NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana rəsmi səfəri regionda önəmli proseslərin cərəyan etdiyi bir zamana təsadüf etdi ki, bu da sülh və təhlükəsizlik naminə əməkdaşlığın inkişafı baxımından əhəmiyyətlidir. Yens Stoultenberqin Cənubi Qafqaz səfərinə Azərbaycandan başlaması isə bir daha ölkəmizin regionun, həm də hərbi-siyasi baxımından lider ölkəsi olduğunu, bölgənin problemlərinin Azərbaycanın aparıcı mövqeyi və iştirakı olmadan həllinin mümkünsüzlüyünü nümayiş etdirir. Digər tərəfdən isə ölkəmizin Cənubi Qafqaz ölkələri arasında NATO ilə ən sıx əlaqələrə malik ölkə olması da səfərin məhz Bakıdan başlamısını şərtləndirdi.
Azərbaycan Respublikası ilə NATO arasında hərbi, strateji münasibətlər hələ 1994-cü ilin may ayında yaradılıb. O vaxtdan bu günədək bu əlaqələr yüksələn xətlə inkişaf edir və genişlənir. 1994-cü ildə Şimali Atlantika Şurası nəzdində "Sülh Naminə Tərəfdaşlıq" Proqramının qəbul edilməsi ölkəmizin həyatında tarixi bir hadisəyə çevrildi. Ümummilli liderimiz Heydər Əliyev həmin ilin 3-4 may tarixlərində Belçikaya rəsmi səfəri zamanı NATO-nun Brüsseldəki mənzil-qərargahında NATO "Sülh Naminə Tərəfdaşlın" proqramının Çərçivə sənədinə imza atdı. Azərbaycan-NATO əlaqələrinin etibarlı əməkdaşlıq zəminində yaradılması ordu quruculuğu işinin bütün sahələrində özünü qabarıq şəkildə göstərməyə başladı. Ümumiyyətlə, hərbçilərimiz "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində bütün tədbirlərdə fəal iştirak edir, sülhməramlı təlimlərə, konfrans və seminarlara qatılırlar. Azərabycan Silahlı Qüvvələrinin tərkibində sülhməramlı qüvvələrin yaradılması da ölkəmizin NATO-nun SNT proqramına qoşulması ilə əlaqədardır. 1999-cu ildə isə sülhməramlı taqımımız Kosovoda KFOR tərkibində Sülhü Dəstəkləmə Əməliyyatına qatıldı. 2001-ci il dekabr ayının 20-də BMT Təhlükəsizlik Şurası Əfqanıstanda terrora qarşı mübarizə aparılması ilə bağlı məlum qətnaməni qəbul etdikdən sonra Azərbaycavn Respublikası da bu mübarizədən kənarda qalmadı. Sülhməramlılarımızın uğurlu xidməti beynəlxalq koalisiya qüvvələrinin komandanlığı tərəfindən də yüksək qiymətləndirilmiş, bir qrup Azərbaycanlı zabiti ABŞ-ın "Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadalarının Nailiyyət medalı" ilə təltif olunmuş, çoxsaylı fəxri fərmanlarla mükafatlandırılmışdır.
Ümumiyyətlə isə Alyansın Əfqanıstandakı fəaliyyəti dövründə ona nəinki Cənubi Qafqazda, hətta bəlkə Şərqi Avropa ölkələri arasında ən çox dəstək verənlərdən biri biz olmuşuq. NATO-nun Əfqanistana hərbi sursat və digər təchizat malları daşıyan təyyarələrinin 40%-nin məhz Bakıda yanacaq doldurduqdan sonra yoluna davam etməsi, Əfqanıstanı tərk edən son əsgərin məhz Azərbaycan əsgəri olması bunun bariz sübutudur.
Prezident İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşündə dediyi kimi Azərbaycanla NATO arasında aparılan dialoq bu gün də uğurla davam edir.
Səfər çərçivəsində müzakirə olunan məsələlərin çoxçeşidliliyi, qarşılıqlı əməkdaşlıq, hərbi əlaqələr, enerji təhlükəsizliyi, regional təhlükəsizlik, Azərbaycan-Ermənistan sülh danışıqları və COP29-u əhatə etməsi, dünyanın ən böyük hərbi-siyasi Alyansının ölkəmizə olan yüksək diqqətinin göstəricisi hesab oluna bilər.
NATO-nun Baş katibi Yens Stoltenberqin səfərdən dərhal sonra Azərbaycan Prezidenti ilə görüşdən məmnunluğunu ifadə etməsi, Azərbaycan-NATO əməkdaşlığının qarşılıqlı faydalı və tarixi münasibətlərə söykəndiyini bəyan etməsi, ölkəmizin təkcə regional proseslərin deyil, beynəlxalq münasibətlər sisteminin mühüm oyunçularından biri olduğunu təsdiqləyir.
Azərbaycan heç bir hərbi-siyasi bloka qoşulmasa da, hərbi baxımdan dünyanın bir sıra ölkələri ilə hərbi tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə malikdir. Bu xüsusda Azərbaycanın NATO-nun aparıcı güclərindən olan Türkiyə ilə strateji müttəfiq olması, Azərbaycan Ordusunun Alyansın ən yüksək döyüş qabiliyyətinə və quru gücünə sahib Türkiyə Ordusunun modelinə keçidi istiqamətində əldə olunan yüksək nailiyyətlər şübhəsiz ki, Şimali Atlantika Alyansının diqqətindən kənarda qala bilməzdi.
Azərbaycan bütün bunları öz hesabına edir və bununla da təkcə özünün deyil, bütövlükdə regionun təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atır.
Ümumiyyətlə isə bu görüş özü-özlüyündə böyük hadisədir. NATO Baş katibi dünyada ən böyük hərbi-siyasi təşkilatın rəhbəridir. Bu baxımdan onun ölkəmizdə səsləndirdiyi fikirlər də çox önəmlidir. Bu nöqteyi nəzərdən demək olar ki, yaxın vaxtlarda NATO Baş Katibi ilə Prezident İlham Əliyev arasında müzakirə olunan məsələləri və planlaşdırılan hədəflərin müsbət nəticələrini görmək imkanımız olacaq.
Yusif Bağırzadə, politoloq
Newscenter.az üçün