İran Azərbayanla qonşu ölkədir və İran əhalisinin yarısından çoxu etnik azərbaycan türkləridi. Bu səbəbdən İranla bağlı baş verən bütün hadisələrə biz həsasslıqla yanaşırıq.
İranda Azərbaycan türklərinə qarşı sərgilənən münasibət bizi məyus edir. İran hakimiyyəti azərbaycan türklərinin bütün hüquqlqrını tapdalayır, onlar öz ana dilində məktəb açmağa belə imkan vermir.
İslam inqlabından ötən onilliklər ərzində İran Qərbi söyməklə, İsraili isə yer üzündən silməklə hədələyir. Ancaq İranın etdikləri sözdən o tərəfə keçə bilmir. Bu illər ərzində İranın ən “uğurlu işi” Yaxın Şərqdə bir neçə terrorçu təşkilatı yaratmaq və onları maliyyələşdirmək olub. Və bu addımla İran dünyada terroru dəstəkləyən dövlət imici qazanıb. Son on ildə İran bu təşkilatların maliyyələşməsinə 100 milyardlarla dollar vəsait xərcləyib.
İranın aprela ayının 14-də İsrail istiqamətində yüzlərələ pilotsuz uçuş aparatı və qanadlı raketlər vasitəsilə hücumu isə dünya hava qüvvələri tarixində ən uğursuz əməliyyat kimi yadda qalacaq. Bu qədər hava hücumu silahlarından istifadənin hərbi nöqteyinəzərdən effekti sıfra bərabər oldu. Lakin İranda bu hadisəni bayram kimi qeyd etdilər. Adamlar küçələrə çıxıb şənlik edir, İran parlamentində deputatlar rəqs edirdi. Ancaq ortada bayram edilməli yox, utancverici bir əməliyyatın nəticələri var idi. Təbi ki, İsrail yaxın günlərdə və bəlkə də yaxın saatlarda İran hökumətinin öz əhalisində yaratdığı bu “bayram” ovqatını ortadan qaldıracaq addımlar atacaq. Əgər bu dəfə də İran İsrailin hər hansı bir hərbi əməliyyatına cavab verməyə qalxsa, o, halda vəziyyət dramatikləşəcək. Yəni bu dəfə İsrail İrana qarşə bəlkə də indiyə qədər istifadə etmədiyi silahlardan istifadə edərək onu yerində oturtmağa çalışacaq.
İran İsrail hərbi münaqişəsinin böyüyərək daha geniş müstəviyə keçməsi mümkündürmü? Bu sualın cavabı Qərbin və ilk növbədə ABŞ-n bunu istəyib-istəməməsindən asılı olacaqdır. Hesab edirəm ki, indiki mərhəllədə münaqişənin genişlənməsi gözlənilən deyil. İran bu gün bir İslam şiə dövləti olaraq bölgədə həm də Qərbin müəyyən istəklərinə uyğun fəaliyyət göstərir. Lakin İranın Qərb üçün bu misiyası başa çatdıqdan sonra Qərb onun fətvasını verəcək. Bu isə yaxın 4-5 ildən tez baş verməyəcək.
Əgər İran İsrail hərbi toqquşması genişlənib daha böyük bir müstəviyə keçərsə bu regionun bütün ölkələrinə ciddi təsir göstərə biləcək. Müharibə baş verərsə İranda yaşayan 85 milyon insanın bir hissəsi digər ölkələrə üz tutacaq. Bu sırada Azərbaycan da əsas məkanlardan biri olacaq. Odur ki, biz bölgədə belə bir hərbi münaqişənin olmasını istəmirik. Bölgədə genişmiqyaslı hərbi əməliyyatlar neft-qaz ölkəsi olan Azərbaycan və İranın iqtisadiyyatına ciddi əngəllər yaşada bilər.
Fikrət Yusifov, iqtisad elmləri doktoru, professor
Newscenter.az üçün