Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan mütəfəkkirlərinin əsərlərinin tərcüməsi və nəşrinə dair daha bir layihə həyata keçirilib.
Newscenter.az xəbər verir ki, Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin özbək dilində nəşr olunmuş “Qılınc və qələm” tarixi romanının təqdimatı ilə bağlı Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində tədbir keçirilib.
Tədbir iştirakçıları ilk öncə Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin foyesində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Nizami Gəncəvi yaradıcılığına aid Özbəkistanda Özbək dilində reallaşdırılan nəşrlərdən ibarət «Gəncədə doğan günəş» adlı kitab sərgisi ilə tanış olublar.
Universitetin konfranslar zalında davam edən tədbiri giriş sözü ilə açan Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin kafedra müdiri və Nizami Gəncəvi adına Beynəlxalq Elmi-Tədqiqatlar Cəmiyyətinin sədri, professor Nurbay Cabbarov “Qılınc və qələm” tarixi romanının özbək dilində nəşrinin Özbəkistan ədəbi həyatı üçün tarixi hadisə kimi qiymətləndirib.
Natiq ötən müddət ərzində Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin apardığı sistemli iş nəticəsində Azərbaycan yazıçılarının əsərləri, habelə dahi Nizami Gəncəvi haqqında yazılan bədii, elmi-tədqiqat əsərlərinin tərcümə və çapının həyata keçirildiyini qeyd etmiş və bu sahədə boşluqların tam aradan qaldırıldığını vurğulamışdır. O, aparılan işlərin uğurlu və ardıcıl şəkildə həyata keçirmək üçün Azərbaycan Mədəniyyət Mərkəzinin yanında Azərbaycan, Özbəkistan və Türkiyəli tanınmış ədəbiyyatşünaslarının iştirakı ilə Nizami Gəncəvi adına Beynəlxalq Elmi-Tədqiqatlar Cəmiyyəti yaradıldığını söyləmişdir.
Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetin prorektoru, professor Sultan Nurmatov Özbəkistan-Azərbaycan ədəbi əlaqələrinin dərin, qədim köklərindən söz açaraq iki ölkə arasında ədəbi əlaqələrin mədəni əlaqələr kimi yüksək səviyyəyə çatdığını, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son 10 ildə Azərbaycan ədəbiyyatına dair yüzlərlə nəşrin Özbək dilinə tərcümə edilərək çap edildiyini bildirib.
Çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında ədəbi əlaqələrdən danışıb, Özbək oxucularının Azərbaycan müəlliflərinin əsərlərinə böyük maraq olduğunu qeyd edib. Diplomat 2021-ci ilin Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə «Nizami Gəncəvi ili» elan olunduğunu və bu məqsədlə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda dahi mütəfəkkirin 5 əsəri – «Xəmsə»sinin, Nizami Gəncəvi əsərlərində Türkçülüyə dair Özbək alimlərinin monoqrafiyası, habelə Məmməd Səid Ordubadinin özbək dilində nəşr olunmuş və təqdimatı edilən “Qılınc və qələm” tarixi romanının tərcüməsi və nəşrinin sözügedən layihələrin davamı olduğunu bildirib.
Daha sonra çıxış edənlər - professor Abdulla Uluqov, tərcüməçi alim, Babaxan Şərif, professor, Uzoq Coraqulov, dosent Gülbahar Aşurova Məmməd Səid Ordubadi yaradıcılığı, yazıçının “Qılınc və qələm” tarixi romanı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvi obrazını 300-dən çox tarixi mənbələrə və faktlara əsaslanaraq yaratdığını və Azərbaycan xalqının dahi oğlu Nizami Gəncəvinin yaşadığı dövrün mənzərəsini bədii surətdə canlandırdığını qeyd ediblər.
Sonda Azərbaycan Mədəniyyət Mərkəzi tərifindən Özbək Dili və Ədəbiyyatı Universitetində yaradılmış Məhəmməd Füzuli adına Elmi-tədqiqatlar Mərkəzinin “Füzuli dilbəndləri” qiraət qrupunun çıxışında klassiklərimizə aid Azərbaycan və özbək dillərində şeirlər səsləndirilib.
Qeyd edək ki, Daşkənd şəhərində fəaliyyət göstərən “Niso naşriyot va matbaa uyi” poliqrafiya mərkəzində nəfis şəkildə çap olunan “Qılınc və qələm” tarixi romanının Özbək dilinə tərcüməçiləri - alimlər Nazira Aliyeva, Muhsin Hamidov və Rustam Komilovdur, nəşrin redaktoru və Ön sözün müəllifi isə Özbək alim Abdulla Uluqovdur.
Özbək dilində nəşr olunmuş “Qılınc və qələm” romanının Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın aparıcı kitabxanalarına, ali təhsil ocaqlarına əvəzsiz olaraq paylanması nəzərdə tutulub.
Süleyman