30 il ərzində Azərbaycan torpaqlarının işğalı fonunda Rusiyanın forpostuna çevrilən Ermənistan dövləti, indi də Fransa başda olmaqla Qərbin plasdarmına çevrilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbə Qərbin regionla bağlı bütün planlarını pozdu. Məhz bu səbəbdən Ermənistan və havadarları israrla regionda yaranan reallıqlar və status-kvonu qəbullənmək istəmir. Rəsmi Vaşinqton və Brüssel "Ermənistan- Avropa İttifaqı- ABŞ" üçlü formatında keçiriləcək Brüssel görüşünün təhlükəsizlik və siyasi yox, iqtisadi gündəmlə bağlı olduğunu bəyan etsə də, görüşün birbaşa Ermənistanın ticarət əlaqələrini şaxələndirmək məqsədi daşımadığı bəllidir. Baxmayaraq ki, prosesin aparıcı qüvvələri məlum görüşü "iqtisadi gündəm" adı altında pərdələmək cəhdləri edir. Lakin bu diqqəti əsas hədəfdən yayındırmaq istəyindən irəli gəlir.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoriyanın görüşün Ermənistanın müqavimətini gücləndirmək məqsədini daşıdığını açıqlaması belə Qərb rəsmilərinin dediklərini inkar edir.
Rusiyanın əsas diqqətini Ukrayna müharibəsinə yönəltməsi digər regionlarda zəifləməsi ilə nəticələnir. Cənubi Qafqaz üzrə də hadisələr bu minvalla inkişaf edir. Regionda Moskvanın hərbi-siyasi baxımdan əsas dayaq məntəqəsi Ermənistan hesab olunduğu üçün qurulan oyun da məhz bu ölkə üzərindən icra edilir. Buna görə də ABŞ və Avropa İttifaqının əsas hədəfi Ermənistanın təhlükəsizlik vektorunu dəyişmək, Rusiyanın yerini doldurmaq və bölgədə möhkəmlənməkdən ibarətdir. Ermənistan aspektindən Rusiyaya qarşı siyasi və hərbi alternativ mövcud olsada, iqtisadi cəhətdən bu hələ də mümkün deyil. Rusiya bazarı hələlik İrəvanın alternativsiz qazanc mənbəyidir. Ancaq Vaşinqton və Brüssel iqtisadi yardımı təmin edəcəyi təqdirdə Nikol Paşinyan və komandası Moskvaya qarşı ritorik müstəvidə görünən addımlarını praktiki müstəvidə də atmağa başlayacaq. İndi əsas məsələ Rusiyanın əlehinə inkişaf etməkdə olan prosesə necə reaksiya verəcəyi ilə bağlıdır. Aydın məsələdir ki, Ukrayna məsələsində son ana qədər gözləmə mövqeyi tutan Kreml bu dəfə o qədər də səssiz qalmayacaq. Ermənistan rəhbərliyi Ukrayna və Gürcüstan modelində Qərbin üçüncü ölkəyə qarşı verdiyi dəstəyin hansı nəticələrə səbəb olduğu reallığını dərk etməlidir. Təbii ki, Bakı və İrəvan arasında hələdə mübahisə doğuran məsələlərin mövcudluğu və sülh müqaviləsinin imzalanmadığını nəzərə alarsaq Ermənistanın Azərbaycanla növbəti təxribata sürüklənməsinin şahidi ola bilərik. Son dövrlər qarşı tərəfdə hərbi aktivliyin müşahidə olunması da buna işarə edir. Bu yolla Rusiya və KTMT Ermənistanı müdafiə etmir görünüşü yaratmağa çalışa bilərlər. Lakin Azərbaycan regionda sabitliyi pozmağa yönəlmiş bu kimi addımları qəbul etmir və bölgədə yeni münaqişə ocağının yaranmasına imkan verməyəcək.
Pərviz Mirizadə, AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi