"Azərbaycanla Ermənistanın nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsindən çıxarılmasına razılaşdığı barədə məlumatı erməni ekspertləri və ermənipərəst yutuberlər, blogerlər hələ də öz dar düşüncələrindən, məkrli mövqelərindən çıxış edərək interpretasiya etməyə və bunu guya Azərbaycanın Zəngəzur dəhlizindən imtinası kimi qələmə verməyə davam edirlər. Lakin əsl həqiqətdə isə bu cür iddialar tamamilə əsassız və qərəzlidir".
Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov tərəflərin Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən marşrut da (Zəngəzur dəhlizi) daxil olmaqla nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsi layihəsindən çıxarılması barədə razılığa gəldiyini, bu məsələnin sonrakı mərhələdə həll olunması barədə razılıq əldə olunduğunu bildirib. Ermənistan tərəfi də bu xəbəri təsdiqləyib:
"Lakin Bakı ilə İrəvan arasındakı bu razılaşmanın birmənalı qarşılanmaması anlaşılan deyil. Hərçənd ki, Bakı ilə İrəvan arasındakı razılığa görə bu məsələ daha sonra həll olunacaq. Bu, kifayət qədər aydın bir açıqlamadır. Ancaq suyu bulandırmağa çalışan, Bakı ilə İrəvanı ikitərəfli razılaşmalardan çəkindirməyə səy göstərən bəzi qüvvələr bu son razılaşmanı qəsdən Zəngəzur dəhlizi məsələsinin gündəmdən həmişəlik olaraq çıxması kimi təqdim edirlər.
Məsələlərə obyektiv yanaşan analitiklər isə təsdiqləyir ki, mövcud sülh müqaviləsi layihəsindən regional nəqliyyat kommunikasiyalarına dair maddənin çıxarılması barədə tərəflərin gəldiyi razılıq Zəngəzur dəhlizi məsələsinin danışıqlar gündəmindən çıxarılması demək deyil. Əksinə, bu, prosesə daha praqmatik yanaşmanın göstəricisidir. Bakı və İrəvanın bu razılaşması hər iki tərəfin sülh prosesini davam etdirməkdə və real nəticələr əldə etməkdə maraqlı olduğunun təsdiqidir. Sözügedən razılaşma sülh prosesini daha da sürətləndirə bilər. Bu baxımdan biz Azərbaycanın Zəngəzur dəhlizi məsələsinin həllini müvəqqəti olaraq ertələməsini düzgün hesablanmış taktiki addım kimi dəyərləndirməliyik".
Komitə sədrinin sözlərinə görə, çünki rəsmi Bakı yaxşı bilir ki, bütün əsas logistik marşrutlar sonda onsuz da Azərbaycandan keçəcək və Zəngəzur dəhlizi də tez ya gec açılacaq:
"Ona görə də Bakı bu mərhələdə böyük güclərin Zəngəzur dəhlizi ətrafında toqquşmalarının, çəkişmələrinin iştirakçısı yox, seyrçisi olmaq qərarına gəlib. Və bu da hazırkı məqamda ən optimal mövqedir. Bu, bir daha onu göstərir ki, Bakı həlledici məqamlarda çevik və rasional qərarlar qəbul etməyi bacarır. Azərbaycan üçün önəmli olan prosesin özü yox, nəticələr önəmlidir. Proseslər isə onu göstərir ki, Azərbaycan və Ermənistan arasında çox yaxında sülh müqaviləsi imzalana bilər. Sonrakı mərhələdə isə inşAllah Zəngəzur dəhlizinin açılmasına şahidlik edəcəyik".
Süleyman