Dünyada baş verən proseslər Cənubi Qafqaz dövlətlərinə təsirsiz deyildir. SSRİ-nin süqutu ilə soyuq müharibənin bitdiyini düşünmək sadəlövhlük olardı. SSRİ-nin ideya-siyasi varisliyini öz üzərinə götürən Rusiya ilə ABŞ başda olmaqla Qərb koalisiyası arasında mübarizə davam etməkdədir. Diplomatiya siyasi vasitə olaraq meydandan sıxışdırılıb, Beynəlxalq qurumlar etimadsızlaşıb, meydanda silah aparıcı gücə çevrilib.
Müstəqillik yolundan Azərbaycan kifayət qədər mürəkkəb yol qət etmişdir. İndiki durumumuz qənaətbəxşdir. Suverenliyimiz fiziki olaraq tam təmin olunub. Erməni separatizminin kökünü kəsmişik. Üzərimizə gələn qüvvələr ədalətsiz olduqları üçün layiq olduqları cavabı almaqdadır. Daxili siyasətimizdə sosial və humanitar sahədə, demokratiyaya keçidlə bağlı problemlər qalmaqdadır. Bunlara baxmayaraq, Azərbaycan geopolitik mənzərənin bəlirlənməsində əsas söz sahibidir.
Azərbaycan-Türkiyə münasibətləri rəsmi olmasa da, konfederativ əsasda tənzimlənən münasibətdən ciddiliyi ilə fərqlənmir. Bu amil Azərbaycan-Türkiyə mərkəzli yeni güc mərkəzinə işarədir. Türk Dövlətlər Təəşkilatı sağlam gələcək vəd edən, dünya çapında ədalətin bərpasına iddialı olan yeni güc mərkəzinin nüvəsidir.
Azərbaycan son 30 ildə ən güclü dönəmini yaşamaqdadır.
Ermənistanla-Azərbaycan arasında sülh sazişi istiqamətində çalışmalarda Azərbaycan ədalətli və iddialı tərəfdir. Dünyanın gözlədiyi sülh sazişinin üçüncü iddialı tərəfin müdaxiləsi olmadan baş tutacağına inananlardanım.
SSRİ-nin dağılması ərəfəsində Moskva tərəfindən Gürcüstanın etnik separatçılıq burulğanında məhv edilməsi ssenarisinin baş tutmamasında Azərbaycanın əməyi hər zaman xatırlanmalıdır. Nəzəri cəhətdən Moskvanın hazırladığı Borçalı, Cavaxetiya, Acarıstan ssenarilərinin reallaşmasının hansı fəsadlar verə biləcəyini təsəvvür etmək üçün böyük olmağa ehtiyac yoxdur.
“Borçalı” Mədəni Maarif Təşkilatı məhz həmi ərəfədə şair Abbas Abdullanın rəhbərliyində mövcud zərurətlərdən yaradıldı. Moskvanın Borçalı təxribatının qarşısının alınmasında Borçalı türkləri bütün aqressiylara rəğmən türk kimliyinə yaraşanı etdilər. AXC-Borçalı birliyi təxribatları önləyən ən ciddi vasitə oldu. Gürcüstanda bu tarixi ehtiramla xatırlayanlar olsa da, hələ də köhnə ətalətlə yaşayanlar da vardır. 2009-cu ildən vüsət alan “Borçalı” Cəmiyyətinin timsalında Borçalı hərəkatı tarixi bir missiyanı yerinə yetirə bildi. Daxildə bütün basqılara rəğmən Borçalı Türklərinin Gürcüstan üçün təhlükə mənbəyi olmadığını dərk edənlərin sayı müqayisə olunmaz dərəcədə artmışdır. Böyük qayıdışın təməli qoyulmuşdur.
Bir zamanlar təkidlə Azərbaycan, Gürcüstan və Türkiyə bayraqlarının “güc birlikdədir” şüarı ilə başımızın üzərində dalğalandıranda ağız büzənlər həqiqət qarşısında acizdirlər. Bu üç dövlətin arasında münasibətlər artıq strateji müttəfiqlik səviyyəsindədir. İqtisadi, humanitar, siyasi və təhlükəsizlik sahəsində ciddi saziş və müqavilələr üç dövləti əbədi müttəfiq müstəvisinə qaldırıb.
