Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisin növbəti plenar iclası keçirilib-YENİLƏNİB

Milli Məclisin növbəti plenar iclası keçirilib-YENİLƏNİB


Aprelin 5-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

Newscenter.az xəbər verir ki, əvvəlcə, iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələrdə Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, parlamentin komitə sədrləri Fazil Mustafa, Siyavuş Novruzov, deputatlar Elman Nəsirov, Kamal Cəfərov, Əli Məsimli, Vüqar Bayramov, Ceyhun Məmmədov, Müşfiq Cəfərov, Razi Nurullayev, Etibar Əliyev çıxış ediblər. Çıxışlarda bu gün Brüsseldə keçirilməsi nəzərdə tutulan Ermənistanın baş naziri, ABŞ Dövlət katibi və Avropa Komissiyasının prezidenti arasındakı üçtərəfli görüşlə bağlı fikirlər səsləndirilib.

Millət vəkilləri Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra Cənubi Qafqazda yeni reallıqların yarandığını deyərək, bu görüşün regionda gərginliyin dərinləşməsinə xidmət etdiyini bildiriblər, bu üçtərəfli görüşü Cənubi Qafqazda gedən sülh prosesinə maneə kimi qiymətləndiriblər. Qeyd olunub ki, bu görüş regionda siyasi tarazlığa ciddi təsir göstərə bilər. Həmçinin Ermənistana hərbi yardımın göstərilməsi də narahatlıq doğurur. Hazırda Azərbaycanla Ermənistan arasında sülh prosesi istiqamətində irəliləyişin baş verdiyi bir vaxtda bu cür addımların atılması qəbuledilməzdir.

Çıxışlarda vurğulanıb ki, bu gün Azərbaycan Cənubi Qafqazda sülhün, sabitliyin bərqərar edilməsinə, iqtisadi inkişafa, əməkdaşlığa səy göstərir. Qarabağda, Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma işləri həyata keçirilir. Dövlətimiz tərəfindən xalqın təhlükəsizliyi, torpaqlarımızın suverenliyi təmin edilir. Bu baxımdan görüşlə bağlı Azərbaycan Prezidentinə gələn zənglər dövlət başçımızın qlobal səviyyədə nüfuzunu, regionda ölkəmizin rəyi nəzərə alınmadan sülhün, əməkdaşlığın təmin edilməyəcəyini nümayiş etdirir və bir daha təsdiq edir ki, Qərb Azərbaycanın güclü mövqeyini qəbul edir.

Səsləndirilən fikirlərə münasibət bildirən spiker Sahibə Qafarova qeyd edib ki, Azərbaycan amili tək Cənubi Qafqazda deyil, bütün dünyada məlumdur.
Müzakirələrdə deputatlar bir sıra digər aktual mövzular barədə də öz fikirlərini bölüşüblər.

Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıb.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu gün 22 məsələ müzakirə olunacaq və gündəliyin ilk səkkiz məsələsi Milli Məclisin qərar layihələridir. Qeyd olunub ki, 1-ci məsələ Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərliyində yeni bir dəyişikliyin edilməsini nəzərdə tutur və bununla bağlı qərar layihəsi müzakirəyə təqdim olunur.

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məsələni təqdim edərək bildirib ki, ölkəmizin türk dövlətləri ilə əlaqələri getdikcə daha da möhkəmlənir. Bu nöqteyi-nəzərdən təqdim edilən qərar layihəsi böyük əhəmiyyətə malikdir və türk dünyasının genişləndirilməsinə, birliyinin gücləndirilməsinə xidmət edir. O, Şimali Kipr Türk Cümhuriyyəti ilə münasibətlərimizin möhkəmlənməsi, parlament əlaqələrinin inkişafi barədə söhbət açıb. Səməd Seyidov xatırladıb ki, Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığı ilə 2021-ci ildə parlament nümayəndə heyəti ilk dəfə Şimali Kipr Türk Cümhuriyyətinə rəsmi səfər edib. Bildirilib ki, bu səfər çərçivəsində Azərbaycan Milli Məclisində dostuq qrupunun yaradılması ilə bağlı söhbət aparılıb. Komitə sədri 2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş 9-cu Zirvə toplantısında Şimali Kipr Türk Cümhuriyyətinə müşahidəçi statusunun verildiyini söyləyib və bu məsələdə Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyini xüsusi vurğulayıb.

Səməd Seyidov Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentərarası əlaqələr üzrə işçi qrupunun yaradıldığını və qrupun rəhbəri qismində deputat Cavanşir Feyziyevin təklif edildiyini diqqətə çatdırıb, onun fəaliyyəti, iş təcrübəsi ilə bağlı məlumat verib, türk dünyası ilə bağlı apardığı araşdırmalardan bəhs edib.

Komitə sədri bildirib ki, təqdim edilən qərar layihəsi ölkələrimiz arasında əlaqələrin daha da inkişafına xidmət edəcək.

Deputatlar Fəzail Ağamalı, Musa Qasımlı, Hikmət Məmmədov, Anar İsgəndərov məsələ barədə fikirlərini səsləndirdikdən sonra “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərar layihəsi qəbul edilib.

Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti 7 məsələsi cənab Prezidentin təqdimatları əsasında bir sıra məhkəmələrin hakimlərinin təyin və vəzifədən azad edilməsi ilə bağlıdır.

Sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, M.K.Həsənovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad edilməsi, Şəki Apellyasiya Məhkəməsinin hakimlərinin təyin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında məsələlər barədə məlumat verib.

O, diqqətə çatdırıb ki, dövlət başçısının təqdimatına əsasən, hakim korpusunu təmsil edən 2 nəfərin Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimləri, 1 nəfərin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi, həmçinin 10 hakimin Bakı, 2-nin Gəncə, 3-nün Sumqayıt, 3-nün Şəki və 4-nün Şirvan Apellyasiya məhkəmələri hakimlərinin təyin olunması nəzərdə tutulur. Bununla yanaşı, vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar 6 hakimin tutduqları vəzifədən azad olunması təqdimatda öz əksini tapıb.

Bildirilib ki, ölkə Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanı məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üçün fundamental əhəmiyyətə malik “Yol xəritəsi” rolunu oynayır. Bu istiqamətdə son dövrdə atılan addımlar həm qanunvericilik, həm də institusional tədbirləri əhatə edir. Qeyd olunanlar məhkəmə hakimiyyətinin müstəqilliyinin, məhkəmələrin digər hakimiyyət qolları ilə münasibətlərində tarazlığın təmin edilməsindən ibarətdir. Bu sırada Məhkəmə-Hüquq Şurasının tərkibinin yeni səmərəli sistem əsasında formalaşması, hakimlərin özünüidarə təşkilatlarının rolunun artırılması, Şuraya rəhbərliyin Ali Məhkəmənin sədrinə həvalə edilməsi, həmçinin məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər xüsusi önəm daşıyır.

Qeyd olunub ki, məhkəmə sistemində müvafiq vəzifələrə irəli sürülən namizədlər mərhələli şəkildə yoxlama və qiymətləndirmə prosedurlarından keçirlər. Hər bir namizədin fəaliyyəti müsbət qiymətləndirildikdən sonra, onların müvafiq məhkəmə instansiyalarında vəzifə tutmaq imkanı yaranır və dövlət başçısına Məhkəmə-Hüquq Şurası tərəfindən təqdim edilir.

Sonra Milli Məclisin bu qərar layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Parlamentin sədri Sahibə Qafarova yeni təyin olunan hakimləri təbrik edib və ədalət mühakiməsinin həyata keçirilməsində onlara uğurlar arzulayıb.

Spiker gündəliyin digər beş məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu söyləyib. O, bildirib ki, növbəti iki məsələ cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındır. Sədr qeyd edib ki, 9-cu məsələ “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsidir, 10-cu məsələ isə “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsidir.

Qanun layihələrini təqdim edən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli hər iki məsələnin “Media haqqında” qanunun tətbiqi ilə bağlı olduğunu və uyğunlaşdırma xarakterli dəyişikliklərin nəzərdə tutulduğunu deyib.

Sonra Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli bu komitələrin onuncu məsələ ilə əlaqədar müsbət rəy verdiyini diqqətə çatdırıblar.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Parlamentin sədri Sahibə Qafarova növbəti iki məsələnin də cənab Prezidentin bir məktubu ilə Milli Məclisə təqdim edildiyini və mahiyyətcə bir-birinə yaxın olduğunu söyləyib. O, həmin iki məsələnin “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələri olduğunu diqqətə çatdırıb.

Sonra Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov həmin qanun layihələrini təqdim edib. O, ikinci oxunuşdan sonra komitəyə heç bir təklifin daxil olmadığını deyib və məsələnin səsə qoyulmasını xahiş edib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsindən bəhs edib. O, birinci və ikinci oxunuşdan sonra komitəyə bu layihə ilə bağlı heç bir təklifin daxil olmadığını söyləyib və olduğu kimi səsə qoyulmasını xahiş edib. Təqdim edilən dəyişiklikdə geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrinin özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının sırasından çıxarılması təklif olunur.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Spiker Sahibə Qafarova gündəliyin digər altı məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Millət vəkili məsələnin birinci oxunuşda geniş müzakirə edildiyini, hər hansı rəy və təklifin olmadığını deyib və səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi xüsusi növ dövlət qulluğu sayılan orqanların təcrübəsi öyrənilməklə, eyni zamanda, təcrübədə meydana çıxan müvafiq boşluqlar təhlil edilməklə Əsasnamənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Sənəd qanunvericiliyin tətbiqi təcrübəsində rast gəlinən və tənzimlənməsi zərurəti olan halların təkmilləşdirilməsinə, vergi orqanlarında xidmətin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev sənəd barədə bu komitələrin müsbət rəylərini səsləndiriblər.

Deputat Etibar Əliyev məsələ ilə bağlı bəzi qeydlərini bildirib. Millət vəkili Kamal Cəfərov qaldırılan məsələlərə aydınlıq gətirib.

Sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Sonra Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib. O, layihənin birinci oxunuşda geniş müzakirə olunduğunu, heç bir əlavə təklifin, dəyişikliyin olmadığını deyib və səsə qoyulmasını xahiş edib.

Sənəddə təqdim olunan dəyişikliyə əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunda müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bu hüquq kişilərə münasibətdə qadın vəfat etdiyi, habelə valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın kişinin himayəsinə verildiyi hallarda tətbiq edilir.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məsələnin komitədə ikinci oxunuşda müzakirə olunduğunu və Milli Məclisdə baxılması üçün tövsiyə edildiyini diqqətə çatdırıb.

Deputat Vüqar Bayramov məsələ ilə bağlı çıxışında öz təklifini irəli sürdükdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, layihə barədə birinci oxunuşda ətraflı məlumat verildiyini bildirib və hər hansı bir təklifin komitəyə daxil olmadığından, səsə qoyulmasını xahiş edib. Qeyd olunub ki, dəyişikliklərin əsas məqsədi insan hüquqlarının daha səmərəli həyata keçirilməsinə nail olmaqdır. Layihə inzibati icraat zamanı həyata keçirilən tədbirlərə kənar şəxslərin (hal şahidlərinin) cəlb edilməsinin aradan qaldırılmasını nəzərdə tutur.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsini nəzərə çatdırıb. Bildirilib ki, layihədə adı çəkilən dörd qanunda sənaye zonaları və texnologiya parkları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə dəyişikliklər nəzərdə tutulur. İlk üç qanunda düzəlişlər texniki xarakter daşıyır, dördüncü – “Reklam haqqında” qanunda isə sənaye zonalarında ödənişsiz reklam sahəsinin 1 kvadratmetrdən 20 kvadratmetrədək artırılması təklif olunur.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev sənəd barədə rəhbərlik etdiyi komitənin rəyini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra komitə sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Bildirilib ki, dəyişikliklərdə ipoteka saxlayanın tələbdən və ya ipotekadan imtina etdiyi halda mülkiyyət münasibətlərinin və borclu şəxsin vəfat etdiyi zaman zaminin subsidiar məsuliyyətinin tənzimlənməsi nəzərdə tutulub. Komitə sədri layihənin birinci oxunuşu zamanı səsləndirilən təkliflərə işçi qaydada baxıldığını da söyləyib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov sənədlə bağlı bu komitənin rəyini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra spiker Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti məsələsi – “Media haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsidir. Sənəd Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edilib.

Bu məsələ barədə İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məlumat verib. O, diqqətə çatdırıb ki, təklif olunan dəyişiklik Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Şərq qapısı” qəzetinin təsisçisi statusunun hüquqi əsaslarının qanunvericilikdə təsbit edilməsini nəzərdə tutur.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli sənədlə bağlı bu komitənin müsbət rəyini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin son üç məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Bildirilib ki, layihə 1954-cü il tarixli "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasına dair İkinci Protokolunda nəzərdə tutulmuş mədəni sərvətlərin qorunmasına dair müddəaların milli qanunvericilik aktlarına daxil edilməklə onların icrasının təmin edilməsi üçün hüquqi əsasın yaradılması məqsədi ilə hazırlanıb.

Qeyd olunub ki, qanun layihəsində silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsinin beynəlxalq qaydalarının öyrənilməsi və onlara riayət edilməsi vəzifəsinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına tapşırılması, silahlı münaqişə zamanı daşınar mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsində fərqləndirici emblemlə işarələnmiş nəqliyyat vasitələrindən istifadə olunması imkanının təsbit edilməsi, ekstradisiyadan imtinanın hüquqi əsaslarının genişləndirilməsi, habelə Azərbaycan xalqının milli mədəni və təbii irsinə aid obyektlərə xüsusi mühafizə və ya gücləndirilmiş mühafizə statusunun verilməsinə dair tələbləri nəzərdə tutan normalar öz əksini tapıb.

Sənəd barədə Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu komitələrin rəylərini diqqətə çatdırıblar.
Müzakirələr zamanı komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, deputatlar Razi Nurullayev, Bəhruz Məhərrəmov, Sahib Alıyev, Elnur Allahverdiyev öz fikir və qeydlərini səsləndirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin üzvü Arzu Nağıyev “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib. Bildirilib ki, qanun layihəsi "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 1936 nömrəli Fərmanının 3.3-cü bəndinə uyğun olaraq hazırlanıb.

Diqqətə çatdırılıb ki, "Sosial sığorta haqqında" Qanunun 15-ci maddəsində məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinin siyahısı, Vergi Məcəlləsinin 102-ci maddəsində isə gəlir vergisindən azadolmalar və güzəştlər müəyyən edilib. Bu normalarda Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə ödənilən müavinətlər, kompensasiyalar və aylıq əlavə, həmçinin mühafizəsi zəruri hesab edilən Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların xarici ölkədə aldığı əməkhaqqı sosial sığorta haqqından və gəlir vergisindən azad edilən gəlirlər kimi təsbit olunub. Qeyd olunub ki, Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin də həmin güzəştlərdən istifadə hüququnun təmin edilməsi ilə əlaqədar qeyd olunan normativ hüquqi aktlarda dəyişiklik edilməsi zəruri hesab edilib.

Bildirilib ki, qanun layihəsi DTX-nın xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin saxlanma xərclərinin (o cümlədən təmsilçilik xərclərinin) norma və ödəniş Qaydaları"na uyğun olaraq ödənilən bütün növ ödənişlərin (dövlət məvacibi istisna olmaqla) məcburi dövlət sosial sığorta haqqı və gəlir vergisindən azad edilməsini nəzərdə tutur. Layihə qəbul edildiyi təqdirdə, DTX-nın xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin əldə etdiyi gəlirlərindən yalnız dövlət məvacibi məcburi dövlət sosial sığorta haqqına və gəlir vergisinə cəlb ediləcəkdir.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məsələ ilə bağlı çıxışında Azərbaycanın dövlət təhlükəsizliyinin qorunmasının mühüm əhəmiyyət kəsb etdiyini və ölkə Prezidentinin müvafiq Fərmanının bu istiqamətdə yeni imkanlar yaratdığını qeyd edib. Bildirilib ki, müasir çağırışlar fonunda dövlətin təhlükəsizliyinin təmin edilməsi xarici dövlətlərdə fəaliyyətin gücləndirilməsini labüd edir. Tahir Mirkişili rəhbərlik etdiyi komitənin layihədə təklif olunan dəyişikliklərə müsbət rəy verdiyini diqqətə çatdırıb.

Komitə sədri Siyavuş Novruzov və deputat Elnur Allahverdiyev məsələ ilə bağlı fikirlərini səsləndirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, layihəyə əsasən, qüvvədə olan 14 qanuna 36 dəyişiklik təklif olunur. Dəyişikliklərdə bir sıra terminlərin dəqiqləşdirilməsi, o cümlədən “həkim reseptləri” sözlərinin “resept”, “dərman vasitələri” sözlərinin “dərman və tibb vasitələri”, “milli protokol” sözlərinin “klinik protokol”, “normativ-texniki sənəd” sözlərinin “texniki-normativ hüquqi akt” və bu qəbildən olan söz və ifadələrlə əvəz edilməsi nəzərdə tutulur.

Müzakirələrdə deputat Fəzail Ağamalı layihə ilə əlaqədar öz fikirlərini açıqlayıb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Əmək və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məsələ ilə əlaqədar bu komitələrin rəyini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Süleyman
Xəbəri paylaş