Bu gün Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda minalarla mübarizə üzrə 3-cü beynəlxalq konfrans işə başlayıb. Konfrans sabah öz işini Bakıda davam etdirəcək. Azərbaycanın ev sahibliyi etdiyi bu beynəlxalq humanitar minatəmizləmə konfransı kifayət qədər mötəbər tədbirdir. Bunu tədbirin iştirakçılarının siyahısından, nümayəndə heyətlərinin tərkibindən də görmək mümkündür. Belə ki, tədbirdə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva, BMT-nin İnkişaf Proqramının Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç iştirak edirlər.
İştirakçılar arasında həmçinin bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmiləri, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun aidiyyatı üzrə nümayəndələri və nüfuzlu beynəlxalq ekspertlər təmsil olunur. Ümumilikdə isə sözügedən konfransda 75 ölkədən 300-dən çox nümayəndə iştirak edir. Bu statistik göstəricilər tədbirin mötəbərliyi ilə bərabər, həm də aktuallığını nümayiş etdirir. Çünki minaların ətraf mühitə öldürücü təsirinin azaldılması, mina terrorunun qarşısının alınması bu gün istər dünya birliyi üçün, istərsə də mina terrorundan, mina çirklənməsindən əziyyət çəkən ayrı-ayrı ölkələr üçün həqiqətən də həyati əhəmiyyət daşıyır.
Azərbaycan isə bu ölkələrin siyahısında ən başda gələnlərdən biridir və bəlkə də birincisidir. Çünki həm 30 illik işğal dönəmində, həm də 44 günlük İkinci Qarabağ müharibəsindən sonrakı üç il ərzində Ermənistan tərəfindən ərazilərimizdə yüzminlərlə mina basdırılıb. Son göstəricilərə görə, ermənilərin torpaqlarımızda basdırdıqları minaların sayı 1 milyondan çoxdur. Söhbət həm piyada əleyhinə, həm də tank əleyhinə minalardan gedir. Ümumən, işğaldan azad edilmiş ərazilərimizin 10 285 kvadrat kilometri mina və partlamamış hərbi sursatlarla müxtəlif səviyyələrdə çirklənmiş hesab olunur. Bu acı reallıq torpaqlarımızın minalarla çirklənməsinin nə qədər ağır və təhlükəli problem olduğunu göstərir.
Bu problem öz növbəsində həm işğaldan azad olunmuş ərazilərin yenidən qurulub bərpa edilmə prosesinin uzanmasına səbəb olur, həm kənd təsərrüfatı təyinatlı torpaqların geniş şəkildə dövriyyəyə qaytarılmasında çətinlik yaradır, həm də “Böyük Qayıdış” Proqramının sürətlə icra olunmasına ciddi surətdə maneçilik törədir. Minalanmış ərazilər öz doğma yurdlarına qayıdan vətəndaşlarımız üçün birinci dərəcəli təhlükə mənbəyi olaraq qalır. Belə ki, son 3 il yarımda 361 vətəndaşımız mina partlayışı nəticəsində xəsarət alıb, onlardan 61 nəfəri həlak olub. Bütövlükdə isə Birinci Qarabağ müharibəsindən bu günə qədər 3400 nəfərdən çox vətəndaşımız minalardan əziyyət çəkib. Bütün bunlar minalarla çirklənmənin ölkəmiz və insanlarımız üçün nə qədər ağır problem olduğunu göstərir.
Azərbaycan Prezidenti İlham Əliyev də Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər edilməsi” mövzusunda keçirilən III Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına ünvanladığı müraciətində Azərbaycanın 30 ilə yaxın davam edən münaqişə və torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində ərazilərinin minalarla çirklənməsi problemindən əziyyət çəkdiyini, ölkəmizin dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu, eyni zamanda, mina terrorunun yenidənqurma və bərpa işlərinə əngəl yaratdığını, 800 min keçmiş məcburi köçkünün öz evlərinə qayıtmasına ciddi maneə törətdiyini qeyd edib.
Humanitar minatəmizləmənin Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu və bu işin təməlinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə qoyulduğunu, hazırda isə ölkəmizdə humanitar minatəmizləmə prosesini həyata keçirən peşəkar qurumun - Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) bu sahədəki mühüm fəaliyyətini konfrans iştirakçılarının diqqətinə çatdıran dövlətimizin başçısı onu da qeyd edib ki, hazırda ölkəmiz humanitar minatəmizləmə fəaliyyətini demək olar ki, tam şəkildə öz resursları hesabına həyata keçirir. Lakin minaların humanitar fəsadlarının aradan qaldırılması, torpaqların minalardan təmizlənməsi üçün beynəlxalq ictimaiyyətin adekvat siyasi və praktiki dəstəyi mühüm əhəmiyyət kəsb edir. Ona görə də Azərbaycan öz mina probleminə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün çoxsaylı təşəbbüslərlə çıxış edib və son üç ildə BMT ilə birlikdə mina mövzusuna həsr edilmiş bir sıra beynəlxalq konfranslar keçirib.
Prezident İlham Əliyev bildirib ki, bu tədbirlər minalanmaya qarşı fəaliyyət məsələlərinə dair əsas müzakirə platformaları olmaqla yanaşı, müasir dövrdə bəşəriyyəti narahat edən bu vacib problemə diqqətin artırılmasına xidmət edir. Elə bu günkü tədbir də Azərbaycanın müasir dövrün çağırışlarından olan mina ilə mübarizə əzmini bütün dünyaya nümayiş etdirir. Eləcə də bu konfransın öncə Zəngilanda keçirilməsi, daha sonra isə paytaxtda davam etdirilməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Belə ki, tədbirə qatılan çoxsaylı xarici qonaqlar, beynəlxalq nümayəndələr ərazilərimizin minalarla çirklənməsinin real mənzərəsini Zəngilanda əyani surətdə görmək imkanı əldə edirlər.
Yeri gəlmişkən, bu gün konfrans zamanı BMT-nin İnkişaf Proqramı (UNDP) və Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) niyyət bəyannaməsi imzalayıb. Bu bəyannamə ilk növbədə Azərbaycan ərazisində Mina fəaliyyəti ilə əlaqədar Mükəmməlik Mərkəzinin yaradılmasında əməkdaşlığı nəzərdə tutur. Mərkəzin fəaliyyəti Azərbaycanın mina təhlükəsinə qarşı mübarizə imkanlarını artırmağa və eyni zamanda mina çirklənməsindən əziyyət çəkən ölkələrə beynəlxalq miqyasda yardım göstərilməsinə açıq dəstək verməyə zəmin yaradacaq. Bu baxımdan sözügedən bəyannamənin icrası Azərbaycanın qlobal miqyasda minalanmaya qarşı mübarizənin əsas mərkəzlərindən biri kimi tanınması ilə nəticələnəcək. Ölkəmizin buna tam mənəvi haqqı çatır. Çünki mina probleminin və onun törətdiyi müxtəlif fəsadların, o cümlədən ekoloji fəsadların aradan qaldırılması istiqamətindəki fəal mövqeyimiz təkcə regionda deyil, bütün dünyada sülh və təhlükəsizliyin bərqərar olması üçün, davamlı inkişafa və qlobal həmrəyliyə nail olmaq üçün yeni imkanlar yaradır. Təsadüfi deyil ki, dövlətimizin başçısı da konfrans iştirakçılarına müraciətində Azərbaycanın minalanmaya qarşı mübarizədə öz təcrübəsini oxşar problemlərlə üzləşən digər ölkələrlə bölüşməyə hazır olduğunu vurğulayıb. Prezident İlham Əliyev Zəngilanda keçirilən konfransın minalarla çirklənmənin aradan qaldırılmasına və bu sahədə təcrübə mübadiləsinə töhfə verəcəyinə inandığını bildirib. Öz növbəsində dünya birliyi də Azərbaycana qarşı mina terroruna görə Ermənistanı sərt şəkildə qınamalıdır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri