Aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası səkkizinci görüşündə Qazağın 4 kəndinin Azərbaycana qaytarılmasına dair razılığın əldə edilməsi Ali Baş Komandan İlham Əliyevin növbəti qələbəsidir. 44 günlük müharibədə 3 rayonu dinc yolla işğaldan azad edən Azərbaycanın Siyasi Lideri 4 kəndi sülh yoluyla azad etməklə yenidən tarixi uğura imza atdı.
Sözsüz ki, bu tarixi razılaşmalarda Ermənistanın dövlət başçısı Paşinyanın sülhə doğru danışıqlarda cəsarətli siyasi iradə nümayiş etdirməsini də müsbər qiymətləndirmək lazımdır.
Ermənistan hakimiyyətinin kompromislərə açıq olmasının və sülh masasına oturmasının birbaşa səbəbi Cənab İlham Əliyevin regional diplomatik məharəti, qarşı tərəfi loyallaşdırmaq istedadıdır.
Ümumiyyətlə, Ermənistanın siyasi hakimiyyətinin son 100 illik tarixinə nəzər salaq bütün dövlət başçılarının Azərbaycana və qardaş Türkiyəyə qarşı ərazi iddiası, qondarma soyqırım siyasəti yürütdüyünü, anti-Türk , azərbaycanfobiyanın dövlətin siyasi- ideoloji dəst-xəttinə çevrildiyini görmək mümkündür.
Nəsildən-nəsilə ötürülən bu zəhərli ideologiya xaricdəki erməni lobbisi tərəfindən daha da alovlandırılmış və ötən əsrin sonlarında Zori Balayan, Georgi Şahnazarov, Silva Kaputikyan və digər qatı millətçi və separatçıların anti-türk təşviqatı bölgədə nifaq və qan tökülməsinə gətirib çıxarmaqla Qarabağın terrorçular tərəfindən işğalı ilə nəticələnmişdi.
2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyan ilk illərdə Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik münasibətlərini davam etdirməyə, hətta yeni torpaqlar işğalına can atırdı.
Ancaq 44 günlük müharibədə Ermənistanın ağır məğlubiyyəti uğraması və Prezident İlham Əliyevin yaxşı dərs verməsi Paşinyanın mövqeyində əsaslı dəyişiklik yaratdı, Paşinyan Ermənistan cəmiyyətində anti-Azərbaycan, anti-türk münasibəti dəyişməyə, xalqlar arasında kin və nifrət sindromunu sındırmağa yönələn iradə nümayiş etdirməyə başladı.
Paşinyanın Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıması və ölkəmizin ərazi bütövlüyünə hörmətini ifadə etməsi, Moskva və Brüssel danışıqlarında Bakının irəli sürdüyü sülh təkliflərinə pozitiv yanaşması iki ölkə arasında etimad mühitini artırdı.
Ermənistanın baş naziri ermənilərin qeyri-qanuni məskunlaşdığı Qazaxın kəndlərinin geri qaytarılması üçün burada yaşayan ermənilərlə birbaşa söhbətləri və onlara bu əraziləri tərk etməyin vacibliyini başa salması sülh quruculuğunun möhkəmlənməsi yolunda daha bir mühüm addım oldu.
İki öldə arasında delimitasiya üzrə dövlət komissiyasının səmərəli fəaliyyətinin artması və aprelin 19-da qərarın qəbul edilməsi yürüdülən siyasətin nəticəəsaslı olmasını təsdiqlədi.
Sözsüz ki, Paşinayn bu cəsarəti ilə Ermənistanın son 100 illik siyasi tarixində xoşməramlı böyük erməni olduğunu göstərdi. Bu, Ermənistanın son bir əsrdə Azərbaycanla həqiqi qonşuluq və dostluğa əl uzadan, bərabərhüquqlu münasibətlər qurmağa can atan tarixi hadisə kimi yazılacaq.
Heç şübhə etmirəm ki, yaxın vaxtlarda Paşinyan Zəngəzur dəhlizinin açılmasına da imza atacaq, Türkiyə ilə normal qonşuluq əlaqələrinin qurulması üçün də Ankaranın şərtlərini qəbul edəcək.
Azərbaycan Respublikası ilə Ermənistan arasında sülh sazişinin imzalanması, bölgədə möhkəm sülh və rifah əsrinin başlaması artıq reallığa çevrilməkdədir. Bu siyasət sayəsində Ermənistan özünü 100 ildir ki, dalanda saxlayan özünütəcriddən azad olaraq regiondakı proqramlara qoşulacaq.
Bütün bunlara görə, Ermənistanın siyasi və ictimai elitası, erməni xalqı Nikol Paşinyana yalnız minnətdar olmalıdır.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor