Avqust ayının 9-da Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fəxri qonaq qismində iştirak etmişdir. Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir.
Görüşdə çıxış edən İlham Əliyevin son iki ildə Mərkəzi Asiya ölkələrinə 16 səfər etməsi, bu regionun dost və qardaş ölkələrinin liderlərinin Azərbaycana 15 dəfə səfər etmələri ilə bağlı fikirləri də diqqətçəkən məqam oldu. Ümumilikdə götürdükdə qarşılıqlı 31 səfər ilk növbədə, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əmakdaşlığa, münasibətlərin inkişafına verdiyi önəmin göstəricisidir. Əlbəttə ki, bu səfərlər zamanı aparılan danışıqlar, imzalanan sənədlər, əldə olunan razılaşmalar müxtəlif istiqamətlərdə əlaqələrin daha da şaxələnməsi üçün real zəmin yaradır. Ən önəmlisi isə odur ki, bu gün Azərbaycan imkanlarını daha da genişləndirərək Avropa ilə Asiya arasında etibarlı tranzit habına çevrilməkdədir. Yəni Mərkəzi Asiya dövlətləri üçün Azərbaycan Şərq-Qərb marşrutu üzrə etibarlı tranzit ölkədir. Ümumiyyətlə, Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın əməkdaşlığı dərinləşdikcə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta dəhlizin) əhəmiyyəti bir qədər də artacaq. Çünki bu gün Asiyadan Avropaya və ya əksinə işləyən marşrutların ən qısa yolu Azərbaycandan keçir. Ölkəmiz isə bu inkanlarını daha da genişləndirməklə dəhlizin cəlbediciliyini artırır. Bu imkanları İlham Əliyev Qazaxıstan görüşündə bir daha Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşündə diqqətə çatdırıb. Prezident deyib ki, qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta dəhlizin praktiki cəhətdən önəmini daha da artırır.İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq kimi iştirakı, çıxış edərək təkliflər səsləndirməsi də bir daha göstərdi ki, Azərbaycanın Avrasiya məkanında mövqeyi getdikcə möhkəmlənir. Bu həm də dövlət başçısının şəxsi nüfuzunun, ölkəmizin beynəlxalq aləmdə sülhün və təhlükəsizliyin təmin edilməsinə, əməkdaşlığın genişlənməsinə verdiyi töhfələrinə yüksək qiymətin bariz nümunəsidir.
Prezident İlham Əliyev Azərbaycanın noyabr ayında evsahibliyi edəcəyi möhtəşəm beynəlxalq konfransa - COP29-a hazırlıqlar barədə məlumat verərək təklif də səsləndirdi. Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır.
Ərşad Hüseynov,
Zəhmət kənd Folklor evi mədəni təşkilatçı – YAP fəal gənci