“Bəşər tarixinin ən qanlı səhifələrindən olan 31 mart Azərbaycanlıların soyqırımından 106 il keçir. 106 il əvvəl bolşevik-daşnak birləşmələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırım aktı öz miqyası və əhatə dairəsinə görə geniş bir coğrafiyanı əhatə edən insanlıq əleyhinə cinayət idi. Təkcə Bakıda deyil, eləcə də bir çox əyalətlərdə bolşevik-daşnak birləşmələri kütləvi qırğınlar törətmişdilər”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı 31 mart Azərbaycanlıların Soyqırım Günündən danışarkən səsləndirib. İctimai Birlik sədri təəssüf hissi ilə deyib ki, bu günə qədər də dünya birliyi bu soyqırım aktına hüquqi-siyasi qiymət verməyib, ermənilərin Azərbaycan xalqına qarşı törətmiş olduğu soyqırımı görməməzlikdən gəlib:
“Tarixdə olmayan bir hadisəni “erməni soyqırımı” kimi qəbul etdiyi halda, bəşər tarixinin ən qanlı və qatı cinayəti sayılan 31 mart Azərbaycanlıların Soyqırımını dünya birliyi görməməzlikdən gəlib. Təkcə uzaq tariximizdə deyil, eləcə də yaxın tarixdə, 1992-ci il, fevralın 26-da Xocalıda ermənilər tərəfindən törədilən soyqırıma da dünya öz hüquqi-siyasi qiymətini verməyib, insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin cəzalandırılması istiqamətində heç bir addım atmayıb. Bu kimi tendensiyalar və cəzasızlıq mühiti isə erməniləri, Ermənistan dövlətini daha aqressiv edir, yeni-yeni cinayətlərə sürükləyir”.
Arzuman Muradlı diqqətə çatdırıb ki, 1918-ci ilin mart-aprel aylarında təkcə Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilib. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılıb və uçurulub:
“1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilib. Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv edib, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürüblər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50000 azərbaycanlı qaçqın düşüb. Bundan başqa İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilib, kəndlər isə yerlə yeksan olunub”.
İctimai Birlik sədri deyib ki, uzun illər, Sovetlərin dövründə bu soyqırım aktı Azərbaycan xalqından gizlədilib, onun açılmasına qarşı ciddi əngəllər törədilib:
“Lakin müstəqillik illərindən sonra tarixi həqiqətlərin üzə çıxarılması istiqamətində atılan addımlar, xüsusilə ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə xalqımızın tarixən başına gətirilən faciələrin öyrənilməsi, üzə çıxarılması yönündə ortaya qoyulan siyasi iradə bu kimi faktların öyrənilməsi, təbliğ edilməsi və dünyaya çatdırılması baxımından əhəmiyyətli oldu. Məhz Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzaladı”.
Süleyman