"Ermənistanda daxili gərginliklərin yaşanmasına və bəzi qüvvələrin müharibə çağırışlarına baxmayaraq, ümumilikdə erməni cəmiyyətində sülh və sabitlik, dinc əmin-amanlıq ritorikası daha çox müşahidə edilməkdədir".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi elmlər doktoru, professor Vaqif Abdullayev səsləndirib. Onun sözlərinə görə, hakimiyyət təmsilçiləri, xüsusilə də Ermənistan XİN rəhbəri və Təhlükəsizlik Şurasının katibin Azərbaycana qarşı iftira cəhdlərinə, eləcə də militarizasiya çağırışlarına yenə də rast gəlirik. Ancaq ümumilikdə, sülh təşəbbüskarlığı daha ön planda olmaqla ümidverici situasiya yaradır:
"Sözsüz ki, erməni cəmiyyətində dəyişikliyin baş verməsində yeni siyasi şüurun, ictimai təfəkkürün daşıyıcısı olan Nikol Paşinyanın xidmətləri istisnadır.
Paşinyan əslində erməni xalqının yüzillərdir ki, mənəvi-ideoloji və ictimai inancını qazanaraq onları mənəvi əsarətə almış Kilsənin və diasporanın beyinlərə yeritdiyi zəhərli ideologiyanı zərərsizləşdirməklə, daha faydalı işlə məşğuldur".
Vaqif Abdullayev qeyd edib ki, onun sülhpərvər və konservativ baxışları, müasir düşüncəli siyasətçi kimi siyasi keyfiyyət meyarları öz xalqını təfəkkürünü təmizləməyə yönəlib:
"Bu baxımdan Paşinyan siyasi ruhu və ideoloji konsepti ilə Kilsə xadimlərindən, Qaregindən Tanrıya daha yaxındır.
Paşinyan bu cəsarəti və dönməz iradəsi, siyasi zehni və regional yanaşma dəsti-xətti ilə Ermənistanın son 100 illik geosiyasi həyatına daxil olmuş yeganə ictimai xadim hesasb edilə bilər.
O, Tanrının erməni xalqına son əsrlərin göndərdiyi ən layiqli şəxs və xilaskardır.
N.Paşinyan erməni cəmiyyətinin firavan sabahının qarantıdır, ölkəsində ziyanlı steorotipə çevrilmiş Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları zehniyyətini pozaraq xalqı və dövlət institunu müasir birgəyaşayış düşüncəsinə kökləyir, müharibə torpaq iddialarından yorulmuş və iprənmiş xalqı öz azad seçiminə buraxmaq istəyir".
Vaqif Abdullayev daha sonra deyib:
"O, səmimiyyətlə etiraf edir ki, erməni cəmiyyəti çox yorulub, döyüşmək, əziyyət çəkmək və özünü qurban vermək istəmir. Bununla korrupsioner, bürokrat elitaya və lobbiçilərə, Kilsə-diaspor nomenklaturasına xalqın taleyi ilə alver etməmək mesayını ünvanlayır. Öz zəngin həyatını qurmuş, müharibə fəlakətlərini öz firavan həyatında heç vaxt hiss etməmiş elitanı ehtiyac içərisində böyüyən ailə və uşaqların xoşbəxt yaşamalarının qarşısını kəsməməyi tələb edir.
Bu, onun baş nazirdən daha çox ümummilli olması, siyasi ömrünü xalqın taleyinə sərf etmək missiyasını göstərir. Əlbəttə, Paşinyan öz siyasi karyerasını davam etdirmək istəyir, ancaq, etiraf edək ki, o, dövlət postunu itirməkdən çox da narahat deyil, onun əsil narahatçılığı ölkənin yenidən dağıdıcı klanının əlinə keçməsidir.
Paşinyanın “biz bu həssas dövrdə dövlətçiliyimizi, suverenliyimizi və müstəqilliyimizi qoruyub saxlaya bilsək, o zaman növbəti onilliklərdə Ermənistan Respublikasının müstəqil dövlət kimi mövcudluğunu davam etdirə biləcəyik” fikri də məhz yeni dövlətçilik şüurunun estetik nümayişidir.
Ermənistanın baş naziri erməni xalqının qonşu regiona inteqrasiyası üçün cığır açmaqla onların əsil firavan həyatını təməlini qoymağa çalışır. Onun yeni Konstitusiya layihəsinin hazırlanması barədə qərarı da Ermənistanın son 100 illik ekstremist mahiyyətini dəyişməyə, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına son qoymağa, qondarma soyqırım siyasətini dəfn etməyə və anti-Türk , Azərbaycanfobiyanın siyasi- ideolojinin darmadağın edilməsinə yönəlməklə həqiqi qonşuluq və dostluğa əl uzadan, bərabərhüquqlu münasibətlər qurmağa can atan böyük siyasi iradədir.
Zənnimcə, erməni xalqı öz meydanlarında Andranikə, Nijdeyə yox, onları əsrlərin fəlakətindən xilas etməyə çalışan Nikol Paşinyana abidə qoymalıdır".
Anar Əliyev