Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin səfəri Azərbaycan-Misir münasibətlərinin daha da möhkəmləndirilməsinə böyük töhfə verəcək

Prezidentin səfəri Azərbaycan-Misir münasibətlərinin daha da möhkəmləndirilməsinə böyük töhfə verəcək


Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri həm ikitərəfli, həm də beynəlxalq əlaqələrin genişlənməsində sözsüz ki, olduqca mühüm rol oynayır. Bu kontekstdə Prezident İlham Əliyevin iyunun 7-8 tarixlərində Misir Ərəb Respublikasına gerçəkləşdirdiyi səfəri də Azərbaycanın çoxşaxəli xarici siyasətinin tərkib hissəsi kimi dəyərləndirilməlidir. Bu səfər çərçivəsində Prezident İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə təkbətək və geniş tərkibdə görüşlər keçirdi, müzakirələr zamanı Azərbaycan ilə Misir arasında ikitərəfli siyasi əlaqələrin səviyyəsindən məmnunluq ifadə olundu, eləcə də ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirildi. Eyni zamanda, iki ölkə arasında bir sıra mühüm sənədlər imzalandı.
Prezidentin Misirə səfəri həm ikitərəfli əlaqələrin inkişafına, həm də bütövlükdə ərəb dünyası ilə münasibətlərin dərinləşməsinə mühüm töhfə verəcək. Misir-Azərbaycan münasibətlərində yeni səhifə açılacaq. Nəzərə alsaq ki, Misir ərəb-müsəlman aləminin açar ölkələrindən biri sayılır və ərəb ölkələri ilə etibarlı münasibətlərin qurulmasında Misirin mövqeyi mühüm rol oynayır, dövlətimizin başçısının bu ölkəyə rəsmi səfərinin həm ikitərəfli əməkdaşlığın genişləndirilməsinə, həm də İslam həmrəyliyinin güclənməsinə təkan verəcəyi şəksizdir.

Azərbaycan və Misir prezidentlərinin görüşü zamanı müzakirə olunan aktual məsələlərin spektrinin genişliyini də xüsusi olaraq qeyd etməliyik. Bu da Azərbaycan-Misir əlaqələrinin sürətlə inkişafının göstəricilərindən biridir. Misirlə iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi Azərbaycan üçün perspektivli istiqamətlərdən biri sayılır. Hazırkı səfərin nəticələri isə ilk növbədə energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində və digər sahələrdə yaxşı nəticələr əldə etməyə təkan verəcək. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsi və beynəlxalq yükdaşımalar üçün Azərbaycan ərazisində bütün lazımi infrastrukturun yaradılması isə bizim ölkəmizi də Misir üçün cəzbedici edir. Çünki Azərbaycanın bu imkanları əksər region ölkələri kimi Misir üçün də nəqliyyat-logistika sahəsində əməkdaşlıq baxımından çox gözəl imkanlar açır.
Həmçinin tərəflər arasında ticarət dövriyyəsinin artırılması üçün də böyük potensial mövcuddur. Bunu ən son statistik göstəricilər də təsdiqləyir. Belə ki, təkcə 2024-cü ilin yanvar-mart aylarında Azərbaycan və Misir arasında ticarət dövriyyəsinin həcmi 14.9 milyon dollar təşkil edib. Səfər çərçivəsində imzalanmış sənədlər, əldə edilmiş razılaşmalar isə heç şübhəsiz ki, sözügedən ticarət dövriyyəsini daha artıracaq. Hazırda Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misirin onlarla şirkəti fəaliyyət göstərir. Enerji sahəsində, turizm sahəsində də əməkdaşlığımız inkişaf edir, humanitar sahədə əlaqələrimiz yüksək səviyyədədir, iki ölkə arasında bir sıra mühüm sosial layihələr həyata keçirilir. Tərəflər arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi, ümumən, digər sahələrdə də işbirliyimizin gücləndirilməsi üçün əlavə stimul olacaq.

Misir ərəb dünyasının liderlərindən biri kimi Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələr sırasında yer alır. Ermənistanın işğalçılıq siyasətinin davam etdiyi 30 il ərzində Misir daim Azərbaycanın yanında olduğunu bəyan edib və ərazi bütövlüyümüzü dəstəkləyib. Ən önəmli məqamlardan biri də budur ki, demək olar ki, bütün beynəlxalq məsələlərdə Bakı ilə Qahirənin mövqeyi üst-üstə düşür. Bu müsbət məqamı Prezident İlham Əliyev də iyunun 8-də Qahirədə mətbuata verdiyi bəyanatında xüsusi olaraq vurğuladı. Eyni zamanda qeyd olundu ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edirlər. İstər BMT müstəvisində, istərsə də Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycan və Misirin sıx əməkdaşlıq münasibətləri mövcuddur. Dövlətimizin başçısı bildirdi ki, Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik edib və bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlar əldə edib.

Misir dövləti həmçinin Azərbaycan ilə Ərəb Dövlətləri Liqası (ƏDQ) arasında əlaqələrin inkişafını da daim dəstəkləyir. Başqa sözlə desək, Misir bu gün Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında körpü rolunu oynayır. Bu da İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səyləri artırmağa imkan verir. Azərbaycan və Misir İslam həmrəyliyinin bayraqdarları rolunda çıxış edirlər. İyunun 8-də Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin mətbuata bəyanatları zamanı səsləndirilən fikirlər də bu iki müsəlman ölkəsinin dostluq və həmrəyliyinin möhkəm təməllərə söykəndiyini göstərir. Belə ki, Misir Prezidenti mətbuata birgə bəyanat zamanı qeyd etdi ki, onun ölkəsi Azərbaycanın Cənubi Qafqazda sülh səylərini dəstəkləyir. Azərbaycan Prezidenti isə qeyd etdi ki, ölkələrimiz arasında siyasi dialoq müntəzəm xarakter daşıyır və bu dialoq bundan sonra da davam etdiriləcək. İslam həmrəyliyinin daha bir nümunəsi kimi səfər çərçivəsində Azərbaycan və Misir rəhbərlərinin İsrail-Fələstin münaqişəsinin BMT qətnamələri əsasında həllinin vacibliyini qeyd etmələrini göstərmək olar. Liderlər görüş zamanı həmçinin Qəzzaya humanitar yardımların həcminin artırılmasını da müzakirə ediblər. Aparılan müzakirələr rəsmi Bakı və Qahirənin İslam dünyasını narahat edən məsələlərə xüsusi diqqətlə yanaşdığını göstərir.

Bütövlükdə isə nəticələr onu deməyə əsas verir ki, bu səfər Azərbaycan-Misir münasibətlərinin daha da möhkəmləndirilməsinə və əməkdaşlığımızın səmərəliliyinin artırılmasına böyük töhfə verəcək. İki ölkə arasında strateji münasibətlərin istiqamətlərinin müəyyənləşdirildiyi bu səfərdən sonra Azərbaycan ilə Misir arasında dostluq və müttəfiqlik dönməz xarakter alacaq. Azərbaycan-Misir münasibətləri bütün müsəlman ölkələri üçün müsbət örnək rolunu oynaya bilər.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş