Vətəndaşların əmək hüquqlarının pozulmasına görə Azərbaycan qanunvericiliyində inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.
Əvvəla qeyd edək ki, bu kimi kobud pozuntular işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi üçün əsas hesab edilir. Buna baxmayaraq işəgötürən həmin əsasla əmək müqaviləsinə xitam verdikdə belə bu pozuntunun onun iş prosesinə zərərini təsdiq etmək öhdəliyi daşıyır. Qanunvericiliyə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduğuna görə işçinin əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə
– müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun
– və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
Göründüyü kimi heç də işəgötürən hər bir halda işçinin əmək vəzifələrini kobud pozuntusu halına istinad edərək əmək müqaviləsinə xitam verə bilməz.
Əmək vəzifələrinin kobud şəkildə pozulması hallarına aiddir:
– özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;
Göründüyü kimi bu əsas özündə işçinin bütün iş gününün müəyyən edilməsini tələb edir. İşçinin bütün iş günü, daha dəqiq desək tam iş günü əmək müqaviləsi ilə müəyyən edilməlidir. Həmçinin işçinin tam iş günü üzrlü səbəb (əmək müqaviləsi, kollektiv müqavilə, müəssisədaxili qaydalar və ya kollektiv sazişlə müəyyən edilir) halında işdə olmaması kobud pozuntuya aid edilmir.
– alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması;
Qeyd edək ki, bu nüans mütləq qaydada təsdiqini tapmalıdır. Həm aktlaşdırılmalı, həm də mümkün olduğu halda işçinin alkoqol müayinəsindən keçməsi ilə bu hal öz təsdiqini tapa bilər.
– təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;
Mülkiyyətçi anlayışına istinadən qeyd edə bilərik ki, işçi işəgötürənin mülkiyyətində olan əmlaka, təqsirli anlayışına görə isə qəsdən və ya ehtiyatsızlıqdan zərər vurduqda bu hal kobud ehtiyatsızlıq hesab ediləcək.
– təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması;
– qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi;
Bu əsas sırf əmək müqaviləsi üzrə vəzifələrindən irəli gələrək müvafiq sirri saxlamağa görə öhdəlik daşıyan işçilərə şamil edilir.
– əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;
Bu halda işəgötürənin qanuni mənafeyinə gətirilən ciddi xələl mütləq qaydada sübut olunmalıdır.
– əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;
Bu halda işçiyə ilkin intizam tənbehinin qanunvericiliyin tələblərinə riayət edilməklə verilməsinə diqqət yetirilməlidir.
– iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
Göründüyü kimi heç də hər bir halda işçinin kobud pozuntulara görə əmək müqaviləsinə xitam verilə bilməz.
Əmək hüquqlarının pozulmasına görə məsuliyyət
İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyət
Məcəllənin 192.1-ci maddəsində göstərilib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə
- fiziki şəxslər min manatdan iki min manatadək;
- vəzifəli şəxslər üç min manatdan beş min manatadək;
- hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
İnzibati Xətalar Məcəlləsinin 192.2-ci maddəsinə əsasən, işəgötürən tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə veddi yüz manatdan min iki yüz manatadək məbləğdə cərimə edilir.
Məcəllənin 192.3-cü maddəsində göstərilib ki, işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində göstərilib ki, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görəvəzifəli şəxslər 700 manatdan 1.500 manatadək məbləğdə cərimə edilir.
Məcəllənin 192.5-cü maddəsinə əsasən, işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə vəzifəli şəxslər 1.500 manatdan 2.000 manatadək məbləğdə cərimə edilir.
Məcəllənin 192.6-cı maddəsində göstərilib ki, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər 1.500manatdan 2.000 manatadək məbləğdə cərimə edilir.
İnzibati Xətalar Məcəlləsinin 192.7-ci maddəsinə əsasən, işəgötürən tərəfindən əmək qanunvericiliyində müəyyən edilmiş müddətdə işçiyə əmək kitabçasının açılmamasına görə vəzifəli şəxslər 500 manatdan 1.000manatadək məbləğdə cərimə edilir.
Məcəllənin 192.8-ci maddəsində göstərilib ki, işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər 1.000 manatdan 1.500 manatadək məbləğdə, hüquqi şəxslər 3.000 manatdan, 5.000 manatadək məbləğdə cərimə edilir..
Məcəllənin 192.9-cü maddəsinə əsasən, işəgötürən tərəfindən uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə vəzifəli şəxslər 3.000 manatdan 4.000 manatadək məbləğdə, hüquqi şəxslər 10.000 manatdan 13.000 manatadək məbləğdə cərimə edilir.
Məcəllənin 192.10-cü maddəsində isə göstərilib ki, insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxsləri, işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, insan immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən imtinaya və ya həmin səbəbdən onları işdən azad etməyə görəvəzifəli şəxslər 1.500 manatdan 2.000 manatadək məbləğdə çərimə edilir.
İnzibati Xətalar Məcəlləsinin 192.11-ci maddəsinə əsasən, şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə onunla əmək müqaviləsi bağlamaqdan imtina edilməsinə və ya əmək müqaviləsinə xitam verilməsinə (işəgötürənin müvafiq işi (vəzifəsi) əsas olmadığı, həmçinin belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina edilən hallar istisna olmaqla) görə vəzifəli şəxslər 1.500 manatdan 2.000 manatadək məbləğdə cərimə edilir.
Məcəllənin 192.12-ci maddəsində isə göstərilib ki, qanunla pedaqofi fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə vəzifəli şəxslər 3.000 manat məbləğində cərimə edilir.
İnzibatı Xətalar Məcəlləsının 17-cı maddəsinə əsasən, İnzibati Xətalar Məcəlləsinin müddəalarına əsasən vəzifəli şəxs dedikdə, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə üyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət taşkilatlarında, idarə və müəssisələrində, ocümlədən publik hüquqi şəxslərdə təşkilat -sərancamverict və ya in/ibati təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər nəzərdə tutulur.
Cavid
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Əmək hüquqları üzrə maarifləndirmə” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir