Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hüseyn Cavidin “Topal Teymur” dramında türk ədəbi mühiti

Hüseyn Cavidin “Topal Teymur” dramında türk ədəbi mühiti


Hüseyn Abdulla oğlu Rasizadə Naxçıvan şəhərində 1882-ci il oktyabr ayının 24-də anadan olmuşdur. Ədib XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir. Hüseyn Rasizadə Azərbaycan ədəbiyyatı tarixində filosof şair, böyük dramaturq Hüseyn Cavid kimi tanınmışdır. Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanın ən qüdrətli sənətkarlarından biridir. Ədib 1909-cu ildən “Cavid” ədəbi təxəllüsü ilə yazmağa başlamışdır. Hüseyn Cavidin dramaturji yaradıcılığı olduqca zəngindir. Hüseyn Cavidin “Topal Teymur” dramının tədqiqinə həsr olunmuş çox sayda tədqiqat işləri vardır. Azərbaycan ədəbiyyatşünasları “Topal Teymur” dramında qoyulan bir sıra bəşəri problemləri, müəllifin insan konsepsiyasını, Şərq və Qərb görüşləri ilə müqayisəli şəkildə şərh etmişdirlər. Əsərdə dramaturqun tarix və şəxsiyyət konsepsiyasına dair görüşləri öz əksini tapmışdır. Hüseyn Cavid 5 pərdəli “Topal Teymur” əsərini 1925-ci ildə tarixi dram janrında, nəsrlə qələmə almışdır. Əsərdə Əmir Teymur kimi tanınan Orta Asiya türklərinin fatehi Teymurdan bəhs edilir. Tarixi dram ilk dəfə 1926-cı ildə Bakıda səhnəyə qoyulmuşdur. Hüseyn Cavidin “Topal Teymur” əsəri müəllifin müharibəyə, zorakılığa və ədalətsizliyə həsr olunan əsərlərindəndir. Dramaturq əsərində əsas ideya kimi müharibəyə bəslənən nifrəti təbliğ edir. Hüseyn Cavidin “Topal Teymur” tarixi dramında iki tarixi şəxsiyyətin Topal Teymur ve Bəyazidin arasındakı ədavət tənqid edilmişdir. Qardaş xalqların müharibə etməsinin ən utancverici bir hal olduğu vurğulanmışdır. Hüseyn Cavid “Topal Teymur” tarixi dramında Topal Teymuru qüdrətli, həqiqətləri söyləməkdən boyun qaçırmayan, hikmətli və dəyərli fikirləri olan, mənəvi dəyərlərə və ənənələrə sadiq qalan biri kimi təsvir etmişdir. Dramaturqun “Topal Teymur” əsərinin Azərbaycan ədəbiyyatındakı tarixi əhəmiyyəti, ədəbi-bədii və ideya-fəlsəfi qayəsi, tərbiyəvi mahiyyəti, elmi-nəzəri mövqeyi olduqca vacibdir. Hüseyn Cavidin “Topal Teymur” tarixi dramının əsas qəhrəmanı olan Teymur obrazı XX yüzilliyin türk hökmdarlarına bir örnəkdir. Əsərdə Topal Teymur və Bəyazidin simalarında qardaş çəkişmələri nəticəsində türk etnosunun qlobal səviyyədə nüfuz və hörmətinə dəyən zərər vurğulanmışdır.

Hüseyn Cavid “Topal Teymur” tarixi dramında Teymurun tarixi bir şəxsiyyət kimi orijinal, bənzərsiz obrazını maraqlı və yaddaqalan yaratmışdır. Əsərdə Topal Teymurun tarixi qələbələri və tarixi məğlubiyyətləri geniş bir şəkildə təsvir olunmuşdur. Əsərin baş qəhrəmanı olan Topal Teymurun duyğu və düşüncələri, narahatlıq və təəssüfləri, həyəcan və heyrətləri əsərdə dolğun təsvir olunmuşdur. Hüseyn Cavid “Topal Teymur” tarixi dramını orta əsr türk cəngavərləri olan Topal Teymur və Yıldırım Bəyazidə həsr etmişdir.

Hüseyn Cavidin “Topal Teymur” tarixi dramının Azərbaycan ədəbiyyatındakı əhəmiyyəti onun tədqiq olunmasının vacibliyindəndir. Ədibin dramaturgiyasının zirvə əsərlərindən olan “Topal Teymur” əsəri özünün spesifikliyi, özünəməxsusluğu ilə həmişə seçilən ədəbi əsərdir. Əsərin baş qəhrəmanı olan Topal Teymurun xarakteri, düşüncəsi, özünüdərki, mənəvi saflığı, ucalığa dair fikirləri, mənəvi azadlığı və arzuları olduqca əhəmiyyətli bir dərəcədə təsvir olunmuşdur. Ədib əsərdə Topal Teymuru ideologiyasına, şüuruna, özünü dərk etməsinə görə görkəmli dövlət xadimi, məşhur sərkərdə, tarixi şəxsiyyət kimi təsvir etmişdir. Hüseyn Cavidin “Topal Teymur” pyesi Şərq tarixinin ictimai-siyasi həyatını, Topal Teymurun şəxsiyyətini, həyat və fəaliyyətini təbliğ və tanıtmaq baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Hüseyn Cavid Əmir Teymuru qüdrətli şəxsiyyət və türk zəfər tarixinə şanlı səhifələr yazan görkəmli dövlət xadimi, məşhur sərkərdə, türk mədəniyyətinə töhfələr verən kimi təsvir etmişdir. Əsərdə iki Türk tarixi şəxsiyyət müqayisəli təhlil olunmuşdur. Hüseyn Cavidin “Topal Teymur” pyesində tarixi şəxsiyyətlər olan şair Kirmaninin və Şeyx Buxarinin fəlsəfi görüşləri təqdim edilmişdir. Əsərdə Topal Teymurun bədii portreti yaradılmışdır. Əsərdə Türk cəngavərinin türk ədəbi mühitinə, mədəniyyətinə verdiyi töhfələr, türk tarixinə göstərdiyi münasibət ümumiləşdirilərək, göstərilmişdir. Teymur zəngin mədəniyyətə və tarixə sahib olması ilə fəxr edirdi. Əsərdə Topal Teymurun mürəkkəb və eyni zamanda ziddiyyətli həyat və yaradıcılıq yolu təsvir olunmuşdur. O, ömrü boyunca həqiqət, ədalət, səadət axtarışında olmuşdur. İztirablı, mürəkkəb bir həyat yolu keçmişdir.

Hüseyn Cavidin “Topal Teymur” tarixi dramı Türk dünyasında özünün dərin fəlsəfi məzmununa, ümumbəşəri ideyalarına və milli xüsusiyyətlərinə görə seçilir. Belə ki, əsərdə Türk aləmində mövcud olmuş ideyalar, cəmiyyəti narahat edən problemlər ailə və bəşəri məsələlər, realist gerçəkliklər, mənəvi mədəniyyətinə münasibət, xalqının mədəniyyətini yüksəklərə qaldırmaq, millətinə sadiq qalmaq məsələlərinin həll yolları göstərilmiş və bədii həlli təqdim olunmuşdur. Əsərdə Topal Teymur millətinə həddindən artıq xidmət edən, özünün və ailəsinin həyatı və sağlamlığını qoruyan, türkçülük ideyalarının alovlu tərənnümçüsü, bütün türk dünyası üçün mühüm işlər görmüş biri kimi təqdim olunur. Hüseyn Cavidin “Topal Teymur” tarixi dramı Azərbaycan ədəbiyyatında türkçülük ideyalarının inkişaf etdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Hüseyn Cavid əsərdə Topal Teymurun müharibəyə, əsir etdiyi dinc əhaliyə, düşmənə, sənətə, mədəniyyətə, qadına, türklüyə münasibətləri fonunda özünün ideal hökmdar obrazını yaratmışdır. Dramaturq real tarixi şəxsiyyət olan Topal Teymuru türk və cahan tarixinin görkəmli şəxsiyyəti kimi təqdim edir. Əsərdə Əmir Teymurun türk xalqının böyük sərkərdəsi kimi göstərdiyi xidmətlər özünün bütün əzəmət və ziddiyyətləri ilə təqdim olunmuşdur. Ədib tarixə sadiq qalaraq, Əmir Teymurun şəxsiyyətini məğrur hökmdar və şücaətli qəhrəman kimi təsvir etmişdir. Cahan tarixinin görkəmli şəxsiyyəti olan Topal Teymur cəsarəti, hünəri, yenilməz şəxsiyyəti ilə seçilir. Hüseyn Cavid “Topal Teymur” tarixi dramında Əmir Teymurun Səmərqənddəki sarayını belə təsvir etmişdir. “Şərq zevqinə uyğun süslü bir salon... Salonun içi Türküstan, İran və Hindistan məfruşatilə döşənilmiş... Dört guşədə gümüşdən yapılmış birər qartal, ortada altın sütunlar, yaldızlı masalar və sandaliyələr... Qarşıda böyük bir pəncərə, pəncərədən görünən son dərəcə baqımlı və çiçəkli gözəl bir bağça nəzərləri oqşar”. Hüseyn Cavid “Topal Teymur” tarixi dramında Əmir Teymurun sərkərdəsi olan Orxanın sözləri ilə Türk aləminin qayəsini izah edir. “Biz türklər çadır altında doğar, açıq səhralarda, qanlı müharibələrdə ölürüz. Bəncə mübarizəsiz bir ömür, ömür deyil... Biz türklərə qürur və nəşə verən bir şey varsa o da müharibə, o da qalibiyyətdir”.

Hüseyn Cavid “Topal Teymur” tarixi dramında Türk dünyasını dahi şəxsiyyətinin sözlə portretini yaratmışdır. Bu təsviri oxuyan oxucu Teymurun görkəmi haqqında dolğun məlumat alır. “O, ortaboylu, qəvi bünyəli, yüksək alınlı, iri başlı, rəngi ağ, yüzü azacıq qanlı, omuzları geniş, parmaqları yuvarlaq, qalçaları uzun, əzəlatı qayət sağlam bir şəxsiyyətdir. Vücudunun düzgünlüyündən ayağındakı aqsaqlıq bir o qadar gözə çarpmıyor. Səsi güclü və gurultuludur. Asya üsulu geniş və açıq ətəkli ipək kaftan (çapan) büründüyü halda baş örtüsü keçədən yapılma məxruti bir külahdan ibarətdir. Külahın təpəsində inci və sair mücevhərat ilə süslənmiş uzunca bir yaqut püskül bulunur”.

Dramaturq əsərdə Topal Teymurun yaşıl ovalar içində qurdurduğu çadırlardan, Ərəbistan və İrana məxsus sırapərdələrdən, Hindistandan gəlmə canbaz və oyunçulardan, mizahçı və lətifəçilərdən, rəqqas və rəqqasələrdən, pəhləvanların güləşməsindən, yaşıl-qırmızı rənglərlə boyanmış fillərin oynadılmasından, xanəndə və sazəndələrdən, yarış və əyləncələrdən, dəbdəbə və ehtişamanlı mənzərələrdən, Səmərqənddəki möhtəşəm saraylar və ali mədrəsələrdən, böyük məbədlər və abidələrdən, fəth və zəfər tarixindən bəhs edir.

Hüseyn Cavid “Topal Teymur” əsərində Topal Teymur ilə şair Kirmaninin nəcib və mehriban münasibəti ilə dahi şəxsiyyətin ədibə, ədəbiyyata verdiyi dəyəri göstərirdi. “Bəxtiyar şair! Səni sərməst edən tatlı xəyal, yalnız xoş bir təsəllidir. Bununla bərabər sən pək böyüksün, əvət, sənin kibi dəyərli simaların qədr və qiyməti anlaşılsaydı, bənim kibi topallar soldakı sıfır qadar mənasız qalırdı. Siz yarasalar ölkəsində, korlar məmləkətində parlayan bir günəşsiniz. Əfsus ki, insan adını daşıyan ikiayaqlı həşərat pək qaba və pək səfil bir şey... İştə şu qaba və miskin həşəratı uslandırmaq için, onların pas tutmuş kirli vicdanlarını yıqamaq için yalnız Teymur qılıcı lazım... Əvət sevgili şair! İnsanlar mərhəmət və məhəbbətdən ziyadə dəhşət və qüvvətə tapınırlar”.

Əsərdə “Teymurnamə” müəllifi olan şairlə Teymurun xoş, nəzakətli, nəcib və mehriban münasibəti onun xarakterinin bitkinliyindən məlumat verirdi. Əsərdə Teymur öz amalını belə izah edir. “Bən məğrurları əzmək için yaradılmış bir allah bəlasıyım. Tökdüyüm qanlar da yalnız haq və ədalət namınadır”.

Əsərdə Divanbəyinin sözləri ilə Teymurun incəsənətə, ədəbiyyata, şairə, alimə qarşı olan fikir və düşüncələri təsvir olunmuşdur. “Şair Kirmani böyük ruhşinasdır. O, pək gözəl biliyor ki, Teymur hökumətləri yıqar, məmləkətləri yaqar; ən məğrur hökmdarları əzər, ən şücaətli qəhrəmanları qəhr edər, fəqət dəyərli şair və ədiblərə, alim və fazil şəxslərə qarşı da o nisbətdə hörmət və məhəbbət bəslər. İştə Səmərqəndin evləri, misafirxanələri deyil, şəhər ətrafındakı köşklər və bağçalar belə uzaqdan gələn fən və sənayeyinəfisə ərbabına kafi gəlmiyor. Yalnız Şərq devlətləri deyil, hətta Qərb hökumətləri də elçi və ticarət nümayəndələri göndərməkdən geri durmuyorlar”.

Hüseyn Cavidin “Topal Teymur” əsərində Topal Teymurun tacir və ticarətçilərə qarşı olan fikirləri olduqca önəmlidir və onun fikir və düşüncələrinin qayəsini izah edir. “Tüccar və sənətkarlara daha çoq sühulət və hörmət göstərməli. Çünki cihan, ancaq ticarət və sənaət sayəsində rifah bulur. Avropalıların dilləri başqa, yürəkləri daha başqadır. Hər halda məmləkətimiz arslanlar yurdu, qartallar yuvası olaraq qalmamalı. Bəlkə dünyada ən parlaq maarif və mədəniyyət ocağı, ən zəngin sənaye və ticarət mərkəzi olmalıdır. Əvət, qoy düşmanlarımız görsünlər ki, türk evladı yalnız basıb-kəsməkdən deyil, yaşamaq və yaşatmaqdan da zevq alır. Yalnız yaqıb-yıqmaq deyil, yapmaq və yaratmaq da bilir. Bununla bərabər yapdıqlarımız hiç bir şey deyil. Bu, yalnız mədəniyyətə doğru bir adım, gələcək için bir başlanğıcdır. Bizim başladıqlarımızı gələcək nəsil ikmal etməli. Yalnız beş-on şəhər deyil, bütün məmləkət tərəqqi və gözəlliklər için birər nümunə olmalı. Əvət, biz təməl daşı atıyoruz. İştə bu təməl üzərində möhtəşəm binalar qurmaq və bu şüarı çiçəkləndirmək... ancaq yeni nəslə, ancaq sarsılmaz gəncliyə aiddir”.

Hüseyn Cavidin “Topal Teymur” tarixi dramında Yıldırım Bəyazid Topal Teymura olan nifrət və hiddətini belə ifadə edir. “Bən üzərimə gələn qocaman Səlib ordularını qəhr etdim. Fransa və Almaniya cəngavərlərini püskürtdüm. Lehistan, Avstriya və İtaliya əskərlərini bir hücumda əzdim. Hətta qorqusuz Jan kibi məşhur bir qəhrəmanı belə hiçə saydım. Şimdi Teymur kibi bir sərsərimi bəni qorqutacaq? Ah, kor olsun fələyin gözləri. Gör kimlər bana meydan oquyor”.

Əsərdə Yıldırım Bəyazid qələbələr qazanmasının səbəbini belə izah edir. “Bursadakı işlər məlum. Hər ay xəbər yazıb göndərmişəm. Son həftələrdə isə Anadoludakı bəylərə gözəl rütbələr vəd etdim, həpsini tərəfimizə keçirdim. Oradakı tatar və türkmənlərin başçılarını çağırdım, məhəbbətlərini qazandım. Bütün Anadolu əskəri bizim tərəfdə, şimdicə təslim olurlar. Yalnız Rumeli sancak bəyləri, yeniçərilər və serb əskərləri Yıldırım itaətində. Fəqət, orduda pozuqluq olunca, onlar da bir şey yapamazlar, çabuq şaşırırlar”.

Hüseyn Cavidin “Topal Teymur” tarixi dramının sonu olduqca ibrətamiz sonluqla bitir. Belə ki, əsərin sonunda Osmanlı sultanı Yıldırım Bayazidlə Topal Teymurun görüşü təsvir olunur. Topal Teymura əsir düşən Osmanlı sultanı Yıldırım Bayazid keçmişdə ona yazdığı təhqirli məktubun cavabında Teymurun onu cəzalandıracağını düşünür, lakin Teymur hümanizm göstərərək, onun günahından keçir. Osmanlı sultanı Yıldırım Bayazidi şair Kirmaninin səmimi və coşqun ahəngli şeiri ilə qarşılayır. “Məhəbbət! Məhəbbət!.. Əvət, bütün bəşəriyyəti xilas edəcək yalnız məhəbbətdir. Məhəbbətlə çırpınan bir çoban qəlbi, kin və ədavət püskürən bir sultan qafasından daha şərəflidir. Əgər dünyanın şanlı çarpışmaları, qanlı vuruşmaları nəticədə bir məhəbbət, fövqəlbəşər bir məhəbbət doğurmayacaqsa... bütün həyata, bütün kainata nifrətlər olsun”.

Topal Teymur Osmanlı sultanı Yıldırım Bayazidin məğlub olduğu üçün məyus olduğunu görüb, ona təsəlli olacaq fikirlər söyləyir. Hüseyn Cavidin “Topal Teymur” tarixi dramı Türk dünyasının dahi şəxsiyyəti Əmir Teymurun ibrətli sözləri ilə bitir. “Hiç məraq etmə, xaqanım! Sən kor bir abdal, bən də dəli bir topal! Əgər dünyanın zərrə qadar dəyəri olsaydı, yığın-yığın insanlara, ucu-bucağı yoq məmləkətlərə... sənin kibi bir kor, bənim kimi bir topal müsəllət olmazdı”.

Hüseyn Cavidin “Topal Teymur” tarixi dramı təsvir etdiyi dövrün bədii həllinə və təhlilinə geniş yer verdiyi və xüsusi diqqət yetirdiyi üçün olduqca böyük əhəmiyyətə sahibdir. Əsərdə Türkçülük milli ideal kimi təbliğ edilir və onun tarixi mövqeyi analiz olunur. Ədib “Topal Teymur” əsərində mənəvi-əxlaqi və ictimai-siyasi problemlərə yüksək həssaslıqla yanaşmışdır.

Atakişiyeva Həcər
Xəbəri paylaş