Son vaxtlar xidmətdə özlərini "bərk-gedən oğlan" obrazı yaratmış işçilər arasında yaltaqlığın geniş vüsət alması bunu sanki bir yoluxucu xəstəlik adlandırmağıma əsas verir. Ümumiyyətlə, işçilər arasında yaltaqlığın olmasının ən əsas səbəblərindən biri məhz mənfəət əldə etmək duyğusudur. Yaltaq əməkdaşın əsas xüsusiyyəti əslində zəngin olmadığı halda zəngin kimi yaşaması, imkanları olmadığı halda bahalı paltarlar geyməsi, lüks evlərdə ömür sürməsi və ailəsi maddi cəhətdən çətin vəziyyətdə olduğu halda özünün zəngin mühitdə yaşamasıdır. Yaltaqlar bu imkanlara özlərinə hədəf seçdikləri şəxslərin dalınca gəzməklə sahib olmaq istəyirlər. Neçə deyərlər "Kral ölüb, yaşasın yeni Kral". Özlərinə ağa seçdikləri bu insanın pulundan, vəzifəsindən və sahib olduğu hər cür imkandan faydalanaraq yaşayırlar. Bunun qarşılığında isə yaltaqlandığı rəhbərin hər işini görmək, onu tərifləmək, nəfsini razı salmaq, özünə olan etibarını möhkəmlətmək kimi vəzifələri olur. Halbuki, hər bir əməkdaşın tək bir vəzifəsi var, o da Dövlətə, Millətə və Ali Baş Komandana şərəflə xidmətdir!
Maraqlıdır, bəzi əməkdaşların sağalmaz yarasına çevrilən bu yaltaqlığın qarşısını necə almaq olar, yoxsa söhbət əbədi problemdən gedir?18 illik müşahidlərəimdən bu qənaətə gəlmişəm ki, yaltaqlığın arxasında qorxu dayanır. Bu həyatda qorxudan pis heç nə yoxdur. Bəzən də görürəm ki, insanlar mənasız yerə başlayırlar yaltaqlanmağa və tərifləməyə. Başı boş, cibi dolu bəzi yaltaq və mənəviyyatsız əməkdaşlar bilə-bilə ki, yaltaqlandığı ağaları onlara heç nə etməyəcək, amma yenə də məhz daxilində olan qorxuya görə məharətlə yaltaqlanmaq yarışına düzülürlər. Yaltaqlıq bizim bəzi əməkdaşlarımıza alkoqolizm, narkomaniya kimi zərərli bir vərdişə çevrilib.
Əli İbrahimov-hüquqşünas