VI çağırış Milli Məclis öz işini yekunlaşdırmaq üzrədir. Qanunverici orqanın ilk ilinin fəaliyyəti dövrü pandemiya dövrünə təsadüf etsə də, parlament həmin dövrdə də öz uğurlu fəaliyyəti ilə yadda qaldı deyə bilərik. Elə Milli Məclisin deputatı Nəsib Məhəməliyev də bu qənaətdədir. Millət vəkili Newscenter.az-a verdiyi müsahibədə qanunverici orqanın ötən illərdəki fəaliyyətinə nəzər salmaqla yanaşı, eyni zamanda yaxın aylarda keçirilməsi nəzərdə tutulan parlament seçkiləri, Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviəsi, eləcə də digər vacib məsələlər barədə danışıb.
-Nəsib müəllim, artıq VI çağırış Milli Məclis öz işini yekunlaşdırmaq üzrədir. Baxmayaraq ki, parlamentin ilk ilinin fəaliyyəti pandemiya dövrünə düşdü, ümumilikdə qanunverici orqanın ötən illərdəki fəaliyyətini necə dəyərləndirərdiniz?
-Düz buyurursunuz, artıq 6-cı çağırış Milli Məclis işini yekunlaşdırmaq üzrədir. İlk iki ilin Pandemiya dövrünə təsadüf etməsinə rəğmən, hesab edirəm ki, parlament öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldi. Dövlətin güclənməsi, cəmiyyətin inkişafı üçün lazım olan qanunvericilik bazasının yaranması istiqamətində lazım olan qanunlar qəbul olundu. Bir çox mövcud qanunlara əlavə və dəyişikliklər edilib. Nəzərə almaq lazımdır ki, Azərbaycan hərb və diplomatiya tarixinin ən şərəfli səhifəsi olan Vətən müharibəsi də 2020-2024-cü illəri əhatə edir. Eyni zamanda müharibədən sonrakı quruculuq, bərpa işləri də 6-cı çağırş dövrü ilə üst-üstə düşdüyündən, kifayət qədər yeni qanunların qəbulu zərurəti yaranmışdır. Ələlxüsus, cənab Prezidentin təşəbbüsü ilə Milli Məclisə daxil olan layihələrə operativ reaksiya verilmişdir. Əsas nəticədir.
Ümumiyyətlə, demək olar ki, istər Ali icra orqanları, istərsə də ali qanunvericilik orqanı olan parlament vəhdət şəklində çalışmış, Dövlət Başçısının müəyyənləşdirdiyi siyasətin həyata keçirilməsi üçün maksimum səy göstərmişlər. Həyatda İdeal heç nə yoxdur. Parlamentin fəaliyyətini qənaətbəxş hesab edirəm.
-Bəs millət vəkili olaraq Siz özünüz VI çağırış dövründə fəaliyyətinizdən razı qalıb seçicilərin etimadını doğrulda bildinizmi?
-Yaxşı olar ki, bunu seçicilərdən soruşasınız. Təkcə seçicilərim yox, ümumiyyətlə Balakən rayonunun əhalisi düzgün cavab verə bilər. Ayrı-seçkilik etmirəm və harda işləməyimdən asılı olmayaraq, həmişə reklamdan uzaq olmuşam. Hər bir deputat öz fəaliyyət proqramını mövcud şəraitə, şəxsi potensialına və imkanlarına uyğun qurur. Seçicilərin etimadını doğrultmağıma gəldikdə isə, yalnız bir şeyi deyə bilərəm ki, onların qarşısında vicdanım təmizdir. Təmsil etdiyim bölgəni və seçiciləri narahat edən, elə bir problem olmayıb ki, Milli Məclisin iclaslarında və yaxud mətbuatda qaldırmayım. Bir çox məsələlər həllini tapıb, bəziləri isə, məndən asılı olmayan və obyektiv səbəblərdən icra olunmayıb. Yəqin zamana ehtiyac var.
-Yaxın aylarda parlament seçkilərinin keçiriləcəyi bildirilir. Bu dəfə də seçki mübarizəsinə qoşulmağı düşünürsünüzmü?
- Mən iki dəfə Yeni Azərbaycan Partiyasının siyahısı ilə deputat seçilmişəm. Partiya rəhbərliyi məsləhət görərsə, seçkilərə qatıla bilərəm.
-Seçkidən söz düşmüşkən, bu dəfəki seçkilərin həm mojaritar, həm də proporsianal qaydada baş tutacağı barədə fikirlər səslənir. Qənaətiniz necədir, proporsianal seçki sistemi də bərpa oluna bilərmi?
-Müstəqilliyimizi bərpa etdikdən sonra bizdə həm proporsional, həm də mojaritar sistem üzrə seçkilər keçirilib. Xatırlayıram, axırıncı belə qarışıq sistem üzrə parlament seçkiləri 2000-ci ildə keçirilib. 2002-ci lidə referendum vasitəsilə proporsional sistem ləğv olundu və tək mandatlı sistemə keçid baş verdi. Proporsional sistem daha çox parlamentli respublikalarda effektiv olur. Burada problem görmürəm. Bizdə də bərpa oluna bilər. Ələlxüsus, seçkidə iştirak etmək istəyən siyasi partiyaların sayl kifayət qədər çoxdur. Ancaq, bununçün referendum keçirilməli, xalqın razılığı olmalıdır.
-Bu arada Ermənistanla paralel Gürcüstanda da siyasi proseslərin gərginləşməsi onu deməyə əsas verirmi ki, Qərb Cənubi Qafqazda yenidən rəngli inqilablar hazırlayır.
-Ermənistanla Gürcüstanda baş verənlər, 90-cı illərin əvvəllərində bizdə baş verənləri xatırladır. Hər iki respublikada kollektiv Qərblə , Rusiyanın qarşıdurmasını ğörürük. Ermənistanda bir az fərqlidir və hadisələr daha çox Azərbaycanın yaratdığı reallıqlarla bağlıdır. Daha dəqiq desək, Azərbaycanın dünya erməniliyinə, onların patronlarına vurduğu sağalmaz yaralarla, regionda sabitliyi arzulamayan qüvvələrlə əlaqəlidir.
Gürcüstan isə, dövlətçiliyinin qorunması, qlobal aktorların geosiyasi oyunlarında alət olmamaq üçün mübarizə aparır. Dövlət zəif olanda, istənilən xarici güc, daxili ictimai-siyasi sabitliyi poza və istənilən hakimiyyəti öz təsirinə sala bilər.
Çox şükürlər olsun ki, Prezident İlham Əliyevin zərgər dəqiqliyi ilə apardığı çox vektorlu, balanslaşdırılmış siyasət nəticəsində Azərbaycanla hər kəs hesablaşmaq məcburiyyətindədir. Hətta dünya güclərinin belə, bizə təsir imkanları olduqca məhduddur.
-Nəsib müəllim, hazırda Ermənistanla-Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində fəaliyyətləri necə xarakterizə edərdiniz. Ermənistanda artan etirazlar prosesə mane ola biləcəkmi?
-Son zamanlar, vasitəçi olmadan aparılan danışıqlar bəhrəsini verməkdədir. Qazaxın dörd kəndi danışıqlar yolu ilə qaytarıldı. Cənab Prezidentin prinsipiallığı nəticəsində Fransa prezidenti Makron proseslərdən kənarlaşdırıldı. Ermənistan daxilində və xaricdə kifayət qədər müharibə tərəfdarlarının olmasına rəğmən noyabr ayına qədər sülh müqaviləsinin imzalanması üçün əsaslar var. Düşünmürəm ki, hansısa daşnak xislətli keşişin Paşinyan hakimiyyətini devirmək üçün gücü çatsın. Əks halda, bu müharibə deməkdir. Erməni xalqı başa düşür ki, Azərbaycanla müharibə aparmaq, onlar üçün ölümə bərabərdir. Burada terror məsələsini də istisna etmək olmaz. Erməniıər terror məsələsində geniş təcrübəyə malikdirlər.
-Bir qayda olaraq Azərbaycan mühüm əhəmiyyətli tədbirlərə evsahibliyi edən ərəfədə xarici təzyiqlərlə üzləşir. Bu günlərdə rəsmi Parisdən daha çox təzyiqlər müşahidə edirik, hətta bu ölkə bir qədər də irəli gedərək Azərbaycanı diktator ölkə adlandırıb. Ümumiyyətlə, Fransanın Azərbaycanla bağlı dərdi nədir?
-Bəli, Azərbaycan beynəlxalq tədbirlərin müntəzəm keçirildiyi məkan kimi dünyada qəbul olunur. Bakı, ən müxtəlif təyinatlı çoxsaylı tədbirlərə uğurla ev sahibliyi edib. COP-29-un keçirilməsi, ölkəmizin, şəxsən Dövlət Başçısı İlham Əliyevin beynəlxalq nüfuzunun göstəricisidir. Əfsuslar olsun ki, gözü götürməyənlər, bədxahlar hər zaman olub, var və olacaqlar. Xüsusilə, 44 günlük müharibənin nəticələrindən son dərəcə narazı qalan, münaqişədən bəhrələnərək, geosiyasi, geoiqtisadi maraqlarını təmin edən qüvvələrin əlindən bütün kartlar alınıb. Həmin qüvvələr regionda sülhün əldə olunmasının öz maraqlarına təhdid olaraq görürlər. Səhv eləmirəmsə, Fransa daxili işlər naziri Azərbaycanı, diktator dövlət adlandırdı. Yaxşı olar ki, həmin nazir, vəzifəsinə uyğun olaraq, ölkəsinin daxili işləri ilə məşğul olsun. Sarı jiletlilərin, irqi-dini-etnik ayrı-seçkiliklə üzləşənlərin, diskriminasiyaya uğrayanların, hökumətin apardığı müstəmləkə siyasətinə qarşı çıxanların kütləvi narazılıqlarını aradan qaldırsın. Fikir vermək lazım deyil. Bizdə bu tipli məsələlərə qarşı immunitet çoxdan formalaşıb.
Fransanın əsas dərdi, apardığı müstəmləkəçilik siyasəti ilə, nəyin bahasına olsa da, regiona daxil olmaq istəyilə bağlıdır. Bu ölkə 200 il bundan əvvəl də, Cənubi Qafqazda varlığını təmin etmək istəyib. Hesab edir ki, son illər Rusiyanın mövqeyi zəiflədiyindən bölgəyə tam nəzarət edə bilmir və çoxsaylı erməni diasporası vasitəsilə geosiyasi problemlərini həll edə bilər. Konkret olaraq, daima rəqabət apardığı Türkiyəni, Azərbaycandan keçən nəqliyyat dəhlizini nəzarətə götürməyə can atır. Lakin, müharibə dövründə və ondan sonra prezident Makronun yanlış siyasəti, birtərəfli, qərəzli mövqeyi əks effekt verdi. Nəticədə, Prezident İlham Əliyev tərəfindən bütövlükdə proseslərdən kənarlaşdırıldı. Burada, ən önəmli məsələ odur ki, Ermənistan hakimiyyəti də başa düşdü ki, Fransanın Azərbaycana təsir imkanları məhduddur. Fransanın diqtəsilə hərəkət etsə, uduzan tərəf özü olacaq.
Süleyman İsmayılbəyli