21-ci əsrin hüquq və azadlıqlar əsri olacağı müxtəlif beynəlxalq kürsülərdən dəfələrlə elan olunsa da, lakin çox təəssüflər olsun ki, neokolonializmə qarşı mübarizə məsələləri bəşəriyyət üçün hələ də öz aktuallığını saxlamaqdadır. Və ən pisi də budur ki, neokolonializm ənənələrini yaşadanlar, müstəmləkəçilik, sömürgəçilik siyasətini bu və ya digər üsullarla davam etdirənlər ilk növbədə məhz demokratiyadan, insan hüquq və azadlıqlarından, beynəlxalq hüququn aliliyindən dəm vuran böyük dövlətlərdir. Bu dövlətlərin başında isə Fransa gəlir. Afrika qitəsində (Niger, Mali, Konqo, Burkina-Faso və s.) mənfur neokolonializm siyasəti iflasa uğrayan Fransa, bu gün həmin siyasətini “Dənizaşırı bölgələr” adlandırdığı ərazilərdə davam etdirir.
Lakin bunu da qeyd etməliyik ki, Fransa kimi ölkələrin iyrənc neokolonializm siyasətinə qarşı mübarizə hərəkatı artıq get-gedə genişlənməkdədir və bu prosesdə Azərbaycanın fəallığı xüsusilə təqdirəlayiqdir. Son 4 ildə Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq platformaya uğurla sədrlik etmiş Azərbaycan bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılmasına böyük töhfə verib. Bu məqamı Prezident İlham Əliyev də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında vurğuladı. Belə ki, dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanın sözügedən quruma sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafı təmin edilib və bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır.
Azərbaycan Prezidenti həmçinin onu da qeyd etdi ki, Qoşulmama Hərəkatına sədrlik dövründə bizim prioritetlərimizin içində neokolonializmə qarşı mübarizə məsələləri durmuşdur, bu gün də bu belədir: “Bizim xarici siyasət istiqamətləri arasında bu sahə xüsusi önəm daşıyır. Bir müddət bundan əvvəl Azərbaycanda Bakı Təşəbbüs Qrupu yaradılmışdır. Bu, beynəlxalq qurumdur. Bu qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir. Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur və yenə də deyirəm ki, bu qurumun nəticələri göz qabağındadır”.
Prezidentin sözünə qüvvət olaraq qeyd edim ki, Bakı Təşəbbüs Qrupu bu gün dünyada neokolonializmə qarşı mübarizədə həqiqətən də öndə gedən platformalardan biridir. Bakı Təşəbbüs Qrupunun ötən ilin 22 sentyabrda BMT-nin Nyu Yorkdakı Baş qərargahında təşkil etdiyi “Dekolonizasiya: Sakit İnqilab” Konfransında iştirak edən bir çox natiqlər də Fransa müstəmləkəçiliyinə qarşı mübarizədə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın atdığı addımları və həyata keçirdiyi tədbirləri yüksək qiymətləndiriblər. Fransanın “Dənizaşırı bölgələr” adlandırdığı ərazilərin (Yeni Kaledoniya, Martinika, Fransız Qvianası, Fransız Polineziyası və Qvadelupa) müstəqillik və millətçi hərəkatlarının nümayəndələri xüsusilə vurğulayıblar ki, təmsil etdikləri siyasi partiyalar və hərəkatlar uzun illərdi Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparsalar da, BMT kimi nüfuzlu təşkilatın çərçivəsində ilk dəfədir dekolonizasiyaya dair belə konfransda iştirak edirlər. Onlar səslərinin artıq BMT tribunalarında eşidilməsinin onları ruhlandırdığını və bu xüsusda konfransın təşkilatçısı olaraq Bakı Təşəbbüs Qrupunun fəaliyyətini təqdir etdiklərini bildiriblər. Azərbaycanın Fransa müstəmləkəçiliyinə qarşı mübarizədə Dənizaşırı ərazilərin müstəqillik və millətçi hərəkatları ilə həmrəylik nümayiş etdirməsi onların milli azadlıq mübarizəsinin qələbə ilə bitəcəyinə inamlarını daha da artırır.
Təsadüfi deyil ki, Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso da mətbuata bəyanatında bildirdi ki, Konqo və Azərbaycan bundan sonra da istər BMT və Qoşulmama Hərəkatı çərçivəsində, istərsə də digər sahələrdə birlikdə mübarizə aparacaq. Azərbaycan Konqo ilə COP29 çərçivəsində də həm ikitərəfli formatda, həm də çoxtərəfli formatda əməkdaşlıq etməyi nəzərdə tutur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi ümumiyyətlə, Konqo BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində hər zaman bizim təşəbbüslərimizə öz dəstəyini verib.
Bu gün Afrika qitəsinin önəmli ölkələrindən biri sayılan Konqonun ölkəmiz ilə sıx əməkdaşlıqda maraqlı olması beynəlxalq müstəvidə neokolonializmə və zorakılıq siyasətinə qarşı mübarizədə Azərbaycanın gücünü artırır. Bu, neokolonializm siyasətini Afrikadan Cənubi Qafqaza transformasiya etmək istəyən Fransaya da ciddi siqnaldır. Paris revanşist Ermənistanın vasitəsilə Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək və gərginliyi artırmaq siyasətindən əl çəkməlidir. Azərbaycanın neokolonializmin əleyhinə olan qüvvələri birləşdirməsi uğurlu taktikadır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri