Dünya super güclərinin (xüsusən də ABŞ və Fransa başda olmaqla kollektiv Qərbin) Ermənistan və Gürcüstan üzrindən Cənubi Qafqaz regionunu “barıt çəlləyi”nə çevirmək üçün hər cür cəhd göstərdikləri bir vaxtda Azərbaycanın regionu sülh və sabitlik adasına çevirmək istiqamətində göstərdiyi səylər, atdığı addımlar həqiqətən də təqdirə layiqdir. Bu da qeyd olunmalıdır ki, Azərbaycanın bu səyləri dostlarımızın və düşmənlərimizin diqqətindən yayınmır.
Belarus Respublikası da Azərbaycana qarşı səmimi dostluq münasibətləri sərgiləyən ən yaxın müttəfiq dövlətlərdən biridir. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə səfəri və bu səfər çərçivəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı mühüm sənədlərin imzalanması, habelə Belarus və Azərbaycan şəhərlərinin qardaşlaşması, Lukaşenkonun işğaldan azad edilmiş ərazilərin müharibədən sonra bərpasında Azərbaycana köməklik təklif etməsi və Füzuli şəhərinə səfər edərək erməni vandalları tərəfindən dağıdılmış yerlərə əyani olaraq baxması, şəhərin Baş planı ilə yerindəcə tanış olması da dostluğumuzun gerçək təzahürləridir.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev də həm belaruslu həmkarı Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü zamanı, həm də mətbuata verdiyi bəyanatında ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığın mövcud olduğunu qeyd etdi və bildirdi ki, bu münasibətlər zamanın sınağından çıxıb, ona görə də Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur. Etibarlı dostluq isə heç şübhəsiz ki, dövlətlərarası münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür.
Aparılan danışıqların səmərəliliyi və münasibətlərin dinamik inkişaf etməsi barədə danışan dövlətimizin başçısı vurğuladı ki, gündəlikdə olan məsələlər kifayət qədər konkret xarakter daşıyır və əməkdaşlıq əlaqələri ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq bütün məsələləri əhatə edir. İlk növbədə isə, maşınqayırma sənayesində, hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda və s. sahələrdə əlaqələrin inkişafı məsələləri nəzərdə tutulur. Bu əlaqələr sıx əməkdaşlığımızın gələcəyi üçün də etibarlı zəmin yaradır. Bu baxımdan gələcəkdə münasibətlərimizin yeni hüdudlarını, yeni müəssisələri, yeni iş yerlərini, həmçinin əməkdaşlığın yeni istiqamətlərini görə biləcəyik.
Həmçinin Belarus şirkətlərinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməsi nəzərdə tutulub. Belarus Prezidentinin Azərbaycan Prezidenti ilə birlikdə Füzuli şəhərinin dağıdılmış yerlərinə baxması Belarus şirkətlərinin işğaldan azad olunmuş ərazilərin bərpa olunması prosesinə fəal qoşulmasına təkan verəcək. Bu baxımdan Ermənistanın işğalçı siyasətinin acı nəticələrini əyani surətdə görən Lukaşenkonun Əliyevə işğaldan azad edilmiş ərazilərin bərpasında köməklik təklif etməsi heç də təsadüfi deyil. Qazaxıstan, Özbəkistan və Qırğızıstanın ardınca Belarusun da bu təşəbbüsə qoşulması və azad edilmiş ərazilərdə bərpa üçün yer istəməsi gerçəkdən də alqışa layiq addımdır.
Belarus lideri qeyd edib ki, “çətin vaxt gəlib çatıb, bu torpaqları dirçəltmək, insanları geri qaytarmaq lazımdır. Siz qalib gəldiniz, torpaqlarınızı qorudunuz, indi onu dirçəltmək lazımdır. Bu iş çox vaxt və çox zəhmət tələb edəcək. Belarus bu istiqamətdə dəstək verməyə hazırdır. Avadanlıqlar, kənd təsərrüfatı şəhərləri, iş yerləri, müəyyən texnologiyalar - əgər uyğundursa, bizim texnikamız burada olub işləyə bilsə... Mən təkbətək danışıqlar zamanı İlham Heydər oğlundan soruşdum: əgər bu mümkündürsə - Belarus üçün bir yer - bizə verin. İlham Heydər oğlu isə bu yanaşmanı dəstəklədi”. Lukaşenkonun bu təşəbbüsü digər ölkələrin rəhbərləri üçün də yaxşı nümunəyə çevrilə bilər. Azərbaycan sülhə və quruculuğa real töhfə vermək istəyən hər bir ölkə ilə əməkdaşlığa hazırdır.
Ölkəmizin bölgədə və dünyadakı proseslərdə yerini və rolunu düzgün qiymətləndirənlər Azərbaycanla əməkdaşlığa xüsusi önəm verirlər. Belarus Prezidenti Aleksandr Lukaşenkonun Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatında səsləndirdiyi bir fikir də bunun əyani təsdiqidir. Belə ki, Belarus lideri Azərbaycanın bütün Qafqaz regionunun lider dövləti olduğunu və İlham Əliyevin də bütün Qafqazı nəzarətdə saxlamağa qadir olduğunu xüsusi olaraq vurğuladı: “Burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik. Zaman Sizi seçib, bizdə belə deyirlər və Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız”.
Lukaşenkonun ölkəmizə və dövlətimizin başçısının daşıdığı missiyaya verdiyi belə bir yüksək qiymət dünyada və regionda gedən prosesləri doğru-düzgün təhlil etməyin, region ölkələrindən və liderlərindən kimin hansı potensiala malik olduğunu riyazi dəqiqliklə hesablaya bilməyin nəticəsidir. Bəli, Qafqazın gələcək taleyinin xaos və dağıdıcı müharibələrdən sığortalanması və bölgədə dayanıqlı sülhün bərqərar olması böyük ölçüdə məhz Azərbaycandan və onun Liderindən asılıdır. Zaman Azərbaycanı və İlham Əliyevi seçib.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri