"Rusiyanın Xankəndi şəhərində konsulluq açmaq niyyəti regionda hazırkı geosiyasi bir məqamda diqqəti cəlb edir. Şübhəsiz ki, bu gün Azərbaycanla Rusiya arasında yüksək səviyyəli siyasi əlaqələr mövcuddur və bu yaxınlarda Rusiya sülhməramlıları hər hansı insident baş vermədən Qarabağı tərk etdilər. Bu onu göstərir ki, Azərbaycan Ermənistandan fərqli olaraq bu addımları hər hansı qarşıdurma olmadan, siyasi kataklizm baş vermədən həyata keçirir. Lakin konsulluğun açılması da ciddi siyasi qərardır".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Vüqar Əhmədov səsləndirib. Onun sözlərinə görə, Rusiyanın bu məsələdə niyyəti Qarabağda, Xankəndi şəhərində hansısa formada, daha çox diplomatik formada təmsilçiliyini bərpa etməkdir:
"Ümumiyyətlə biz son dövrlər, xüsusən Rusiya-Ukrayna müharibəsi fonunda müşahidə edirik ki, Rusiya Federasiyası Cənubi Qafqazda geosiyasi mübarizəni daha çox yumşaq güc vasitəsi ilə həyata keçirməyə başlayıb və bununla Cənubi Qafqazda maraqlarının olmasını təmin etməyə çalışır. Bu məsələ onun bir tərkib hissəsi də ola bilər. Vaxtı ilə 44 günlük müharibədən sonra Ağdam şəhərində Rusiya-Türkiyə birgə monitorinq mərkəzi fəaliyyətə başladı, Rusiya hərbi kontingenti oradan çıxdıqdan sonra bu mərkəz də fəaliyyətini dayandırdı. Düşünürəm ki, bu məsələ daha çox Azərbaycan və Rusiya siyasi rəhbərliyi arasında veriləcək bir qərar olacaq, istənilən halda Xankəndi şəhərində tam həyat qayıdandan və inzibati siyasi institutlar fəaliyyətə başlayandan sonra bu məsələyə baxıla bilər".
Politoloq deyib ki, bir neçə il bundan öncə Şuşa şəhərində Türkiyə konsulluğunun açılması məsələsi də gündəmə gəlmişdir:
"Ola bilsin ki, bu məsələlər paralel şəkildə öz həllini tapacaq. Bizim üçün daha önəmli olan və gözləntimiz məhz Şuşa şəhərində birinci növbədə qardaş dövlət Türkiyə Cümhuriyyətinin konsulluğunun açılması məsələsidir".
Süleyman