Media özü də bilmədən kiberbullinqin bir vasitəsinə çevrilir.
Bunu Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov bu gün Bakıda keçirilən “İctimai proseslər media müstəvisində” mövzusundakı Forumda deyib.
"Media kiberbullinqə qarşı təlimlərə və maarifləndirmə işinə cəlb edilməlidir. Çünki bəzi hallarda maraqlı görünə biləcək bəzi xəbərlərin anonimləşdirmədən yayılması xəbərdə yer alan həmin şəxsləri kiberbullinqin birbaşa hədəfinə çevirir. Belə olan halda media özü də bilmədən kiberbullinqlin bir vasitəsinə çevrilir. Ona görə xəbərləri, məlumatları paylaşarkən çox diqqətli olmalıdırlar. Əgər kiberbillinq əsaslı xəbər olarsa onu müvafiq qurumlarla dəqiqləşdirmək olar",- deyə o qeyd edib.
T. Məmmədov kiberbullinqin gənclərin həm psixoloji vəziyyətinə, həm də gələcək yetişməsində böyük maneə olduğunu diqqətə çatdırıb: "UNİCEF-in dəstəyi ilə 30 ölkədə gənclər arasında aparılan sorğuya əsasən hər 3 gəncdən biri kiberbullinqə məruz qalır. Bu çox ciddi bir rəqəmdir. Onların da 75 %-i məhz sosial şəbəkədə kiberbullinqlə qarşılaşıb. Eyni zamanda kiberbullinqə məruz qalanların 20 %-i bu haldan sonra universitetə və ya məktədə getməkdən imtina ediblər".
Qurum rəsmisi "Təhlükəsiz təqvi" layihəsi çərçivəsində üç ay ərzində məhz kiberbullinqi özündə əhatə edən seminarların keçirildiyini deyib.
"Bunlardan biri internet və sosial şəbəkələrdən təhlükəsiz istifadə ayı olan may ayıdır. Bu ayın sonuncu həftəsi baş tutacaq seminardır. Digəri sentyabrda keçiriləcək və bu kibergigiyena ayı çərçivəsində olacaq seminardır. Sonuncu isə noyabrda uşaqların internetdən təhlükəsiz istifadəsi ayı çərçivəsində olacaq seminardır",- deyə o qeyd edib.