Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət başçısının bu çağırışı qlobal həmrəyliyə təkan verəcək

Dövlət başçısının bu çağırışı qlobal həmrəyliyə təkan verəcək


"Prezident İlham Əliyev bu yaxınlarda Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibəsində həm Azərbaycan, həm də dünya birliyi üçün əhəmiyyətli olan bir sıra aktual məsələlərə toxunub. Müsahibənin ana xəttini isə təbii ki, bu ilin noyabrında paytaxtımızda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı məsələlər təşkil edib".

Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O deyib ki, “Euronews” müxbirinin “Builki COP-dan nə gözləyə bilərik, hansı məsələlər icra olunacaq və sadəcə, müzakirə olunmayacaq?” sualını cavablandıran Cənab Prezident qeyd edib ki, biz bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyirik. Dövlətimizin başçısı bu fikiri səsləndirməklə əslində bir daha hər kəsə bəyan edib ki, bizim qlobal tədbirlərə ev sahibliyi etmək sahəsində kifayət qədər geniş təcrübəmiz və bütün lazımi infrastrukturumuz, hər cür münasib şəraitimiz var:

"Bu baxımdan COP29 da Azərbaycanın uğurlu təşkilatçılıq potensialını ortaya qoyacaq. Belə ki, bu tədbirin Təşkilat Komitəsi artıq çoxdan intensiv hazırlıq işlərinin görülməsinə başlayıb. Eləcə də hazırda müxtəlif ölkələrin dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatların rəhbərlərinə COP29-da iştirak üçün rəsmi səviyyədə dəvətnamələr göndərilməkdədir.

Azərbaycan ənənəvi neft ölkəsi olaraq iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin əhəmiyyətini anlayır. Ona görə də COP29-un Azərbaycanda keçirilməsinə BMT və onun Şərqi Avropa Qrupunun üzvləri səviyyəsində kollektiv qərar verilməsi ölkəmizin siyasi uğurudur. Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi eyni zamanda bizə qarşı böyük etimadın göstəricisidir".

Komitə sədri deyib ki, COP29-un Bakıda keçirilməsi bizim üçün ilk növbədə siyasi cəhətdən böyük əhəmiyyətə malikdir:

"Bu, sadəcə nüfuz məsələsi deyil, həm də böyük siyasi rəqabət predmetidir. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə COP29-un uğurla baş tutmasında həlledici rol oynayacaq. Cənab Prezidentin bu tədbirin uğurla başa çatacağına və tədbir zamanı tam təhlükəsizliyin təmin olunacağına əminliyini ifadə etməsi, zəmanət verməsi də məhz siyasi iradənin, qətiyyətin göstəricisidir. Müsahibədə də vurğulandığı kimi COP29-un keçirildiyi günlərdə hər kəs Azərbaycanda özünü rahat hiss edə bilər. Bunun üçün maksimum əlverişli şərait yaradılacaq. Azərbaycan hansı tədbirə, hansı layihəyə əl qoyursa, nəticənin mükəmməl olacağı artıq heç kimdə şübhə doğurmur.

Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi Qoşulmama Hərəkatına sədrliyimizdən sonra xarici siyasətimizin ən böyük uğuru olacaq. Biz Qoşulmama Hərəkatındakı missiyamız kimi qlobal iqlim dəyişikliklərinə qarşı əlaqələndirilmiş cavab tədbirlərinin vacibliyini də bütün məsuliyyətimizlə dərk edir və bu istiqamətdə birgə təşəbbüslər vasitəsilə təsirimizi gücləndirməyi, təhlükəsiz gələcəyə və davamlı inkişafa doğru irəliləyişi sürətləndirməyi hədəfləyirik".

Əlisahib Hüseynovun sözlərinə görə, Prezident İlham Əliyev “Euronews”a müsahibəsində Azərbaycanın Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəyə malik olması faktına da toxundu: “Bizim Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəmiz var. Bildiyiniz kimi, Hərəkata dörd il sədrlik etdik. Hesab edirəm ki, 120 üzv ölkə ilə biz həqiqətən də böyük tərəqqiyə nail olduq. Biz Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyirik. Bu gün konfransda dediyim kimi üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannaməni imzalamışıq və qəbul etmişik”. Bu baxımdan COP29 da Qlobal Cənub və Qərb arasında körpü rolunu oynamağımıza imkan verəcək və qlobal iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq kimi bir sıra aktual məsələlərə aydınlıq gətirməyə kömək edəcək.

Komitə sədri qeyd edib ki, COP29 həmçinin dövlətlər arasında qarşılıqlı ittihamların aradan qaldırılması və qlobal həmrəyliyin təmin olunmasına da ciddi töhfə verəcək:

"Əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar atmaq istəyiriksə, sözsüz ki, qarşılıqlı ittihamlar praktikasından əl çəkməliyik. Azərbaycan Prezidenti də “Euronews”a müsahibəsində məhz bu məqamın altını cızaraq bildirdi ki, biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq: “Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Bu, diplomatiyadır, siyasətdir, maliyyədir və Azərbaycan bunun üçün bir platforma yarada bilər”.

Ümid edək ki, dövlətimizin başçısının bu çağırışı qlobal həmrəyliyə təkan verəcək. Qlobal həmrəylik həm də iqlim dəyişikliklərinin qarşısının alınması üçün, yaşıl dünya üçün həmrəylik paketinin yaradılması, maliyyə həmrəyliyinin təmin olunması baxımından da vacibdir. Prezident İlham Əliyev də sözügedən müsahibəsində qeyd etdi ki, “Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin ayrılmaz hissəsidir və biz necə uğur qazanacağıq”.

Sonda Əlisahib Hüseynov onu da deyib ki, Azərbaycan öz növbəsində qlobal həmrəyliyi təmin etmək baxımından COP üçün yenilik olan daha bir təşəbbüslə çıxış edib:

"Belə ki, üçlük - üç ölkə mexanizminin yaradılması ideyası məhz Azərbaycan tərəfindən irəli sürülüb. Burada məqsəd geniş əməkdaşlıq formatını yaratmaq üçün üç ölkənin - BƏƏ-nin, Azərbaycanın və COP30-a ev sahibliyi edəcək Braziliyanın birgə iş təcrübəsini formalaşdırmaq və bunu COP-un gələcək təşkilatçıları üçün ənənə halına gətirməkdir. Qeyd etməliyik ki, hazırda BƏƏ, Azərbaycan və Braziliya bir çox regional və qlobal məsələlərdə sıx əməkdaşlıq edir. Və görünən budur ki, Azərbaycan COP29-un ev sahibi kimi fərqli mövqeli ölkələri bir araya gətirmək üçün ideal platforma rolunu oynaya biləcək".

Süleyman
Xəbəri paylaş