"Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır.
Azərbaycanla Qazaxıstan arasında münasibətlərin tarixi qədimdir. Biz eyni kökə, mədəniyyətə, tarixə və ənənələrə malikik. Xalqlarımızı dil və din eyniliyi də birləşdirir. Sovet dövründə də eyni ittifaqın tərkibində olmuşuq. Müasir dövrdə isə müstəqil Azərbaycanla müstəqil Qazaxıstanın siyasətində, baxışlarında, məsələlərə yanaşmalarında da bir sinxronluq var".
Bu fikirləri Newscenter.az-a politiloq Yusif Bağırzadə Qazaxıstan prezidentinin Azərbaycana dövlət səfərini şərh edərkən səsləndirib. O bildirib ki, Qazaxıstan Azərbaycana dost və qardaş ölkədir:
"Təsadüfi deyil ki, cənab Prezident sonuncu andiçmə mərasimində çıxışı zamanı “bizim ailəmiz Türk dünyasıdır” söylədi və türk xalqlarının biri-birinə daha da yaxınlaşmasının əhəmiyyətindən danışdı. Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi dövlət səfərinə gəlməsi və səfər zamanı baş tutan görüşlər, imzalanan sənədlər, hər iki dövlət başçısının bəyanatları, mətbuata verilən açıqlamalar ölkələrimiz arasındakı əlaqələrin daha yeni bir mərhələyə qədəm qoyduğunu göstərir.
Qeyd edim ki, ölkəmizdə dost Qazaxıstan Prezidentinin dövlət səfərinə böyük əhəmiyyət verilir. İki dövlət arasında münasibətlərin dinamikası Prezidentlərin qarşılıqlı səfərlərinin xronologiyasından aydın görünür. Son ilyarım ərzində Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana dörd səfər edib, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev üçüncü dəfədir ki, Azərbaycana gəlib".
Yusif Bağırzadə daha sonra bunları qeyd edib:
"Məlum olduğu kimi liderlərin görüşündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası da keçirildi.
Prezidentlərin səfərlə bağlı mətbuata verdikləri bəyanatlar da bir sıra məsələlərlə bağlı mesajlarla zəngin oldu. Cənab Prezidentin çıxışında Qazaxıstanla bağlı söylədiyi fikirlər olduqca mühüm əhəmiyyətə malikdir. Dövlət başçısı İlham Əliyev mətbuata açıqlamasında Qazaxıstan-Azərbaycan arasında iqtisadi, ictimai, humanitar, sosial həyatın bütün sahələrində əlaqələrin yüksək səviyyədə olduğunu, daha da inkişaf edəcəyini vurğuladı, imzalanan sənədlərin əhəmiyyətindən danışdı. Ölkə başçısı göstərdi ki, iki ölkə arasında iqtisadi-ticari əlaqələr olduqca yüksək səviyyədədir, neft-qaz sahəsindəki əlaqələrin inkişafı da hər iki ölkənin maraq dairəsindədir. Humanitar əlaqələrin yüksəlməsi xalqlar arasında dostluq, qardaşlıq münasibətlərinin irəliləməsinə xidmət edir.
Xüsusi əhəmiyyət kəsb edən münasibətlər nəqliyyat, logistika sahəsində münasibətlərdir. Təsadüfi deyil ki, Qazaxıstan Prezidentinin ölkəmizə səfəri zamanı trans Xəzər logistika xəttinin birgə işlənməsi ilə bağlı dəyərli fikirlər söyləndi. Dövlət başçılarının da söylədiyi kimi, hazırda dünyada məhz nəqliyyat-logistika imkanlarına çıxış uğrunda mübarizənin kəskinləşdiyi bir vaxtda ölkələrimizin beynəlxalq nəqliyyat dəhlizlərindəki rolu bu sahədə yeni perspektivlər açır. Bu məsələ Ali Dövlətlərarası Şuranın ilk iclasında da geniş müzakirə olundu. Təsadüfi deyil ki, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ilə Asiya arasında etibarlı və effektiv ticarət bağlantısı kimi dəyərləndirilir. Dövlət başçıları eyni zamanda Qazaxıstandan keçməklə Çin Xalq Respublikasından Azərbaycana qədər yol qət edən konteyner qatarının rəmzi qarşılanması mərasimində iştirak etdilər. Bu isə Trans-Xəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi deməkdir. Prezident İlham Əliyevin də söylədiyi kimi, bu layihə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir, çünki qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil. Bu mənada Bakı ilə Astana regional əməkdaşlığa, qonşularla münasibətlərin möhkəmləndirilməsinə sadiqliyini nümayiş etdirir".
Politoloq deyib ki, Qazaxıstan hazırda türk dünyasının və bütövlükdə regionun sürətlə inkişaf edən, iqtisadi cəhətdən yüksələn dövlətlərindən biridir. Ölkə başçısı da öz çıxışında Astanaya səfərləri və bu mənada Qazaxıstanın inkişafı, tərəqqisi, qüdrətlənməsi yolunda əldə etdiyi uğurları qeyd etdi:
"Dövlət başçılarının görüşündə ikitərəfli qarşılıqlı fəaliyyət məsələləri ilə yanaşı regionumuzda təhlükəsizlik sistemi ilə bağlı olan məsələlərə də toxunuldu. Liderlər öz bəyanatlarında beynəlxalq strukturlarda, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirməyi, mümkün inkişaf potensialını dəyərləndirməyi vacib hesab etdiklərini növbəti dəfə bəyan etmiş oldular.
Süleyman