"İkinci Qarabağ Müharibəsində ölkəmiz qarşısında əzici məğlubiyyət yaşayan və kapituliyasiya aktına imza atmaq məcburiyyətində qalan Ermənistan hərbi-siyasi rəhbərliyi beynəlxalq müstəvidə dəyişən geopolitik reallıqlara rəğmən ənənəvi siyasi ritorikadan çıxış etməkdə davam edir. Rəsmi İrəvan Azərbaycanın sülh çağırışlarına müsbət cavab vermir və müxtəlif bəhanələr gətirərək prosesdən yayınmaq istəyir. Biz bunu Ermənistanın üçüncü qüvvələrə sərhədlərini açması ilə müşahidə edirik".
Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, Fransa başda olmaqla Aİ mülki missiya adı altında Ermənistana yerləşir və bununla yanaşı son dövrlər ölkəmizin güya Ermənistana hücum edəcək kimi əsassız ittihamları tez-tez eşidirik:
"Halbuki rəsmi Bakı ən üst səviyyədə bu tip ittihamları rədd edərək Ermənistana hərbi müdaxilə etmək marağında olmadığını dəfələrlə bəyan edib. Lakin görünən odur ki, avropalı siyasilər ard-arda qərəzli fikirlər səsləndirməklə süni şəkildə regionda gərginliyi artırmaq üçün çalışır. Onların anti-Azərbaycan mövqeyi ikili standartların bariz nümunəsidir. Çünki bu gün Ermənistanı müdaifə edən və ölkəmizə sanksiyaların tətbiqi ilə hədə qorxu gələn qüvvələr 30 il müddəti əhatə edən işğal prosesini, işğaldan azad etdiyimiz torpaqların, şəhərlərin, kəndlərin, tarixi-dini abidələrimizin və məhv olmanın astanasında olan təbiətimizin real mənzərisini görməzdən gəlir".
Politoloq deyib ki, Ermənistan dövlətinin soyqrımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya və bu kimi digər beynəlxalq Konvensiyaların tələblərini pozmasından heç bir halda bəhs etmirlər:
"Təbii ki, üzləşdiyimiz əsassız ittihamların və mövqeyin lokomotivi birmənalı olaraq Fransa Respublikasıdır. Rəsmi Parisin Ermənistanı silahlandırma tendensiyası və bu işə Hindistanı da cəlb etməsi regionda mövcud kövrək sülhə ən böyük əngəldir. Qərbin təhriki və təzyiqləri ilə hərəkət etmək məcburiyyətində olan Nikol Paşinyan Azərbaycanla yanaşı anti-Rusiya mövqeyində çıxış etməklə ölkəsi üçün tədricən ikinci Ukrayna ssenarisini aktuallaşdırır. Bu ssenari Ermənistanın dövlət kimi varlığını sual altına sala bilər. Lakin İrəvan rəhbərliyi bu cür təhlükəli vəziyyət yaratmaqdansa, Azərbaycan və Türkiyə ilə kompromisə gedərək özü üçün daha aydın və təhlükəsiz bir siyasi xətt seçə bilərdi".
Süleyman