Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda ilk dəfə “Dinlərarası harmoniya” festivalı keçirilib

Azərbaycanda ilk dəfə “Dinlərarası harmoniya” festivalı keçirilib


Ölkəmizdə fəaliyyət göstərən dini qurumların birgə təşkilatçılığı ilə mart ayının 8-də Bakıda “Dinlərarası harmoniya” festivalı keçirilib.

Newscenter.az xəbər verir ki, ölkəmizdə mənəvi dəyərlərin, tolerant və multikultural ənənələrin inkişafı və təbliği məqsədilə təşkil olunan festivalda Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Dağ, Avropa, Gürcü yəhudiləri, Roma Katolik Kilsəsinin Apostol Prefekturası, Azərbaycan Bibliya Cəmiyyəti (protestant yönümlü icmalar), Azərbaycan Bəhailəri Dini Mərkəzi, Alban-Udi Xristian dini icması, Krişna Şüuru, gürcü pravoslav, Molokan ruhani xristian və digər dini qurumların fəaliyyətini əks etdirən stendlər, sənədli film və videoçarxlar nümayiş etdirilib. Eyni zamanda işğaldan azad edilən ərazilərimizdə yerləşən tarixi-dini abidələr və ziyarətgahların işğal dönəmindəki və hazırki vəziyyətindən bəhs edən “Qarabağ” stendi təqdim edilib.

Festivalda açılış nitqi ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin vəzifələrini müvəqqəti icra edən Səyyad Salahlı bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlətin din sahəsindəki siyasətinin uğurlu icrası nəticəsində Azərbaycanda nümunəvi dövlət-din münasibətləri formalaşıb, dini etiqad azadlığı tam təmin edilib, eyni zamanda dini dəyərlərə, ibadət yerlərinə xüsusi qayğı göstərilir. Məhz görülmüş bu işlər və atılmış addımlar sayəsində Azərbaycanda dövlətlə dini qurumlar arasında münasibətlərin özünəməxsus modeli dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Ümummilli Liderin əsasını qoyduğu bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələrinin hüquqları, dini etiqad azadlığı təmin edilir, dini əqidəsindən asılı olmayaraq, dövlət hər bir vətəndaşına eyni dərəcədə diqqət və qayğı göstərir, insanlarımız bir-birinə tolerant yanaşırlar.
DQİDK sədrinin müavini Səyavuş Heydərov çıxış edərək bildirib ki, nümunəvi tolerantlıq və multikulturalizmin hökm sürdüyü, dinc birgəyaşayış və dialoq mədəniyyətinin, mənəvi harmoniyanın mövcud olduğu Azərbaycan müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu dövlət başçımızın qlobal təşəbbüs və səyləri, siyasi iradəsi sayəsində layiqli şəkildə həyata keçirir.

Bu gün Azərbaycanda digər xalqların mədəniyyətləri ilə zənginləşmiş yeni tipli bir mədəniyyət formalaşıb. Bu mədəniyyət Azərbaycanda birgəyaşayışa, çoxmillətli cəmiyyətin harmoniyasına, multikultural dəyərlərin ön mövqeyə çəkilməsinə, dinlərarası harmoniyanın möhkəm üzvi sintezinin yaranmasına gətirib çıxarıb. Bu da həmrəylik, ictimai-siyasi cəhətdən möhkəm Azərbaycan modelini ortaya qoyub. Dünyada baş verən hadisələrə, problemlərə nəzər salanda görürük ki, bu problemlərin həll edilməsi üçün sivilizasiyalararası, dinlərarası, mədəniyyətlərarası dialoq olduqca mühümdür.

“Müxtəlifliyin qorunması: 2024-cü ildə islamafobiya ilə mübarizə” konfransında iştirak etmək məqsədilə ölkəmizə səfər edən ABŞ Müsəlman Təşkilatları Şurasının Baş katibi Ussama Əli Cammal, Pakistan Müsəlman İnstitutunun direktoru Sahibzadə Sultan Əhməd Əli, “Haider Global BVBA Brüssel” şirkətinin baş direktoru Səccad Kərim, İslam Əməkdaşlıq Təşkilatının İslam tarixi, incəsənəti və mədəniyyəti üzrə araşdırma mərkəzinin Baş direktoru Mahmud Erol Kılıç, Din Azadlığı üzrə Amerika Mərkəzinin baş direktoru Cannah Skott çıxış edərək, ölkəmizin tolerantlıq məsələləri üzrə ardıcıl dialoqu təmin edən mədəniyyətlərarası platforma, dinlərarası etimad, harmoniya və missionerlik daşıyıcısı olduğunu diqqətə çatdırıblar. Qonaqlar festival çərçivəsində Azərbaycandakı dünyaya örnək tolerantlıq mühiti və dünyəvilik modelinə əyani şahidlik imkanı əldə etdiklərini, Prezident İlham Əliyevin multikultural siyasəti və görüşünü təqdir etdiklərini dilə gətiriblər.
Qeyd edək ki, festival zamanı dini qurumların nümayəndələrinin ədəbiyyat nümunələri və üzvlərinin əl işləri sərgilənib, tədbir dini icmaların musiqi qrupları və xorlarının ifaları ilə davam edib.

Sona
Xəbəri paylaş