Üç dövlətin arasında əsas tarazlıq mərkəzlərindən biri Borçalı türkləridir. Borçalı türkləri öz fəaliyyətləri ilə Gürcüstana əsas dayaqlardan biri olduqlarını əməli şəkildə təsdiqləmişlər. Borçalı Türklərinin varlığını və mahiyyəıtini Türkiyə siyasi sistemi və ictimaiyyəti də qəbul etməkdədir. Borçalı türkləri üç dövlət arasında uzlaşma məkanı olmaqla, toxunulmazlıq haqqı qazanmışlar. Prosesləri geriyə, daha aqressiv bir mərhələyə qayıtması mümkünsüzdür. Etnik və dini separatizmi körükləyən mərkəzlərin iflası da bir tutarlı faktdır.
Azərbaycan dünya çapında etnik separatçılığın kökünü kəsən tək dövlətdir. Gürcüstanda etnik separatçılardan əziyyət çəkən Abxaziya və Cənubi Osetiya Rusiyanın himayəsi ilə faktik Gürcüstanın tabeçiliyindən çıxarılmışdır. Azərbaycanın separatizmi dəstəkləyən Rusiya ilə bu problemi həll etmək təcrübəsi Gürcüstanın ərazi bütövlüyünü təminində həlledici rol oynaya bilər.Təbii ki, burada Türkiyə faktoru da həlledici təsirə malikdir.
Gürcüstanda son zamanlar baş verən Avropa institutları ilə qarşıdurmanı təsadüfi hesab etmək olmaz. Burada Türkiyə-Azərbaycan və Gürcüstan arasında anlaşma aramaq imkanları az deyildir.
Geopolitik durum həm regionu dünya çapında baş verən katoklizmlərdən qorumaq, həm də fürsətləri doğru dəyərləndirərək mövcud milli problemləri həll etməyi diktə edir. Türkiyə-Azərbayca-Gürcüstan yaxınlaşması bu baxımdan unikal birlik formuludur.
“Borçalı” Cəmiyyəti yadların aparıcı olduğu zamanların zəruri nəticəsi idi. Xüsusilə 2009-cu ildən təşəbbüsü ələ alaraq həm Gürcüstanı inandırmağa çalışdıq ki, Borçalı türkləri birləşdirici, uzlaşdırıcı, dövlətçi toplumdur. Onun üçün yaradılmış problemlər masa üzərinə daşındı. Açıq danışmağa hər iki tərəf hazır olduğunu zaman-zaman ortaya qoydular. Yenə aralıq məkan olaraq etimada etibar etməyən indiki Gürcüstan iqtidarı barış və sülh, etimad carçısı olan “Borçalı” Cəmiyyətinə və sədr olaraq mənə qarşı adekvat olmayan aqressiv, eqoist qərarlar qəbul etdilər. Elat bayramı Dmanisobaya çevrildi və mən isə 10 illik sürgünə məruz qaldım. Əl - ayağımıza dolaşan milli kadrlarımız quduz bir davranışla düşmən dəyirmanına su tökməkdən məmnun oldular. Zaman hamısını iflas etdi. Gürcüstanın indiki iqtidarı 10 il bundan əvvəlki xətalarını düzəltmək zorunda qaldı. Təbii ki, burada separatizmi məhv edən, suverenliyi təmin olunmuş Azərbaycan, onun Prezidenti İlham Əliyevin siyasi iradəsi mühüm rol oynadı.
Artık son 10 ildə regonda münasibətləır sistemi yenilənməkdədir. Gürcüstanın Borçalı türklərinin, Azərbaycanın isə vətəndaş olan gürcülərin varlığına daha həssas yanaşması zəruri tələbatdır. Gürcüstan səfərimdə bu istiqamətdə pozitiv yeniliklər məni daha da ümidləndirdi. Artıq cəsarətlə demək imkanımız var ki, Borçalı probleimi dediyimiz tarixin arxivindədir və onun yenidən siyasi gündəmə gəlmək imkanları yoxdur.
Qeyd etməliyəm ki, Gürcüstanda yetkin ictimai-siyasi xadimləri olan mühit yetişmişdir. Təşkilatlanırlar. Bir zamanlar bizim Bakıdan qaldırdığımız problemlırin həlli üçün Borçalı türkləri Gürcüstan vətəndaşı olaraq bu problemlərə əl qoymuşlar və uğurlar da mövcuddur. Fikrimcə, “Borçalı” Cəmiyyəti tarixi missiyasını yerinə yetirmiş hesab edilməli, format və hədəf dəyişməlidir.
Zəlimxan Məmmədli