Azərbaycan Aİ ölkələri ilə ikitərəfli əlaqələrini inkişaf etdirməyə davam edir. Macarıstanın hazırda Avropa İttifaqında (Aİ) önəmli ölkələrdən biri olduğunu nəzərə alsaq, Azərbaycanın bu ölkə ilə həm birbaşa ikitərəfli əməkdaşlıq formatında, həm də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əlaqələri genişləndirmək və strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməsi diplomatiya sahəsindəki uğurlu addımlarımızdan biri sayıla bilər. Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycana səfəri və onun azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında səsləndirdiyi fikirlər bu ölkənin də Azərbaycanla dostluq və əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verdiyini təsdiqləyir.
Bölgədə və dünyada yaranmış yeni reallıqları ətraflı müzakirə edən, eyni zamanda Azərbaycan-Macarıstan strateji tərəfdaşlıq gündəliyinin iqtisadi, kənd təsərrüfatı, enerji və siyasi əməkdaşlıq kimi geniş spektrli məsələlərini nəzərdən keçirən nazirlər Macarıstan şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası səylərində iştirak etmək və dəstəkləmək üçün əhəmiyyətli potensialının olduğunu da vurğulayıblar. Bir sıra dost ölkələrlə yanaşı, Macarıstan da işğaldan azad edilmiş ərazilərimizin bərpasına öz dəstəyini əsirgəmir. Belə ki, Cəbrayıl rayonunda macar şirkətləri Soltanlı yaşayış məntəqəsindəki tikinti layihələrini həyata keçirir.
Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinin Azərbaycan üçün doğurduğu ağır nəticələri Avropa İttifaqının bir çox rəhbərlərindən fərqli olaraq daha dərindən bilən Peter Siyarto Avropa Sülh Fondunun xətti ilə işğalçı ölkəyə maliyyə yardımının göstərilməsinin, Azərbaycana qarşı isə qərəzli münasibətin bəslənilməsinin ədalətsiz siyasət olduğunu başa düşür. Ona görə də macar nazir bu gün mətbuat konfransında Avropa Sülh Fondunun Ermənistana 10 milyon dollarlıq yardımı məsələsinə də toxunaraq bildirdi ki, “hesab edirik ki, eyni məbləğdə yardım Azərbaycana da göstərilməlidir". Bu, Macarıstanın Avropa İttifaqının bölgə ölkələrinə ikili standartlarla yanaşmaqdan əl çəkməyə çağırışı kimi dəyərləndirilməlidir.
Yeri gəlmişkən, Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının, kollektiv Qərbin ikili standartlar siyasətinə qarşı ən fəal mübarizə aparan dünya liderlərindən biri kimi tanınır. Macarıstan bu siyasətin dağıdıcı təsirlərindən qorunmaq üçün Türk dünyası ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Rəsmi Budapeşt Türk Dövlətləri Təşkilatını hazırkı geosiyasi təlatümlər fonunda dünyada balansı təmin edən güc mərkəzlərindən biri kimi dəyərləndirir. Macarıstanın xarici işlər naziri Peter Siyartonun Bakıda bugünkü mətbuat konfransında Türk Dövlətləri Təşkilatına üzvlüyün ölkəsi üçün nə qədər önəmli olduğu barədə səsləndirdiyi fikirlər də bunu təsdiqləyir: “Türk Dövlətləri Təşkilatına üzv olmazdan əvvəl biz hələ dünyada gedəcək prosesləri proqnozlaşdıra bilmirdik. Türk Dövlətləri Təşkilatı sayəsində biz başa düşdük ki, bu region, yəni Türk dünyası geniş şəkildə inkişaf edir. O zaman biz hələ dünyada gedəcək siyasi prosesləri proqnozlaşdıra bilmirdik. Avrasiya regionu dünyada mühüm rol oynayır. Ukraynadakı müharibə bizim üçün yükdür. Bizə isə münasibətlərin inkişafı üçün bir körpü lazımdır. Türk Dövlətləri Təşkilatı Şərqlə Qərbin arasındakı həmin bu körpünün sütunudur”.
Macarıstan tərəfinin Türk Dövlətləri Təşkilatına Şərqlə Qərbin arasında körpü rolunu oynayan qüvvə kimi baxması rəsmi Bakının mövqeyi ilə tamamilə üst-üstə düşür. Azərbaycan Prezidenti İlham Əliyev də öz çıxışlarında bu gün Qlobal Cənubla Qərb arasında körpü rolunu oynamağın vacibliyini dəfələrlə vurğulayıb. Bu, hazırda dünyanı total xaosa doğru aparan proseslərin qarşısını almaq üçün vacibdir. Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynamaq istiqamətində ən fəal mövqe sərgiləyən ölkələrdən biridir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri