Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ADY Azərbaycan ərazisindən yükdaşımaları cəlbedici etmək üçün əməkdaşlığı genişləndirir

ADY Azərbaycan ərazisindən yükdaşımaları cəlbedici etmək üçün əməkdaşlığı genişləndirir


Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkənin regional ticarət və logistika mərkəzi olmaq potensialını dəfələrlə artırır. Avropa və Asiya arasında körpü rolunu oynayan Azərbaycan, xüsusilə dəmir yolu nəqliyyatının inkişafı ilə bu potensialı reallaşdırmaq üçün böyük imkanlara sahibdir. Hazırda ölkəmizdə keçirilən 21-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransLogistica Caspian” Sərgisində Azərbaycanın qlobal nəqliyyat qovşağı kimi böyük potensialı müxtəlif sahələrdə, o cümlədən dəmir yolları kontekstində nümayiş etdirilir. Azərbaycan üzərindən beynəlxalq daşımalarda dəmir yolları müstəsna rola sahibdir. Sərgidə korporativ pavilyonu ilə çıxış edən “Azərbaycan Dəmir Yolları” (ADY) QSC son dövrdə kommersiya və əməliyyatların səmərəliliyi, tranzit həcminin artırılması, infrastruktur quruculuğu və rəqəmsallaşma sahəsində əldə etdiyi bir çox uğurları beynəlxalq tərəfdaşlar və ziyarətçilərlə bölüşüb.

Səmərəli və dayanıqlı daşımaların təşkili üçün bir çox amillərlə yanaşı, effektiv kommersiya strategiyasının hazırlanması və tətbiqi də mühüm əhəmiyyət daşıyır. Belə ki, səmərəli kommersiya fəaliyyəti ilk növbədə yükdaşımaların davamlılığına və etibarlılığına möhkəm zəmin yaradır. Daha az əməliyyat xərcləri və daha böyük yük ötürücülük qabiliyyəti ilə dəmir yolu nəqliyyatı ticarət üçün əlverişli nəqliyyat növü kimi çıxış edir. Kommersiya fəaliyyətinin effektivliyi dəmir yolu infrastrukturunun təkmilləşdirilməsini də tələb edir. Daha vacib bir amil isə şəffaf və ədalətli bazar rəqabətinin təmin edilməsidir. Bütün bazar iştirakçıları üçün bərabər şərtlər yaradılaraq agent ekspeditorların fəaliyyəti dəstəklənir, nəticədə ümumi bazar ekosistemi daha sağlam və dayanıqlı inkişaf edir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müşaviri Emil Məmmədov qurumun kommersiya fəaliyyəti ilə bağlı yenilikləri AZƏRTAC-la bölüşüb.

- Emil müəllim, dəmir yolu ilə daşımalarda kommersiya fəaliyyətinin rolu nədən ibarətdir? ADY-də Kommersiya departamentinin yaradılması ideyası hansı zərurətdən meydana gəldi?

- Dəmir yolu ilə daşımalar sahəsində kommersiya fəaliyyəti iqtisadiyyat və logistika üçün mühüm əhəmiyyət kəsb edir. Burada bir neçə əsas məqam var. Onlardan birincisi işin səmərəli təşkili və qiymətdir. Böyük həcmli və uzaq məsafəli yükdaşımalarda dəmir yolu ilə daşımalar daha cəlbedici olur. Nəticədə strateji məhsulların dəmir yolu ilə daşınmasına daha çox üstünlük verilir. Həmçinin dəmir yolu nəqliyyatı ilə daşımalar sabit qrafikə görə yüksək etibarlılığa malikdir və avtomobil və ya dəniz nəqliyyatına nisbətən hava şəraitindən daha az asılıdır.

Bundan başqa, qatarlar yük maşınlarından ekoloji cəhətdən daha təmizdir və bu da iqlim dəyişikliyi və ətraf mühitin mühafizəsi ilə bağlı artan narahatlıqlar fonunda son dərəcə vacib məqamdır. Dəmir yolu daşımaları beynəlxalq logistika zəncirində əsas rol oynayır, ölkələr və qitələr arasında, xüsusən də Avrasiya regionunda yüklərin nəqlini asanlaşdırır. Bu sahədə kommersiya fəaliyyəti dəmir yolu daşımalarının üstünlüyünü, faydalarını maksimum artırmaq üçün logistika idarəetməsi, strateji planlaşdırma və təchizat zəncirinin optimallaşdırılması üzrə dərin bilik və təcrübə tələb edir. Bütün bunları nəzərə alaraq, 2023-cü ilin iyulunda ADY-də Kommersiya departamenti yaradılıb. Departamentin əsas fəaliyyət istiqaməti ölkə üzərindən keçən dəhlizlərlə tranzit daşımaların təşkili və artırılması, ölkə daxilində ekspeditor bazarının inkişafının təşviqi və s. məsələlər üzərində qurulub. Departamentin yaradılmasını ADY-də 2022-ci ildə başlayan transformasiya layihəsinin uğurlarından biri kimi qəbul etmək olar.

- Bəs Kommersiya departamenti işini necə qurur, biznes təhlilləri necə aparılır?

- ADY rəhbərliyi tərəfindən səmərəli ticarət proseslərinin həyata keçirilməsi, bu proseslərdə iştirak edən tərəflərin birgə fəaliyyətinin təşkili və koordinasiyası qarşımıza birbaşa vəzifə kimi qoyulub. Bundan əlavə, fəaliyyətimizi elə qururuq ki, kommersiya proseslərinin səmərəliliyi artsın və qarşıya qoyulmuş məqsədlərə nail olunsun. Səmərəliliyi təmin etmək üçün strukturlaşdırılmış Kommersiya departamentinin əməliyyatlarının optimallaşdırılması davam edir. Bu proses, əsasən, üç istiqamət üzrə aparılır: rəqabətqabiliyyətli yükdaşıma tariflərinin yaradılması, regional və qlobal bazarın geniş biznes təhlillərinin aparılması və bazar çağrışlarına operativ reaksiya verilməsi.

- Emil müəllim, ADY-nin yükdaşımaları üzrə ekspeditor fəaliyyəti göstərən törəmə şirkətləri də var. Bu şirkətlərin bazarda əsas rolu nədən ibarətdir?

- Bu fəaliyyət növü beynəlxalq təcrübədə geniş yayılıb. MDB məkanında və Avropanın bir çox ölkələrində dəmiryol administrasiyaları yüklərin daşınması üzrə ekspeditor fəaliyyətini törəmə şirkətləri və müəyyən şərtlərə cavab verən özəl agent-ekspeditorlar vasitəsilə həyata keçirir. Bir neçə nümunə göstərmək olar: “Rusiya Dəmir Yolları” ASC-nin törəmə şirkəti olan “RZD Logistics” SC, “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC-nin törəmə şirkəti olan “KTZ Express” SC, “Gürcüstan Dəmir Yolları” SC-nin törəmə şirkəti olan “GR Logistics and Terminals” MMC, “Estoniya Dəmir Yolları”nın (“Eesti Raudtee”) törəmə şirkəti olan “AS Operai”, “Latviya Dəmir Yolları” DSC-nin törəmə şirkəti olan “LDz Cargo” MMC ilə birlikdə bir çox özəl agent-ekspeditorlar ekspedisiya müqaviləsi əsasında fəaliyyət göstərir. Yükdaşımalarla bağlı ADY ilə həm törəmə, həm də özəl agent-ekspeditor şirkətləri vahid şərtlər, bərabər yanaşma və tariflər əsasında əməkdaşlıq edir. Bunun nəticəsidir ki, hazırda ADY-nin törəmə şirkətlərinin payı bazarda cəmi 32 faiz təşkil edir. Burada vacib bir məqama toxunmaq istərdim. İstənilən ekspeditorun protokol, endirim və digər güzəştlərlə bağlı müraciətinə baxıldıqdan sonra ekspeditora görə deyil, məhz marşrut və yük növü üzrə endirim təqdim olunur. ADY-nin yükdaşımalar sahəsində tarif siyasəti MDB-yə üzv ölkələrin dəmir yollarının beynəlxalq yük daşımaları üzrə tarif siyasəti əsasında müəyyən edilir. Onu da qeyd edim ki, ADY-nin törəmə şirkətləri zərurət yarandıqda bazarda “marketmeyker” funksiyasını da yerinə yetirir. Bununla da xidmətlərin son müştəriyə ADY-nin təqdim etdiyi tariflərdən fərqli, böyük marja ilə satılmasının, yəni süni qiymət (tarif) artımının qarşısı alınır. ADY-nin törəmə şirkətləri əvvəlcədən müəyyən edilmiş, bazar reallıqlarını əks etdirən və sonuncu müştəri üçün sərfəli olan qiymətləri stabil olaraq saxlaya bilir.

- Maraqlıdır, yeni yüklərin cəlb edilməsi üçün müştərilərə hansı təklif və ya imtiyazlar təqdim edirsiniz?

- ADY-də həyata keçirilən transformasiya layihəsi çərçivəsində yükdaşımalar üzrə ədalətli, rəqabətqabiliyyətli, maya dəyəri və alternativ nəqliyyat dəhlizləri nəzərə alınmaqla beynəlxalq məsləhətçi şirkəti ilə birgə Tarif Modeli hazırlanıb. Bu modelin dəstəyi ilə agent ekspeditorlar tərəfindən sonuncu istifadəçiyə (“end user”) tətbiq edilən tariflər monitorinq edilə bilir. Bundan başqa, yeni yük həcmlərinin cəlb edilməsi və mövcud yük həcminin qorunub saxlanılması üçün regionda və dünyada baş verən prosesləri yaxından izləyirik, müştərilər üçün sərfəli logistik xidmətlər hazırlayırıq. Ötən ilin əvvəlindən ADY-də qradasiya metodu ilə tarif tətbiqinə də başlanılıb. Bu tətbiq “daha çox yük, daha aşağı tarif” deməkdir. Ötən ilin yükdaşıma nəticələrindən də məlum olur ki, qeyd olunan qradasiya metodu ilə tarif tətbiqi praktiki və nəticəyönümlü yanaşmadır. Eyni zamanda, ADY beynəlxalq əməkdaşlığın güclənməsində maraqlıdır. Məlum olduğu kimi, Azərbaycanın geostrateji mövqeyi Şərq-Qərb daşımalarında xüsusi rola malikdir. Çindən Avropaya uzanan Şərq-Qərb dəhlizinin aktuallığının qorunması məqsədilə dəhliz ölkələrinin nümayəndələri tərəfindən işçi qrupu yaradılıb.

Orta Dəhlizlə istər idxal, istərsə də tranzit təyinatlı konteyner blok qatarları formalaşdıran Çinin ən böyük quru limanı olan Sian (“Xi'an Free Trade Port Construction and Operation”) ilə yüksək səviyyədə əməkdaşlıq edirik. Bu yaxınlarda Çinə səfər edərək bu ölkənin dəmir yolu administrasiyası və aparıcı dəmir yolu şirkətlərinin rəhbərləri ilə olduqca məhsuldar görüşlər keçirdik. Orta Dəhliz və modernizasiya olunmuş Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin geniş imkanlarının müzakirəsindən sonra Sian limanı ilə yanaşı, Çinin şərqdəki ən böyük limanlarından olan Liyanyunqanqdan iyundan etibarən yüklərin test rejimində göndərilməsinə başlanılıb. Növbəti mərhələdə qatarların sayının aylıq 10 qatara çatdırılması barədə razılaşmışıq. Liyanyunqanq limanından yalnız Çin mənşəli deyil, həm də Yaponiya və Koreya tədarükçülərinin məhsulları göndərilir, başqa sözlə, Orta Dəhlizdən istifadə coğrafiyası genişlənir.

Blok konteyner qatarlarının Şərq-Qərb dəhlizi üzrə Azərbaycandan tranzit keçməklə Avropa bazarlarına davamlı daşınmasının təşkili üçün Qərbdə də tərəfdaşlığımızı gücləndiririk. Bu məqsədlə iyun ayının əvvəlində Avstriyada işgüzar səfərdə olduq, bu ölkənin federal dəmir yolları və aparıcı nəqliyyat və logistika şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirdik. Avstriya şirkətləri BTQ dəmir yolu da daxil olmaqla Orta Dəhlizin imkanlarından istifadəyə böyük maraq göstərdilər, gələcəkdə yükdaşımalarda Orta Dəhlizə üstünlük verəcəklərini bildirdilər. Bu kimi görüşlər ADY-nin Orta Dəhlizi təkcə regional deyil, həm də qlobal nəqliyyat marşrutu kimi inkişaf etdirdiyini göstərir.

