Məlum olduğu kimi işğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.
Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur. İşğaldan azad edilmiş regionlarımızda yeni infrasrukturun qurulması, evlərin tikilməsi, o cümlədən yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində aparılan sürətli işlər onu deməyə əsas verir ki, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qovuşmaları uğurla davam etdiriləcək.
Qısa zaman kəsiyində Zəngilan, Füzuli, Laçın, Kəlbəcər, Ağdam və digər ərazilərimizdə görülən işlər, hava limanlarının açılması, şəhər və rayonlarımızın baş planının təsdiq lunması və baş plana uyğun fəaliyyətin təşkili, infrastrukturun yenidən qurulması yönündə aparılan fəaliyyət bir daha onu təsdiqləyir ki, regionun lider dövləti olan Azərbaycan işğaldan azad etdiyi torpaqlarda qısa zaman kəsiyində həyatı canlandıracaq.
Şübhə yoxdur ki, Prezident İlham Əliyevin bu bölgədə aparılan işləri birbaşa nəzarətdə saxlaması həmin prosesin uğurunun başlıca təminatıdır. Müharibənin başa çatmasından sonra dünyada hökm sürən qlobal iqtisadi böhran və qeyri-sabit siyasi durumu nəzərə alan analitiklər bu bölgədə böyük layihələrin həyata keçirilməsi bir yana, insanların məskunlaşmasını belə yaxın onillik üçün real görmürdülər. Amma nəticə göz qabağındadır. Azərbaycan dövlət olaraq hər kəsə bunun mümkünlüyünü sübut edərək bütün bədbin proqnozları darmadağın etməyi bacardı.
Görülən işlərin nəticəsidir ki, bu gün Şuşa bütövlükdə Türk dünyasının siyasət və mədəniyyət mərkəzi rolunu oynayır. Hazırda şərqdən qərbə böyük tranzit yolun Azərbaycan hissəsinin tikintisi başa çatdırılıb. Füzuli və Laçın şəhərinə, Ağalı, Talış, Zabux kəndlərinə 1360 ailə olmaqla, 5354 nəfərin qayıdışı təmin edilib. Bütün bunlar, sözün həqiqi mənasında, Zəfər savaşının qələbəsi qədər əhəmiyyətlidir və dövlətimizin qüdrətini təsdiqləyən faktlardır.
Təbii ki, “Böyük Qayıdışın” tam şəkildə təmin üçün bir sıra mühüm amillər vacib şərtdir. Bunların sırasında isə minalanmış əraziələrin təmizlənməsi də öncül sıralarda yer alır. Mənfur düşmənlərin 30 il ərzində işğal altında saxladıqları torpaqlarımızda apardıqları minalama indiyə qədər yüzlərlə vətəndaşmızın həyatına son qoyub. Həmin ərazilərin minadan təmizləmə işləri də sürətlə davam etdirilir. Artəq 20 faizə yaxın ərazinin minalardan təmizlənməsi təmin olunub.
Dövlətimiz bütün mükün imkanları ilə Böyük Qayıdış Proqramının uğurla icra edilməsi üçün hər şey edir. 2022-2026-ci illər üçün işğaldan azad olunan ərazilərimizin bərpa və yenidən qurulmasına 19.2 milyard manatın ayrılması da bunun bariz sübutudur. 2026-cı ilədək 40 minə yaxın ailə, bütövlükdə 150 mindən çox vətəndaşımız 30 ildən sonra öz ata-baba yurdlarına qayıtmasının təmin olunacağına artıq heç kimin şübhəsi yoxdur.
Nəticə etibarilə, tam məsuliyyəti ilə deyə bilərik ki, Azərbaycan olaraq strateji hədəflərimizi ardıcıl olaraq reallaşdırmaqla Böyük Qayıdış yolunda əmin addımlar atırıq. Bu isə tarixi Qələbənin prosesə çevrilməsi, milli həmrəyliyin güclənməsi, o cümlədən siyasi güc və sosial-iqtisadi inkişaf deməkdir.
Yusif Bağırzadə, politoloq