Belarus Baş nazirinin müavini İqor Petrişenko ticarət-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclası zamanı deyib ki, Belarus Qarabağın dirçəlişinə öz konkret töhfəsini verəcək. Onun sözlərinə görə, əsas layihələrdən biri Ağdam rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı da daxil olmaqla inteqrasiya olunmuş müasir kənd təsərrüfatı şəhərciyinin, həmçinin fəhlələr və onların ailə üzvləri üçün mənzil və sosial obyektlərin yaradılması olacaq: “Biz bu əhatəli layihənin konsepsiyasını dövlət başçılarına təqdim etməyi planlaşdırırıq”.
Newscenter.az-ın xəbərinə görə, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib ki, 30 ildən artıq bir müddətdə işğal altında olmuş torpaqların minalardan təmizlənməsi, dağıdılmış infrastrukturun bərpası, yeni inzibati və yaşayış binalarının, sənaye müəssisələrinin inşası, tarixi, dini və mədəni abidələrin bərpası yalnız Azərbaycanın dövlət büdcəsi hesabına maliyyələşir:
“Əlbəttə, qardaş ölkələr olan Özbəkistanın, Qazaxıstanın vəsaitləri hesabına məktəblər və bəzi beynəlxalq təşkilatların mina təmizliyi işində cüzi istisnaları çıxmaq şərtilə. Əfsuslar olsun ki, müharibədən çıxmış ölkələr üçün dünya praktikasında geniş tətbiq olunan, bərpa işlərində donorların fəaliyyətini görmədik”.
Nəsib Məhəməliyevin sözlərinə görə, Belarus baş naziri müavininin Qarabağda geniş miqyaslı layihələrin icrası ilə bağlı səsləndirdiyi fikirlərin kökündə Azərbaycan və Belarus prezidentlərinin əldə etdikləri razılıq durur:
“Belarus sənaye və kənd təsərrüfatının inkişaf etdirilməsində geniş təcrübəyə malik ölkədir. Azərbaycanı bu ölkə ilə siyasi-iqtisadi-ticari-mədəni əlaqələr bağlayır. İkitərəfli münasibətlərimiz ən çətin sınaqlardan keçib. Ələlxüsus, 44 günlük müharibədə və ondan sonra ordumuz üçün hərbi təyinatlı xüsusi silahların alınmasında Belarus Respublikasının dəstəyi hiss olundu. Belarusun Azərbaycandan və yaxud əksinə, Azərbaycanın Belarusdan alacağı çox şey var. Təbii ki, əməkdaşlığımızda fayda var və müsbət qiymətləndirilməlidir”.(herbiand.az)