ADY üçün vacib olan daha bir dəhliz Şimal-Cənub nəqliyyat dəhlizidir. Rusiya və Belarusdan Hindistana qədər uzanan bu dəhlizin əsas iştirakçılardan biri də Azərbaycandır. 2017-ci ildən fəaliyyətdə olan bu dəhlizlə ötən il rekord həcmdə – 700 min ton yük daşınıb. Bu il üçün qarşıya qoyulan hədəf 1 milyon tondur. Ölkəmizin Şimal-Cənub dəhlizindəki mövqeyini daha da gücləndirmək üçün ADY bu yaxınlarda Astara rayonunda yenilənmiş yük terminalını istifadəyə verib. Bu terminal 2018-ci ildən İran Astarasında fəaliyyətdə olan terminalın yükaşırma gücünü daha da artırır. Nəticə olaraq qeyd edim ki, davam edən tikinti işlərinə baxmayaraq, bu ilin may ayında hər iki terminalda 88 min tondan çox yük aşırılıb. Bunun 83 min tonu İrandakı terminalın, yerdə qalan hissəsi isə bizim Astara rayonundakı terminalımızın payına düşür. Dəhlizlər üzrə aktiv fəaliyyətimiz ölkəmizin ali rəhbərliyi tərəfindən tranzit daşımalarla bağlı qarşıya qoyulan hədəflərə çatmağa hesablanıb. Cənab Prezident Azərbaycanın beynəlxalq səviyyədə nəqliyyat qovşağı kimi tanındığını qeyd edir və ADY olaraq biz bu qovşağın dəmir yolu hissəsinin sürətli inkişafını təmin edirik.

- Bütün bu görülən işlər statistikaya necə təsir göstərib?

- ADY-nin tranzit yükdaşımalarında son üç ilin göstəriciləri üzrə müsbət artım dinamikası müşahidə olunur. Cari ilin beş ayında 7,6 milyon tondan çox yük daşınıb ki, bunun 3,2 milyon tondan çoxu tranzit yüklərin payına düşür. Tranzit yükdaşımada ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz artım qeydə alınıb. Yeri gəlmişkən, maraqlı bir statistikanı sizinlə bölüşmək istərdim. Cari ilin yanvar-may ayları ərzində Çindən cəmi 74 blok qatar göndərilib. İndiyə qədər qəbul edilən 64 blok qatarın 40-da idxal, 24-də isə tranzit yüklər daşınıb. Hazırda 10 blok qatar Çindən Azərbaycan istiqamətində yoldadır.

- Qarşıdakı dövrdə ADY-nin kommersiya hədəfləri nədir?

- ADY-nin Strateji Sənədinə əsasən, 2030-cu ilə qədər qarşımıza bir sıra vacib tapşırıqlar qoyulub. Onların sırasında Şərq-Qərb və Şimal-Qərb dəhlizlərinə fokuslanaraq Çin-Türkiyə və Rusiya-Türkiyə ticarətindən daha çox yararlanmaq, ixrac və idxal əməliyyatlarında bazar mövqeyini saxlamaq, regional və qlobal tərəfdaşlıqları genişləndirmək, rəqabətədavamlı kommersiya əməliyyatları qurmaq və s. var. Eyni zamanda, BTQ dəmir yolu xətti və Orta Dəhlizlə əməliyyatların daha səmərəli olmasını təmin etmək üçün çalışırıq. Bunun üçün həm ölkə daxilində, həm də xaricdə müasir, inteqrə olunmuş və dayanıqlı şirkət brendinin formalaşdırılması istiqamətində zəruri addımlar atırıq. Beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Azərbaycanın 2030-cu ilə qədər 500 milyon tona yaxın yükdaşıma potensialı olduğunu nəzərə alsaq, qarşıda görüləsi işlər çoxdur və biz bütün çağırışlara cavab verməyə hazır olmalıyıq və hazırıq.
Xəbəri paylaş