Ölkəmizin paytaxtında keçirilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu adından da göründüyü kimi bəşəriyyət üçün olduqca aktual məsələyə həsr edilib. Bu ad təsadüfi seçilməyib. Dünya həqiqətən də parçalanıb, hər yerdə ciddi çağırışlar var. Biz hazırda qlobal təhdidlərin hökm sürdüyü bir dövrdə yaşayırıq. Böyük güclər İkinci Dünya müharibəsindən sonra formalaşmış dünya düzənini parçalayır, mövcud sülh və təhlükəsizlik qaydalarının dəyişdirilməsi prosesi gündən-günə güclənir. Eləcə də iqlim dəyişmələri, biomüxtəlifliyin pozulmasından tutmuş qiymətli su ehtiyatlarının qeyri-düzgün idarə olunmasına qədər qlobal çağırışlar bütün bəşəriyyəti narahat edir. Biz, eyni zamanda, elm, texnologiya və innovasiya sahələrində inanılmaz inqilabın astanasındayıq. Süni zəka hazırda hər şeyə təsir göstərir. Bütün bunlar qlobal çağırışlardır və bu çağırışlar adekvat reaksiyalar, qlobal cavab tədbirləri tələb edir. XI Qlobal Bakı Forumu da məhz bu cavabları tapmaq üçün təşkil olunub. Forum iştirakçılarının sayı rekord həddədir. XI Forumda 70 ölkədən 400-dən çox mötəbər qonaq iştirak edir. Qonaqların arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları var. Bu, həqiqətən də Forumun nəhəng intellektual potensiala malik olduğunu göstərir.
“Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq sözügedən Forumu dünyaca nüfuzlu Davos İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla müqayisə etdi və Bakı Forumunun həmin platformalarla bir cərgədə olduğunu vurğuladı. Dünyanın sürətlə dəyişdiyini, yeni qeyri-sabitlik və qarşıdurma ocaqlarının meydana çıxdığını, böyük geosiyasi dəyişikliklərin baş verdiyini diqqətə çatdıran dövlətimizin başçısı, bu kimi qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın həqiqətən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı olduğunu qeyd etdi. Bu mənada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından həqiqətən də görürük ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir.
Bu cür mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməyimiz Bakını həqiqətən də dünyanın aparıcı diplomatik mərkəzlərindən birinə, effektiv “beyin hücumları”nın gerçəkləşdiyi məkana çevirir. Azərbaycan belə meqa-platformalara ev sahibliyi edərək qlobal problemlərin həllinə fərqli yanaşmaları, yeni baxışları təqdim etməklə, bütövlükdə dünyanın gələcək inkişafı üçün yeni istiqamətlər müəyyənləşdirir və dünyada cərəyan edən proseslərə yön verir. Forumda qlobal ümumbəşəri məsələlərin masaya yatırılması, müzakirəyə çıxarılması Azərbaycanın siyasi nüfüzunu artırmaqla yanaşı, regional və qlobal proseslərin müsbət məcraya yönləndirilməsi baxımından da bu müzakirələrin yüksək nəticələri olacaq. Prezdent İlham Əliyevin qeyd etdiyi kimi Bakı Forumunun təşkilatçısı qismində çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal gündəlikdə duran ən mühüm məsələləri dünyanın müxtəlif yerlərində qərar qəbul edənlərin diqqətinə çatdırmaq üçün böyük işlər görür. Həmçinin Forumun panel müzakirələrində səsləndirilən fikirlər və təkliflər də dünya birliyinə əhəmiyyətli töhvələr verəcək.
Ötən Forumla bu günkü Forum arasında keçən müddət ərzində dünyada və eləcə də regionumuzda bir çox hadisələrin baş verdiyini vurğulayan Azərbaycan Prezidenti, regionumuzdakı dəyişikliklərin ilk baxışdan lokal xarakterli kimi görünə biləcəyi fonunda, əsl həqiqətdə isə onların daha geniş nəticələrinin olduğunu diqqətə çatdırdı. Bildirildi ki, ötən görüşümüzdən bu yana baş verən əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır. Bu, həqiqətən də çox ciddi geosiyasi dəyişiklikdir. Dövlətimizin başçısı Azərbaycanın bu təcrübəsinin dünyadakı həll olunmayan kimi görünən mövcud münaqişələrin həllinə çox müsbət təsir göstərəcəyini və münaqişələrin həlli üçün bir model olaraq istifadə edilə biləcəyini vurğuladı. İstər postsovet məkanındakı münaqişələrin, istərsə də dünyadakı aktiv və ya dondurulmuş münaqişələrin həllində Azərbaycanın təcrübəsindən həqiqətən də “yol xəritəsi” kimi istifadə oluna bilər. İlham Əliyevin Azərbaycanın təcrübəsindən rol-model kimi istifadə oluna biləcəyi barədə mesajı yəqin ki, lazımi ünvanlarda nəzərə alınacaq.
