"Son vaxtlar Ukraynaya Qərbin, xüsusilə də ABŞ-ın yardımlarının azalması, üstəlik Ukrayna ordusunda, etiraf edilməsə də, ruh düşkünlüyünün yaranması Rusiyanın cəbhədə üstünlük qazanmasına səbəb olub. Müharibənin uzanması ukraynalıları da bezdirib. Artıq xalqın problemi hər hansı bir vasitə ilə həll olunmasının zəruriliyi ilə bağlı fikirlərini də eşidirik. Təbii olaraq Zelenski hakimiyyətinə qarşı da narazılıqlar yaranmağa başlayıb. Siyasi və hərbi elitada edilən müəyyən dəyişikliklər də narazılıqların qarşısını tamamilə ala bilməyib. Getdikcə siyasilərin alovlu və düşməni hədələyici bəyanatlarının da işə yaramadığı müşahidə edilməkdədir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Mütəllim Rəhimli Rusiya-Ukrayna müharibəsini mövcud vəziyyətini şərh edərkən səsləndirib. O bildirib ki, Rusiyada da vəziyyət heç də əla deyil:
"Burada da insanlar daha yaxşı yaşamaq, dünya ailəsinə inteqrasiya etmək istəyir və hakimiyyətdən ən optimal çıxış yolu gözləyir. Ona görə də Rusiya cəbhədə yaranmış fürsəti dəyərləndirərək müharibəni sonlandırmağa çalışır. Bunun üçün strateji mövqeləri ələ keçirmək üçün hücumlar təşkil edir. Düşünürəm ki, Rusiyanın bu hücumları sərhədsiz olmayacaq, müəyyən ərazilərə nəzarəti ələ aldıqdan sonra dayanacaq".
Politoloq deyib ki, Ukraynanın daha çox içərisinə doğru irəliləmək Rusiyanın müharibəyə başlaması üçün elan etdiyi prinsiplərlə də ziddiyyət təşkil edərdi:
"Əks hal ölkə daxilində tarıma çəkilmiş əsəbləri daha da alovlandırar və hakimiyyətə xalqın dəstəyini kəsər. Ancaq bununla yanaşı Rusiya strateji obyektlərinin Ukrayna tərəfindən vurulmasına cavab olaraq onun dərinliklərinə dron və raket hücumlarını təxirə salmayacaq. Avropada Rusiyanın niyyətlərini çox gözəl anlayırlar. Lakin onu olduğu kimi dilə gətirmək onlara sərf etmir. Çünki Ukrayna Qərbin geosiyasi maraqları baxımından vacib məkandır. Düşünürəm ki, həm ABŞ, həm Qərb yaxşı başa düşür ki, Rusiya heç vaxt Avropaya hücum etməyəcək. Lakin Ukraynaya dəstəyi təmin etmək üçün bu yalanı ictimai rəyə sırımaq lazımdır. Bu siyasi manevrlərin əlifbasıdır. Daha böyük yalan danışmalısan ki, heç olmasa kiçikləri həyata keçirmək mümkün olsun. Biz artıq indi bunu müşahidə edirik".
Süleyman