Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaq

Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaq


Xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi istiqamətində atılan addımların, əldə edilən nəticələrin miqyası olduqca genişdir. Ölkəmizin xarici siyasətində çoxvektorlu xarici siyasət prioritet təşkil edir. Bu mənada rəsmi Bakının Afrika ölkələri ilə münasibətlərinin inkişafına xüsusi diqqət yetirməsi də ardıcıl və məqsədyönlü fəaliyyətin məntiqi nəticəsidir.
Məsafə baxımdan uzaq olsa da Azərbaycan Afrika qitəsindəki ölkələrlə əlaqələrin inkişafına da maraq göstərərək, gələcək əməkdaşlıq üçün qarşılıqlı faydalı imkanlara yol açır. Xüsusilə də indiki dönəmdə, yəni uzun illər ərzində Qərbin amansız istismarına məruz qalmış “Qara qitə” ölkələrinin geosiyasi arenada çəkisinin artması Bakının kontinentlə siyasi-iqtisadi əlaqələrin yaradılmasına və inkişaf etdirilməsinə təkan verir. Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana tarixi səfəri bunun sübutudur.
Qeyd etmək yerinə düşər ki, Konqo Demokratik Respublikası Afrika qitəsinin əsas oyunçusudur. Sahara bölgəsində ən yüksək artım templərindən birinə malik Konqo Afrikanın ikinci ən böyük ölkəsi və ən çox əhalisi olan üçüncü ölkədir. Təbii ehtiyatları və demoqrafik potensialı sayəsində Konqo bir sıra iqtisadi üstünlüklərə malikdir. Ölkənin istifadə olunmamış mineral və metal ehtiyatları təqribən 24 trilyon dollar dəyərində qiymətləndirilir. Bundan başqa, Konqo Afrika qitəsinin bütün meşə örtüyünün 50 faizini təşkil edir. Onun hidroelektrik potensialı bütün Afrikanı enerji ilə təmin etmək üçün kifayətdir. Elektronikada, maqnit avadanlıqlarında və reaktiv mühərriklərdə geniş istifadə olunan kobalt ehtiyatlarının 80 faizi məhz Konqodadır. Göründüyü kimi, Konqo əlverişli coğrafi mövqeyə və zəngin təbii sərvətlərə malikdir.
Aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə rəsmi səfəri çərçivəsində Prezidentlərin keçirilən təkbətək və geniş tərkibdə görüşlərində, mətbuata birgə bəyanatlarında da Azərbaycanın xarici siyasət uğurlarından, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün imkanların mövcudluğundan bəhs edildi.
Dövlət başçısı İlham Əliyev ilk dəfədir Konqo Prezidentinin ölkəmizə səfər etdiyini önə çəkərək böyük əminliklə bildirdi ki, səfərin çox gözəl nəticələri olacaq. Qarşılıqlı səfərlərin əlaqələrin inkişafında mühüm faktor olduğu xüsusi qeyd edildi.
Şübhə yoxdur ki, ölkə başçısı İlham Əliyevin bu və ya digər ölkələrə, həmçinin həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinin hər biri beynəlxalq münasibətlər sistemində mövqelərimizin möhkəmlənməsinə xidmət edir.
Sözügedən səfər çərçivəsində mühüm sənədlər imzalandı ki, onlardan biri iki ölkə arasında əməkdaşlıq haqqında Bəyannamədir. Cənab İlham Əliyev mətbuata bəyanatında vurğuladı ki, imzalanan Bəyannamə çox önəmli və sanballı bir sənəddir. Bu sənəd ölkələr arasındakı əməkdaşlığın perspektivlərini müəyyən edəcək. Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaq. Siyasi əlaqələrimizin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur və bu gün imzalanmış əməkdaşlıq haqqında Bəyannamə bunu bir daha təsdiq edir.
Konqo ilə Azərbaycan əlaqələrindən danışarkən iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı da qeyd etmək lazımdır. Bu xüsusda ilk olaraq BMT-də və Qoşulmama Hərəkatında ölkələrimizin bir-birinə olan qarşılıqlı dəstəklərini xüsusi qeyd etməliyik. Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə qurumun beynəlxalq nüfuzunun artması istiqamətində atdığı addımlar hər zaman Konqo tərəfindən böyük dəstək qazanıb. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması qurumun hər bir üzvünün marağındadır.
Əlaqələrin inkişafında iqtisadi amili də qeyd edərək bildirim ki, hazırkı dövrün əsas çağırışının bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması olduğunu nəzərə alsaq Konqo Prezidenti Azərbaycanla bu sahədə əlaqələrin böyük perspektivi olduğunu, ölkəmizin zəngin təcrübəsindən istifadə etməkdə qərarlı olduqlarını diqqətə çatdırdı. İqtisadi sahədə Azərbaycan Konqo ilə bağlı bir sıra investisiya layihələrində iştirak etmək niyətindədir və ən başlıca sahə kənd təsərrüfatıdır. Bununla bərabər bərpəolunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlər var.
Prezidentlərin görüşü zamanı həmçinn Azərbaycanın bu il mötəbər tədbirə - COP29-a ev sahibliyi edəcəyi təqdir olundu və cənab İlham Əliyev vurğuladı ki, Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır, burada Konqo ilə ikitərəfli, eyni zamanda, çoxtərəfli formatda əməkdaşlıq etmək məqsədəmüvafiq ola bilər.
Görüş çərçivəsində imzalanan “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”; “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”; “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu” onu göstərir ki əlaqələrin inkişafı strateji əhəmiyyət daşıyır və yaxın gələcəkdə qarşılıqlı təmasların daha da artacağı gözlənilir.

Yusif Bağırzadə, politoloq

Newscenter.az üçün
Xəbəri paylaş