Ermənistan və Azərbaycan arasında sülh sazişinə yaxınlaşma və delimitasiyada nəticə əsaslı addımların atılması bəzi kənar gücləri, ələxsus da Fransanı narahat etməkdədir. Rəsmi Paris hansı cəhdlə olur-olsun sülh sazişinin imzalanmasına mane olmağa, bölgədə yeni müharibə fəalkətlərinə çalışır.
Fransanın Ermənistana borc müqabilində öldürücü yeni silahlar satmaq niyyəti də bu militarizasiya siyasətindən xəbər verir.
Üstəlik bir qrup fransız siyasətçisinin Fransa prezidentinə müraciət edərək Ermənistana qoşun göndərməyə dair çağırışı birbaşa faşizm davranışı, neonasist çağırışdır.
Əlbəttə, Parisin bu siyasətinin kökündə Cənubi Qafqaza daxil olmaq, Ermənistanın timsalında bölgədə öz siyasi maraqlarını təmin etmək dayanır. Bütün hallarda bu geosiyasi ritorika İrəvandan siyasi alət kimi Türk Birliyinə qarşı istifadə etmək niyyəti güdür və bu, Ermənistanın özünün ortamüddətli və gələcək strateji dövlət maraqları üçün təhlükəlidir.
Əslində bunu Ermənistanın baş naziri Nikol Paşinyan da yaxşı anlayır. O, Qərbin dəstəyi ilə ölkədəki mühafizəkar koalisiyanın, kilsə, xarici diaspora və revanşistlərin radikal niyyətlərinin arzuolunmaz nəticəyə gətirib çıxaracağını çox gözəl bilir və kifayət qədər təmkinli olmağa çalışır.
Paşinyan iradəli təsir bağışlayır və son gedişləri ilə faktiki olaraq anti-Türk blokunun dayağı olan qüvvələri, o cümlədən Fransanı da pat edir. Onun 2026-cı ilin 30 dekabr tarixinə qədər Ermənistanın yeni Konstitusiya layihəsinin hazırlanması və təsdiq etmək barədə tapşırığı da məhz Azərbaycan və Türkiyənin maraqlarına xidmət edir.
Məlumdur ki, hazırkı Konstitusiyada Azərbaycana və Türkiyəyə qarşı ərazi və digər iddialar yer alıb və bu sülh sazişi üçün də maneə törədir.
Azərbaycan israrla İrəvandan Konstitusiya islahatları aparmağı tələb edib. Cənab Prezident İlham Əliyev bir neçə gün öncə TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən, Ermənistana Konstitusiyasını dəyişdirməyi tövsiyə etdi, bu olmadığı halda sülh sazişinin imzalanmayacağını xatırlatdı.
İyunun 18-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Nikol Paşinyanla telefon danışığı zamanı bölgədəki vəziyyət müzakirə edərkən münasibətlərin ilkin şərt olmadan tam şəkildə normallaşmasının mümkünlüyünü diqqətə çatdırdı.
Paşinyana siyasi iradəyə malik olduğunu xatırladan Cənab Ərdoğanın mesajının altında təbii ki, kənar güclərin, o cümlədən Fransanın təxribatçı və pozucu təsirlərinə düşməmək məsləhəti vardı. Sözsüz ki, Türkiyə və Ermənistan arasında normallaşma Azərbaycanla imzalanacaq sülhdən asılıdır və Ermənistanın baş nazirinə bu mesaj da ötürüldü.
Beləliklə, Paşinyan Cənab İlham Əliyevin və R.T.Ərdoğanın son tövsiyələrindən sonra Ermənistanın yeni Konstitusiya layihəsinin hazırlanmasına qərar verməklə ölkəsinin gələcək rifahı və təhülkəsizliyi üçün də təminat almış olur.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor