"Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin 11 martda Azərbaycana gerçəkləşdirdiyi dövlət səfəri hər iki ölkə arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsinə yeni səhifə açacaq. Səfərdə Qazaxıstan prezidentini geniş heyət müşahidə edib və bir sıra vacib məsələlər barədə razılaşmalar əldə olunub. Prezidentlərin birgə mətbuta açıqlamalarından məlum olur ki, prezident Kasım-Jomart Tokayevin səfəri çox uğurlu və məhsuldar olub".
Bu fikirləri Newscenter.az-a AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki, Qazaxıstanla Azərbaycan arasında sıx və hərtərəfli əlaqələr mövcuddur:
"Hər iki dövlət bir sıra regional təşkilatlarda birgə təmsil olunurlar və bu fakt imkan verir ki, Astana ilə Bakı istər regional, istər qlobal iqtisadi, istərsə də ümumilikdə milli maraqların həyata keçirilməsində birgə mövqedən çıxış edilsin. Qazaxıstanın böyük iqtisadi potensialı var və xarici investorlar üçün cəlbedici ölkədir. Qazaxıstan həm iqtisadi gücünə, həm də ərazisinə görə Mərkəzi Asiyada dominant ölkədir və bu ölkənin təkcə Qərblə deyil, dünyaın güc mərkəzlərindən olan Cinlə çox yaxşı əlaqələri var. Bu baxımdan hesab edirəm ki, prezident Kasım-Jomart Tokayevin dövlət səfəri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TXBNM) Çindən Türkiyəyə və eləcə də Avropa Birliyi ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına, tranzit-logistika, neft-qaz, humanitar və iqtisadiyyatın digər sahələrində əməkdaşlığın genişləndirilməsinə yeni tövhələr verəcək".
Əli Oruclunun qənaətinc, görüş çərçivəsində Ali Dövlətlərarası Şuranın birinci iclası çərçivəsində qarşılıqlı fəaliyyətlərin müzakirəsi zamanı da yuxarıda sadaladığımız məsələrlə yanaşı, qlobal əhəmiyyət kəsb edən problemlərin ələ alınması həm də onu deməyə əsas verir ki, həm Azərbaycan, həm də Qazaxıstan regional və beynəlxalq siyasətin müəyyənləşdirilməsində fəal iştirak edirlər:
"Təqdirəlayiq haldır ki, Azərbaycan əraxi bütövlüyünü və suverenliyinin bərpasına Astana həmişə öz dəstəyini ifadə edib, işğaldan azad olunan ərazilərdə də quruculuq bərpa işlərində köməyini təklif edib. Xoş məram olaraq da Füzuli şəhərində Uşaq Yaradıcılıq Mərkəzi inşa edib. Onu da diqqətə almaq lazımdır ki, Qazaxıstan Ermənistanın da təmsil olunduğu KTMT hərbi blokunda Azərbaycana qarşı İrəvanın təhriki ilə hər hansı bir addımın atılmasına imkan verməyib. Türk dövləti olaraq Qazaxıstan Türk Dövlətləri Təşkilatının daha da möhkəmləndirilməsi üçün Azərbaycanla birlikdə önəmli rol oynayır və səfərdən sonra da bu istiqamətdə daha fəal və keyfiyyətli mərhələyə qədəm qoyulacağı şübhə doğurmur".
AMİP funksioneri, "Ümumiyyətlə qardaş və strateji müttəfiqmiz olan Qazaxıstan hər mənada Azərbaycanın yanında olub və bu iki dövlət bir birlərinə çox gərəklidir. Ona görə də hesab edirəm ki, dövlər başçılarının qarşılıqlı səfərləri və bu səfərlərin nəticələri həmişə faydalı və məhsuldar olub".
Süleyman