Torpaqlarımızın işğal tarixindən, Ermənistanın uzun illər boyu yürütdüyü destruktiv siyasətdən, keçmiş Minsk qrupunun 28 illik fəaliyyəti ərzində danışıqların nəticələrinin sıfıra bərabər olmasından və uzun illər ərzində münaqişənin sülh yolu ilə həllini tapmaq üçün fəaliyyət göstərməyimizdən yığcam şəkildə bəhs edən dövlət başçımız qeyd etdi ki, “indi biz keçmişə nəzər salıb 28 ilin necə keçdiyini təhlil edəndə tam əmin oluruq ki, Minsk Qrupunun əsas məqsədi münaqişəni həll etmək deyil, onu dondurmaq, Ermənistan işğalını əbədi etmək və işğalla barışmalı olduğumuzun qaçılmazlığı barədə bizimlə danışıqlar aparmaq olub”. Minsk Qrupu həqiqətən də üzdə vasitəçilik görüntüsü yaratmaqla, əslində isə beynəlxalq hüquqa xəyanət etməklə, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əməl olunmamasına şərait yaratmaqla məşğul olub.
Əfsuslar olsun ki, Minsk Qrupu ilə yanaşı, dünyanın aparıcı paytaxtlarından da bizə mütəmadi olaraq mesaj göndərilirdi ki, münaqişənin hərbi yolla həlli yoxdur. Beləliklə, münaqişənin niyə sülh yolu ilə həll olunmamasının əsas səbəbi Ermənistan hökumətlərinin 1990-cı illərin əvvəllərindən başlayaraq Minsk Qrupuna və digər havadarlarına güvənərək qeyri-konstruktiv mövqe tutması idi. Ona görə də münaqişənin sülh yolu ilə həllini tapmaq istiqamətində bütün cəhdlərimiz uğursuz oldu. Və nəticədə, biz Minsk Qrupuna da, Ermənistanın digər havadarlarına da göstərdik ki, münaqişənin hərbi-siyasi yolla həlli faktiki olaraq göstərir ki, sülhə nail olmaq üçün bəzən hərbi variantdan da istifadə edilməlidir. Biz bu hüququmuzdan istifadə etdik, beynəlxalq hüququn tələbini və tarixi ədaləti təmin etdik. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi biz 2020-ci ilin sentyabr-noyabr aylarında onlara dərs vermək məcburiyyətində olduq və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib. Beləliklə, Qarabağ məsələsi öz həllini tapdıqdan sonra indi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə çox yaxınıq. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir. Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır.
Bəs, Ermənistan tərəfi necə, buna hazırdırmı? Əfsuslar olsun ki, Ermənistan və onun əsas havadarı rolunda çıxış edən Fransanın tutduğu revanşist, qızışdırıcı mövqe Cənubi Qafqazda qalıcı sülhün bərqərar olmasını əngəlləyir. İlham Əliyev tamamilə düzgün olaraq qeyd etdi ki, dünya birliyindən fərqli olaraq Fransa hökumətinin İkinci Qarabağ müharibəsinin və lokal antiterror əməliyyatının nəticələrinə münasibəti qeyri-adekvatdır və beynəlxalq hüquqa ziddir. Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün qoşun göndərəcəyini bəyan edən Fransa, öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana münasibətdə isə tamamilə əks mövqe tutur və ölkəmizi cəzalandırmaq üçün BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı üzərindən ən müxtəlif cəhdlərə əl atır. Lakin Fransa prezidenti Emmanuel Makronun Azərbaycanı cəzalandırmaq cəhdlərinin hamısı uğursuzluqla nəticələnib. Ona görə də barbarlığa, vandalizmə əl ataraq Evian şəhərində Azərbaycan şairi Natəvanın heykəlindən qisas almaq yolunu tutdular. Bəli, Fransa özünü bu dərəcəyə qədər kiçiltdi, rəzil etdi. Azərbaycan Prezidenti bir çox hallarda özünü mənəvi lider kimi qələmə verən Fransa kimi bir ölkədə belə halların qəbuledilməz olduğunu söyləməkdə haqlıdır. Dövlət başçımız bu çıxışı ilə Fransanın yalançı “mənəvi lider”, “mədəniyyətin beşiyi” maskasını cırdı.
Yeri gəlmişkən, bu arada Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunakın Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayaraq, XI Qlobal Bakı Forumunun işinə dəstəyini ifadə etməsini və Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələrin ortaq maraqlarımız, qarşılıqlı firavanlıq və təhlükəsizlik naminə dərinləşməyə və genişlənməyə davam etməsini vurğulamasını məxsusi qeyd etməliyik. Bu onu göstərir ki, Fransadan fərqli olaraq Avropanın və dünya siyasətinin formalaşdırılmasında həlledici söz sahiblərindən, qlobal aktorlardan biri olan Böyük Britaniyadan Azərbaycanın mövqeyinə və təşəbbüslərinə ciddi dəstək var.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri