Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ və Aİ bölgəyə öz təsirini artırmaq üçün Ermənistandan istifadə etməyə qərar verib

ABŞ və Aİ bölgəyə öz təsirini artırmaq üçün Ermənistandan istifadə etməyə qərar verib


Brüsseldə dünən keçirilən ABŞ-Avropa Birliyi-Ermənistan görüşündən sonra regionda vəziyyətin dəyişdiriləcəyinə heç bir şübhə qalmır. Görünür ki, Qərb Cənubi Qafqaza daxil olmaq, bu bölgəyə öz təsirini artırmaq üçün Ermənistandan istifadə etməyə qərar verib. Bu istiqamətdə Ermənistanla ABŞ və Aİ arasında əməkdaşlıq durmadan inkişaf edir. Əvvəlcə Fransanın təşəbbüsü ilə başlayan prosesə, sonradan bütövlükdə Avropa İttifaqı və ABŞ də qoşuldu.
Dünənki görüşdən nə əldə edilib və bunun Azərbaycana təsiri olacaqmı sualı cəmiyyəti düşündürməkdədir. Ona görə görüşün yekunları ilə bağlı yayılan sənədin təhlili həqiqi cavabların üzə çıxarılmasını təmin edə bilər.

İlkin olaraq onu qeyd emək lazımdır ki, Avropa İttifaqı və Birləşmiş Ştatlar Ermənistanın 2018-ci ildən bəri demokratik və ədalətli islahatlar və korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi əsaslı irəliləyişləri etiraf etdiyini bildirir. Bununla da Ermənistanın demokratiya və qanunun aliliyini daha da möhkəmləndirdiyi bir vaxtda ona dəstək verməyə davam etmək öhdəliyi götürdüyünü bəyan edib.

Bizim mediada qeyd edildiyi kimi, Bayden Administrasiyası 2023-cü maliyyə ilində Ermənistana 65 milyon dollardan çox inkişaf yardımı etməyi planlaşdırır.

Yeni Aİ-Ermənistan Tərəfdaşlıq Gündəliyini dəstəkləmək üçün Avropa İttifaqı 2024-2027-ci illər üçün Ermənistan üçün 270 milyon avro dəyərində Dayanıqlıq və İnkişaf Planı irəli sürəcək.

Bəziləri bu görüşün nəticələrinin yalnız ABŞ tərəfindən 65 milyon dollar, Avropa İttifaqından isə illik 67,5 milyon avro qədər çox az bir yardımın göstərilməsi kimi şərh edərək Ermənistanın Qərb siyasətinin fiaskoya uğradığını bildirir. Əslində bu yardımlar yuxarıda qeyd olunduğu kimi konkret proqramlara yönəldilir. Lakin Ermənistana ediləcək bütün yardımlar bundan ibarət deyil və Ermənistanın hərtərəfli şəkildə müdafiəsi qərarı alındığı görünür.
Məsələn, açıqlamada bildirilir ki, Aİ qaçqınların fövqəladə və sosial-iqtisadi ehtiyaclarına cavab vermək üçün 2023-cü ilin sentyabr ayından etibarən 18 milyon avro humanitar yardım və 15 milyon avro büdcə dəstəyini sürətlə səfərbər etdi. Bu, 2020-ci ildən zərər çəkmiş əhaliyə humanitar yardımın ümumi ayrılmasını 38,4 milyon avroya çatdırır. Aİ qaçqınların uzunmüddətli ehtiyaclarının həllində və dəstəklənməsində Ermənistanın yanındadır. Aİ-nin Dayanıqlıq və İnkişaf Planına köçkünlərin uzunmüddətli iqtisadi və sosial inteqrasiyası üçün büdcə dəstəyi də daxil olacaq. Yəni qaçqınlara ediləcək yardımlar bura əlavə ediləcək.

Həmçinin açıqlanan sənəddə deyilir ki, 100 mindən çox məcburi köçkün və qaçqının dəstəklənməsi və sosial baxımdan Ermənistanın üzləşdiyi davamlı çətinlikləri nəzərə alaraq, Avropa İttifaqı və ABŞ Ermənistana mənzil, təlim, məşğulluq imkanları və psixo-sosial dəstək göstərmək səylərində dəstəyi davam etdirmək niyyətindədirlər.

Sənəddə bildirilir ki, Birləşmiş Ştatlar iqtisadi inkişafı və islahatları, ticarətin şaxələndirilməsini və dayanıqlılığı artırmaq üçün bir çox sektorlarda Ermənistanla işləyir. Birləşmiş Ştatlar ABŞ-ın əlavə investisiyalarını cəlb etmək, texnologiya ticarəti imkanlarını sadələşdirmək, kibertəhlükəsizlik sahəsində əməkdaşlığı artırmaq və texnologiya infrastrukturunu genişləndirmək üçün Ermənistanla işləyəcək. Birləşmiş Ştatlar Ermənistanın təhlükəsiz, etibarlı və təhlükəsiz enerji gələcəyinə sadiqdir və enerjinin şaxələndirilməsini dəstəkləmək və ən yüksək nüvə təhlükəsizliyi, təhlükəsizlik və silahların yayılmaması standartlarına üstünlük verən yeni mülki nüvə enerjisi variantlarının mümkünlüyünü araşdırmaq üçün çalışır. Birləşmiş Ştatlar Ermənistanın ərzaq təhlükəsizliyini gücləndirmək, eləcə də Ermənistan sərhədlərindən kənd təsərrüfatı məhsullarının daşınmasını asanlaşdırmaq öhdəliyinə sadiqdir. Bütün bunlar onu göstərir ki, ABŞ 65 milyon dollar yardımdan başqa Ermənistana, demək olar ki, bütün sahələrin inkişafı üçün dəstək vermək, investisiya yatırmaq niyyətindədir. Bu da Ermənistanın Rusiyadan iqtisadi, maliyyə asılılığını aradan qaldırmağa hesablanıb.

Görüşlə bağlı açıqlamanın ruhu ondan ibarətdir ki, Ermənistanın qərbyönümlü siyasəti dəstəklənəcək. Ermənistan nə iqtisadi, nə maliyyə, nə də texniki-texnoloji dəstək baxımından çətinlik çəkməyəcək.

ABŞ və Avropa İttifaqı gələcək Ermənistanı da təsvir ediblər: “öz tərəfdaşlıqlarını inkişaf etdirən və sərbəst şəkildə öz kursunu təyin edən çiçəklənən, suveren və demokratik Ermənistan regional sabitliyə və çiçəklənməyə töhfə verəcək”.
Azərbaycanda bəzilərinin nəyə sevindikləri təəccüblüdür. Ermənistan Rusiyanın buxovundan qurtularaq demokratik dəyərlərə inteqrasiya etməkdədir və prosesin bütün “xərclərini” də Qərb çəkəcək. Biz bu prosesdə Azərbaycanın yer ala bilməməsinə məyus olmalıyıq. Əksinə hesablayırıq ki, Ermənistanın Qərbə inteqrasiyası onu Rusiya və İranla gərginləşən münasibətlərə sürükləyəcək. Bu cür təbliğatla dünyanın humanist dəyərlərinə qarşı olan Rusiya və İran kimi ölkələrin yanında yer aldığımızın fərqində olduğumuzu dərk edə bilirkmi!

Mütəllim Rəhimli-politoloq

Newscenter.az üçün
Xəbəri paylaş