni ilə də indi eyni mənfi tendensiya davam edir. Ancaq onu da qeyd etmək yerinə düşər ki, Avropanın, dünyanın ayrı-ayrı dövlətlərinin simasında Azərbaycana qarşı olan münasibətdə müsbət mənada istisnalar da var. Bunu Almaniyanın timsalında aydın görmək mümkündür.
Ümumiyyətlə, Almaniya hər zaman Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verib, Cənubi Qafqazda ölkəmizi əsas tərəfdaş qismində görüb. Bəlkə də bu Almaniya ilə Azərbaycan arasında münasibətlərin tarixi köklərə bağlılığından irəli gəlir. Tarixə nəzər yetirdikdə görürük ki, İki ölkə arasında qarşılıqlı münasibətlərin başlanğıcı XIX əsrin ikinci yarısına təsadüf edir. Hələ 1863-cü ildə Almaniyanın "Simens qardaşları" firması tərəfindən Gədəbəy ərazisində yerləşən mis yataqları bazasında iri misəritmə zavodları tikilib. XX əsrin əvvəllərinədək bu zavodlarda istehsal edilən mis Cənubi Qafqazda əridilən misin 2/3 hissəsini təşkil edirdi. Bundan əlavə, "Simens qardaşları" firması Daşkəsən ərazisində kobalt yataqları bazasında kobalt zavodu inşa edib. Bu zavodların inşası nəticəsində xeyli sayda insan işlə təmin edilib, əhalinin maddi rifahı yüksəlib. Alman sənayeçilərinin bu ərazidə fəallığının artması nəticəsində ətraf ərazilərdə, xüsusilə Azərbaycanın indiki Göy-göl və Şəmkir rayonlarında alman koloniyaları yaranıb.
Qeyd etdiyimiz kimi Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Almaniya eyni zamanda Avropa İttifaqının Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlığını nəzərdə tutan Polşa və İsveç tərəfindən irəli sürülmüş “Şərq Tərəfdaşlığı” təşəbbüsünün fəal müdafiəçisi və təşviqatçısıdır. İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyəsi qarşılıqlı səfərlər və intensiv parlamentlərarası əməkdaşlıqda öz əksini tapıb.
Ümumiyyətlə, Azərbaycan-Almaniya ikitərəfli münasibətlərində iqtisadi sahə həmişə mühüm əhəmiyyət daşıyıb. İki ölkə arasında əlaqələrin inkişafında Alman İqtisadiyyatının Şərq Komitəsinin də mühüm əhəmiyyət daşıyan rolu vardır. Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən də bunun əyani şahidi olduq.
Məlumat üçün qeyd edək ki, Almaniya Federativ Respublikasının aparıcı şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyətinə Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, “Falk” konsaltinq şirkətinin icraçı direktoru Tomas Falk, “Uniper Global Commodities SE” şirkətinin birinci vitse-prezidenti Uve Fip, “Rhenus Group” beynəlxalq nəqliyyat şirkətinin layihələr üzrə idarə heyətinin direktoru Heinrix Kerstgens, “VNG” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Ulf Heitmüller və “HHLA International” şirkətinin icraçı direktoru Filip Sveens daxildir. Komitə Azərbaycan və Almaniya iş adamları arasında əlaqələrin qurulması, bu əlaqələrin inkişaf etdirilməsi, ümumən Bakı ilə Berlin arasında iqtisadi sahədə münasibətlərin yeni bir mərhələyə çatdırılmasında sistemli fəaliyyət göstərir. Keçən il Berlində alman iş adamları ilə Azərbaycan iş adamlarının görüşünün keçirilməsi, bu yaxınlarda Münxendə səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iri korporasiya rəhbərləri ilə görüşlər keçirməsi, bu günlərdə isə böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsi öz-özlüyündə həm də Almaniyanın Azərbaycana olan marağından, Berlinin Bakı ilə iqtisadi əməkdaşlığı inkişaf etdirmək istəyindən xəbər verir.
Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Alman İqtisadiyyatının Şərq Komitəsinin ölkəmizə səfərinin iqtisadi sahədə əlaqələrə təkan verəcəyi qənaətindədir. Bu mənada böyük nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirən dövlətimizin başçısı iqtisadi sahənin ikitərəfli münasibətlərimizdə həmişə mühüm rol oynadığını deyərək bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib.
Almaniya ilə Azərbaycan arasında təkcə iqtisadi deyil, eyni zamanda siyasi sahədə də əlaqələr hər ötən gün özünün yeni bir mərhələsinə qədəm qoyur. İki ölkənin siyasi rəhbərlikləri arasında mövcud olan yüksək səviyyəli münasibətlər regiondakı problemlərin həllinə də istər-istəməz sirayət edir. Berlinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında təmasların bir neçəsinin ard-arda Almaniyada keçirilməsi öz-özlüyündə ölkələr arasında münasibətlərin yüksək dinamikasından və qarşılıqlı anlaşma mühitində olmasından xəbər verir.
Arzuman Muradlı, “Milli İnkişaf” İctimai Birliyinin sədri