Azərbaycan müstəqil dövlət kimi dünya dövlətləri ilə yüksək səviyyəli siyasi əlaqələr saxlayır. Bu əlaqələr ikitərəfli,çoxtərəfli olmaqla dünya nizamı baxımından diqqəti çəkir. Azərbaycanla beynəlxalq təşkilatlar arasında münasibətlər də bu tezisə əsaslanır.
Son illərdə dövlətlər arasında münaqişələr, ədalətsiz müharibələr bəzən NATO-nun müdaxiləsi ilə həll olunur. NATO-nun müdaxilə etmədiyi müharibələr də olur və hansı mərhələdəsə dayandırılır. Bütün müharibələr sonda danışıqlarla bitir. Azərbaycan ədalətli müharibəni NATO-nun müdaxiləsi olmadan qələbə ilə tamamladı.
Azərbaycanla NATO arasında əlaqələr çoxdan yaranıb. Azərbaycan – NATO tərəfdaşlığı tarix baxımından 30 ili əhatə edir. Şimali Atlantika İttifaqı ilə Azərbaycanın yüksək səviyyədə əməkdaşlığının əsası 1994-cü ildə qoyulub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1994-cü il mayın 4-də Brüsselə səfəri zamanı NATO-nun keçmiş sovet respublikaları ilə əməkdaşlığını nəzərdə tutan “Sülh Naminə Tərəfdaşlıq” (SNT) sazişini imzaladı.
Azərbaycan hərbçiləri Kosovada və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib və bu iştirak rəğbətlə qarşılanıb. Bütün dövlətlər Əfqanıstandan qoşunlarını çıxartdı. 2021-ci il avqustun sonlarında Əfanıstanı tərk edən sonuncu müttəfiq qüvvə Azərbaycan hərbi bölüyü oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında bildirdi ki, “Uzun illər davam edən müzakirələrimiz zamanı biz həmişə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışırdıq. Artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almır. Çünki Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi”, onu da qeyd etdi ki, “Sülh danışıqlarına başlamaq Azərbaycanın təşəbbüsüdür. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub”.
Azərbaycan Respublikasının Prezidenti mətbuata verdiyi bəyanatda onu da xatırlatdı ki, Azərbaycanın NATO ilə ən vacib əməkdaşlıq sahəsi “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsindədir. Hər il sözügedən proqram çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin zabitləri 500-ə qədər təlim və seminarda iştirak edirlər.
Terrorçuluğa qarşı Tərəfdaşlıq Əməliyyat Planında iştirak edərək Azərbaycan terrorçuluğa qarşı mübarizəyə töhfə verir. Buraya NATO ilə kəşfiyyat və analitik məlumatların bölüşməsi və terrorçuluğa qarşı milli təlim imkanları və sərhədlərin və infrastrukturun təhlükəsizliyinin gücləndirilməsi sahəsində müttəfiq ölkələrlə əməkdaşlıq daxildir. Azərbaycan NATO ilə terror təhlükəsi ilə bağlı kəşfiyyat mübadiləsi həyata keçirir, siyasi müzakirələrdə iştirak edir və milli qabiliyyətlərin inkişaf etdirilməsi sahəsində əməkdaşlıq həyata keçirir.
Bu bəyanat mahiyyəti etibarilə informasiyavermə missiaysı kimi də tarixləşdi. Belə ki, NATO-nun Azərbaycan Ordusuna inteqrasiyasının mərhələləri də xatırladıldl, bildirildi ki, Müdafiə və təhlükəsizlik sahəsində islahatların aparılması Azərbaycanın inkişafı, o cümlədən, onun Avro-atlantik standartlara çatmaq və Avro-atlantik əməkdaşlığı genişləndirmək məqsədi üçün mühüm əhəmiyyət kəsb edir. Bu sahədə NATO və onun fərdi müttəfiq ölkələri kifayət qədər təcrübəyə malikdirlər ki, bundan da Azərbaycan yararlana bilər. Silahlı Qüvvələrdə korpus səviyyəsinə qədər NATO-nun struktur standartları tətbiq olunmuşdur. Müdafiə Nazirliyi və Baş Qərargahın NATO standartlarına uyğun yenidən qurulması ilə bağlı səylər davam etdirilir. 2007-ci ilin may ayında Milli Təhlükəsizlik Konsepsiyasının və 2010-cu ilin iyun ayında Hərbi Doktrinanın qəbul olunması təhlükəsizlik və müdafiə siyasətinin konseptual əsaslarının formalaşdırılması baxımından əhəmiyyətli olmuşdur. Hərbi Doktrinanın qəbul olunması Strateji Müdafiə İcmalı və Dəniz Təhlükəsizliyi Strategiyası kimi digər konseptual sənədlərin hazırlanması prosesini sürətləndirmişdir.
İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazanmış Azərbaycanla NATO arasında münasibətlər daha da inkişaf edəcəkdir...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı