Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mişustinin Bakı səfərinin pərdəarxası…

Mişustinin Bakı səfərinin pərdəarxası…


Rusiyanın Baş naziri M.Muşistinin Bakıya səfəri ilk baxışda sırf iqtisadi məsələlərin müzakirəsi və iki ölkə arasında qarşılıqlı iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi məqsədləri daşısa da, Rusiyanın Ukrayna ilə müharibə səbəbindən Qərb tərəfindən minlərlə sanksiyalara məruz qaldığı indiki dönəmdə bu səfər həm də siyasi xarakter daşıyır. Rusiya ona sanksiya tətbiq edən və onunla iqtisadi-ticarət əlaqələrini daraldan Qərbə xarici iqtisadi əlaqələr sahəsində potensial imkanlarını nümayiş etdirir.

Rusiya Ukrayna ilə müharibə fonunda xarici iqtisadi əlaqələr vektorunu dəyişmək zorundadır. Bu gün Qərbin 60-dan çox ölkəsinin Rusiyaya 20 minə yaxın sanksiyalar tətbiq etməsi o deməkdir ki, Rusiya ilə ona sanksiya tətbiq edən ölkələr arasında iqtisadi əlaqələr getdikcə zəifləyir və onun iqtisadiyyatı üçün ciddi bir boşluq meydana gəlir. Rusiya bu boşluğu Çin, Hindistan və digər ölkələrlə iqtisadi və ticarət əlaqələrini genişləndirməklə doldurmağa çalışır. Bu boşluğu doldurmaq üçün Rusiyanın üz tuta biləcəyi ən uyğun ölkələrdən biri də vaxtılə bir məkanda olduğumuz keçmiş Sovetlər respublikalarıdır. Lakin bu sırada Baltikyanı respublikalar artıq Avropa İttifaqının üzvü kimi Rusiyaya sanksiya tətbiq edən ölkələrlə bir cərgədə dayanırlar, Ukrayna Rusiya ilə müharibə vəziyyətindədi, Moldovada da Rusiyaya münasibət ruslar üçün ürəkaçan deyil. Cənubi Qafqazda Ermənistan Rusiyadan yaxasını qurtarmaq üçün az qala öz dövlətçiliyini təhlükəyə atmağa hazırdı, Gürcüstanda Rusyayönlü hakimiyyət dövlətin sükanı arxasında olsa da, Gürcüstanın bir ayağı artıq Avropa İttifaqındadır. Orta Asiya respublikaları isə Rusiya ilə nə qədər yaxın əlaqələr qursalar da bu ölkələrdə Çinin təsiri yetərincə böyükdür və Cinlə bu məkanlarda rəqabət aparmaq o qədər də asan deyil. Bu gün Rusiyanın əski sovetlər respublikaları içərisində yalnız Belarusla qurduğu ittifaq dövləti çərçivəsində normal iqtisadi ilişkiləri mövcuddur. Bütün bu sadaladığımız ölkələr içərisində Belarusiyadan sonra Rusiya üçün xarici iqtisadi əlaqələri genişləndirməyin ikinci münbit məkanı Azərbaycandır. Bu əlaqələr isə getdikcə genişlənir, iki ölkə arasında ticarət dövriyyəsi rekord həddə çatıb və hər iki tərəf yaxın gələcəkdə onun daha da artırılmasını hədəfləyir.

Mişustinlə Azərbaycan Prezidentinin üç saata qədər davam edən görüşündə heç şübhəsiz yaxın gələcəkdə iki ölkə arasında müxtəlif sahələri əhatə edən iqtisadi əlaqələrin genişləndirilməsini ehtiva edən layihələr barəsində müzakirələr aparılıb. Görüş zamanı M.Mişustinin “…sənaye sahəsində daha çox layihələr var. Biz, həmçinin nəqliyyat maşınqayırması sahəsində birgə layihələr barəsində düşünürük” deməsi, iki ölkə arasında iqtisadi əlaqələrin yeni mərhəlləsində sənaye sahəsinə aid layihələrin üstünlük təşkil edəcəyi anlamına gəlir. Bu sırada sənaye maşınqayırması istiqamətində hansı layihələrin reallaşdırılmasından söhbət gedir? Bu barədə hələlik rəsmi məlumatlar yoxdur. Ancaq çox güman ki, müzakirələr zamanı sənaye maşınqayırmasına dair layihə ətrafında konkret istiqamətlər barəsində danışılıb. Heç şübhəsiz yaxın vaxtlarda bu barədə məlumatlar cəmiyyətimizə çatdırılacaqdır.

Fikrət Yusifov
Iqtisad elmləri doktoru,
professor
Xəbəri paylaş