Çinin işğal planı demək olar ki, bütün dünyanı bürüyür. Pekin Orta Asiyadan indi də İrana istiqamət götürür. Newscenter.az-ın xəbərinə görə, Çinin İrana olan marağı barədə danışan politoloq Pərviz Əliyev deyib ki, İran və Çin arasındakı əlaqələrin tarixi kökəni hər zaman vurğuladığım kimi Sasani dövrünə təsadüf edir:
"Sasanilərin siyasi arenadan çəkilişindən sonra, sonuncu şah 3-cü Yəzdigirdin iki oğlu Bəhram və Firuz ərəb fəthindən sonra Çinə sığındılar və Tan İmperiyasının elit təbəqələrinə çox rahat şəkildə orientasiya etdilər. Hətta iki qardaş Tan İmperiyasının mühüm hərbi dövlət adamı oldular. İran dövlət ağlı Şah dövründə qismən soyuqlaşan Çin ilə qurulan bu əlaqələri İslam inqilabından sonra yenidən möhkəmləndirdi və bu münasibətlər Sasani vs Çin münasibətlərindən daha yüksək səviyyədə inkişaf etdi. Təsadüfi deyil ki, Ayətullah Əli Xameneinin sonuncu (6 günlük) xarici səfəri 1989-cu ilin iyununda İslam Respublikasının banisi Ayətullah Ruhullah Xomeyninin vəfatından cəmi bir ay əvvəl Çin və Şimali Koreyaya oldu".
O deyib ki, 1989-cu ildə, altı günlük səfərindən sonra kabinetinin ilk iclasında Xamneyi Pekin və Pxenyan səfərləri zamanı əldə etdiyi nailiyyətləri olduqca uğurlu adlandırdı. Onun sözlərinə görə, keçmiş tarixi əlaqələr, oxşar mübarizə yolları və bu iki ölkədə əldə edilmiş uğurlu təcrübələr hələ istifadə olunmamış fürsətdir və belə səfərlərin davam etdirilməsi öz bəhrəsini verəcəkdir:
"Ardınca isə Şanxayçıların hökümətdəki təmsilçisi Baş Nazir Li Pen Tehrana rəsmi səfər etdi. Xamneyinin bu səfərlərindən uzun müddət keçdi və İranın daxilində və xarici əlaqələrində çox şeylər oldu. İranın Rusiya ilə münasibətlərindən fərqli olaraq, İran-Çin münasibətləri daha çox iqtisadi əməkdaşlıq üzərində qurulub. İlk mühüm İran-Çin iqtisadi razılaşması 1980-1988-ci illərdə İran və İraq arasında baş vermiş müharibə zamanı əldə edilib. Çin İrana silah, xüsusilə orta və yaxın mənzilli raketlər satmışdı.
Son onilliklərdə İran və Qərb, xüsusən də ABŞ arasında davamlı qarşıdurma İranın Çin və Rusiyaya cəlb olunmasında mühüm rol oynayıb. Əslində, ABŞ və digər Qərb ölkələrinin İrana qarşı tətbiq etdiyi sanksiyalarla bu, seçim yox, zərurət olub. İranın Çin və Rusiya ilə 2009-2019-cu illər arasında ticarət əlaqələrinə baxsaq, bu iki ölkənin İranın xarici ticarətindəki payının əhəmiyyətli dərəcədə artdığını görərik. 2016-cı ilin yanvarında nüvə sazişi və ya Birgə Hərtərəfli Fəaliyyət Planı imzalandıqdan sonra Çin lideri Si Cinpin böyük diplomatik və iqtisadi nümayəndə heyətinin başında İrana səfər etdikdə yeni bir fəsil açıldı. Bu səfər zamanı İran və Çin 17 saziş imzalayıblar, o cümlədən Arak nüvə reaktorunun yenidən qurulması üçün nüvə əməkdaşlığı və İranın Çinin yeni “Bir kəmər və yol” ticarət və infrastruktur təşəbbüsünə qoşulması planları müzakirə edildi".
Pərviz Əliyev deyib ki, aAncaq indi isə "yeni fəsil" yenidən açılıb, Pekin sürətlə İran, İraq başda olmaqla Şiə dünyasında nüfuz və təsirini artırmaqdadır:
"Ən son Prezident İbrahim Rəisinin Pekin səfəri və Pekin Mərkəzi Məscidində namaz qılaraq, xütbə çıxışı etməsi ( bu ilk dəfədir bir prezident Pekin məscidində belə mərasimə qatılır) ölkələr arasında münasibətlərin necə müsbət bir yöndə cərəyan etdiyini göstərir. Ayrıca İranın müttəfiqi Suriyanın Çin ilə strateji müttəfiqlik müqaviləsi imzalaması (Əsədin Pekin səfəri), Çinin yenidən Tan İmperatorluğu dövründə olduğu kimi, bölgəyə təkrar gəlişi kimi oxunmalıdır. Bütün bunlara nəzər yetirəndə qarşımızda belə bir tablo meydana çıxır: ABŞ imperator Trayan dövründəki Yaxın Şərqdən yavaş-yavaş çəkilməyə başlayan Roma İmperiyasını (çünki ABŞ Pasifikdə Çin ilə mübarizəyə fokslanır), Çin isə İslam Xilafəti dövründə Yaxın Şərqə daxil olan Tan İmperiyasını xatırladır".
Anar Əliyev