Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bütün türk dövlətlərinin siyasəti “Yurdda sülh, cahanda sülh” anlayışına söykənir

Bütün türk dövlətlərinin siyasəti “Yurdda sülh, cahanda sülh” anlayışına söykənir


Prezident İlham Əliyev fevralın 14-də baş tutan andiçmə mərasimi nitqində ölkəmizin xarici siyasət prioritetlərini elan edərkən Türk dünyasını bizim evimiz, bizim ailəmiz adlandırmışdı. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-25-də Azərbaycanda rəsmi səfərdə olması və bu səfərin nəticələri də Prezident İlham Əliyevin Türk dünyasının bizim ümumi evimiz olduğu barədə səsləndirdiyi həqiqəti təsdiqləyir. Azərbaycan isə bu ümumi evimizin daxilində inteqrasiya prosesinin daha da güclənməsində və Türk Dövlətləri Təşkilatının (TDT) fəal geosiyasi aktora çevrilməsində mühüm rol oynayır.

Bütün dünyada geosiyasi təlatümlərin yaşandığı bir dönəmdə türk dövlətlərinin bir-birinə yaxınlaşması və birlik, həmrəylik mövqeyindən çıxış etməsi olduqca təqdirəlayiq haldır. Bu gün bütün maneələrə və məkrli güclərin ənənəvi antitürk səylərinə baxmayaraq türk dövlətləri bir araya gəlmək, vahid güc halında çıxış etmək üçün dönməz siyasi iradə nümayiş etdirir. Türk Dövlətləri Təşkilatının fəaliyyətinin daha da güclənməsi üçün davamlı addımlar atan rəsmi Bakı isə, bunun üçün bütün mümkün formatlardan uğurla istifadə edir. Qırğızıstanla Azərbaycan arasında ikitərəfli əlaqələrin genişləndirilməsi də, əlbəttə, bu prosesdə mühüm rol oynayır. İki ölkənin tarixi birlik, qardaşlıq kimi möhkəm təməllər üzərində qurulan münasibətləri hazırda yüksələn xətlə inkişaf edir. Bu baxımdan Qırğızıstan və Azərbaycanın bütün beynəlxalq platformalarda bir-birinin mövqeyini qətiyyətlə dəstəkləməsi heç də təsadüfi deyil.

Azərbaycanla Qırğızıstan arasında siyasi-diplomatik münasibətlərinin əsası vaxtilə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyev isə 2022-ci ilin oktyabrında Qırğızıstana gerçəkləşdirdiyi ilk dövlət səfərinin gedişində bu qardaş ölkə ilə münasibətlərin daha yüksək pilləyə qalxmasında mühüm rol oynayıb. Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması isə hər iki ölkənin bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmində olduğunu göstərir.

Bu gün həm Azərbaycan, həm də Qırğızıstan ümumürk coğrafiyasının mühüm strateji nöqtələri sayılır. Bu baxımdan Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri təkcə ikitərəfli əlaqələrin daha da inkişafına öz təsirini göstərməyəcək. Bu səfər həm də bütün Türk dünyası üçün strateji əhəmiyyət kəsb edir. Bu gün qlobal güclərin (ABŞ, Çin, Avropa İttifaqı, Rusiya) Mərkəzi Asiya regionunda təsir dairəsini genişləndirmək uğrunda geosiyasi həmlələrinin daha da genişləndiyi bir məqamda türk dövlətlərinin öz aralarında ikitərəfli və çoxtərəfli əlaqələri sıxlaşdırmaq, geosiyasi təhdidləri və riskləri önləmək üçün birgə planlar cızması, qarşılıqlı fəaliyyət üzrə bir çox məsələləri detallı müzakirə etmələri şübhəsiz ki, olduqca önəmlidir. Biz bütün təhlükələri birgə səylər əsasında neytrallaşdırmalıyıq. Bizim gücümüz birliyimizdədir.

Türk dövlətlərinin 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq, quruculuq işlərinə öz töhfələrini vermələri də xüsusi hal kimi ayrıca qeyd olunmalıdır. Onların dəstəyi əsl dost, qardaş dəstəyidir. Ona görə də Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür etməsi sözügedən qardaş dəstəyinə verdiyimiz qiymətin göstəricisidir. Mərkəzi Asiyanın türk dövlətlərinin Cənubi Qafqazla, Azərbaycanla əlaqələri məktəblər üzərindən qurması da xüsusilə təqdirəlayiq haldır. Belə ki, türk dövlətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məktəb binaları inşa etmələri artıq xoş ənənəyə çevrilib. Qazaxıstan və Özbəkistanın ardınca, Qırğızıstanın da bu təşəbbüsə qoşulması Türk dünyasının gələcək inkişafı üçün parlaq zəmin yaradır. Qırğızıstan öz vəsaiti hesabına Ağdam rayonunda orta məktəbin tikintisini həyata keçirəcək. Aprelin 25-də Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. Ağdamdakı bu məktəb sadəcə təhsil ocağı deyil. Bu, həm də sülhə çağırışdır, müharibələrə can atanlara mesajdır.

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov bu çağırışı Bakıdan da bütün dünyaya ünvanladılar. Belə ki, hər iki ölkənin dövlət başçıları görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər və təkcə türk xalqları üçün deyil, bütün dünya üçün dəyərə çevrilmiş böyük yazıçının xatirəsini əbədiləşdirdilər. Prezident İlham Əliyev açılışda mərasimində etdiyi çıxışında bildirdi ki, “bu gün Qırğızıstan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri tarixində əlamətdar gündür. Bu gün qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsi açılır. Əminəm ki, bu, dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacaq”.

Azərbaycan və Qırğızıstanın timsalında iki qardaş ölkə arasında bu cür isti münasibətlərin qurulması bütün Türk dünyasında ortaq tarixi və mənəvi əlaqələrin daha da möhkəmlənməsinə zəmin yaradır. Düşmənlərimiz də bizim birliyimizdən əsla narahat olmasınlar. Türk dövlətlərinin birliyi heç kimə qarşı yönəlməyib. Bütün türk dövlətlərinin siyasəti “Yurdda sülh, cahanda sülh” anlayışına söykənir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş